Bakı, 15 dekabr, Rabil Kətanov, AZƏRTAC
Dünya bazarında neftin qiyməti əksər hallarda baş verən geosiyasi proseslərin təsiri altında formalaşır. Şübhəsiz ki, bazarda qiymətləri dəyişməz olaraq tələb və təklif qanunu müəyyən edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, qlobal xarakterli siyasi qərarlar və bu qərarların doğurduğu hadisələr tələb və təklifin artmasına və ya azalmasına birbaşa təsir göstərir.
ABŞ Enerji Nazirliyinin nəzdində fəaliyyət göstərən Enerji İnformasiyalarının İdarəedilməsi Mərkəzinin (EIA) proqnozuna görə, dekabr ayının son ongünlüyündə dünya bazarında əlavə olaraq 200 min barel neftə ehtiyac yaranacaq. Bu amil qiymətlərin qısamüddətli dövrdə müəyyən qədər yüksəlməsinə səbəb ola bilər. Lakin 2026-cı ilin birinci rübündə bazara 140 min barel əlavə xam neftin daxil olacağı gözlənilir ki, bu da qiymətlərin yenidən tənzimlənməsinə gətirib çıxaracaq.
OPEC-in proqnozlarına əsasən, 2026-cı ilin birinci yarısında bazarda 50 min barel, sentyabr ayında isə 700 min barel həcmində neft profiçiti formalaşacaq. Bu isə “Brent” markalı neftin bir barelinin qiymətinin 63 ABŞ dollarından enərək 54-56 dollar diapazonunda qərarlaşacağını deməyə əsas verir.
Beynəlxalq Enerji Agentliyinin analitikləri də 2026-cı ilin ilk ongünlüklərində neftin qiymətinin 53-55 dollar səviyyəsində olacağını bildirirlər. Bu göstəricilər ümumi tendensiyada neft qiymətlərinin enən xətt üzrə hərəkət etdiyini təsdiqləyir. Qlobal miqyasda qiymətlərin aşağı düşməsinin əsas səbəblərindən biri ölkələrin alternativ enerji sistemlərinə sürətlə transformasiya etməsidir.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına görə, son 20 ildə alternativ enerji istehsalına yönəldilən investisiyaların həcmi 33 milyard dollardan 300 milyard dollara yüksəlib. Avropa İttifaqında enerji tələbatının təxminən 40 faizi artıq alternativ enerji mənbələri hesabına ödənilir. ABŞ, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya 2050-ci ilədək tam keçidi təmin etməyi və karbon emissiyasını sıfıra endirməyi planlaşdırır. Çin isə alternativ enerji istehsalına yatırdığı sərmayələrin həcminə və tikilən stansiyaların sayına görə dünyada lider mövqedə olsa da, bu transformasiyanı 2060-cı ilə qədər yekunlaşdırmağı qarşısına məqsəd qoyub.
Təbii və coğrafi mövqe, əhalinin sayı və ərazi xüsusiyyətləri müxtəlif ölkələrdə enerji keçidinin fərqli vaxtlarda baş verməsinə səbəb olur. Məsələn, külək potensialı yüksək olan Şotlandiyada enerji tələbatının 97 faizi alternativ mənbələr hesabına ödənilir və ölkədə təxminən 7 milyon ev təsərrüfatı “təmiz” enerjidən istifadə edir. Burada əsasən külək elektrik stansiyaları fəaliyyət göstərir.
Səudiyyə Ərəbistanı isə günəş enerjisi potensialına malik ölkə kimi enerji tələbatının təxminən 50 faizini günəş elektrik stansiyalarının hesabına ödəyir. Hər iki dövlət 2030-cu ilə qədər enerji sistemində tam keçidi təmin edəcəklərini artıq bəyan ediblər.
Bu proseslər qlobal miqyasda neftin qiymətinin enmə tendensiyasının əsasını formalaşdırır və müşahidələrə görə, bu tendensiya davam edir. Dünyanın aparıcı əmtəə ticarəti şirkətlərindən biri olan “Trafigura”nın mütəxəssislərinin analizinə əsasən, 2026-2027-ci illərdə dünya iqtisadiyyatında gözlənilən mümkün böhran qlobal neft bazarında təklifin artmasına və nəticə etibarilə qiymətlərin daha da aşağı düşməsinə səbəb ola bilər. Maliyyə çətinliyi yaşayan neft istehsalçıları əlavə maliyyə resursları əldə etmək məqsədilə bazara daha çox neft çıxaracaqlar ki, bu da profiçitin dərinləşməsinə gətirib çıxaracaq.
Bazar qanunlarına görə, təklif tələbi üstələdikdə qiymətlər aşağı düşür. Qeyd etmək lazımdır ki, bütün bunlar proqnoz xarakteri daşıyır. Bununla belə, neftin qiymətində ümumi enmə tendensiyası artıq son on il ərzində müşahidə olunur. Bu müddət ərzində baş verən müxtəlif siyasi hadisələr bazar qiymətlərinə ciddi təsir göstərib.
Eyni zamanda, yaxın gələcəkdə qlobal xarakterli geosiyasi, texnogen və ya təbii hadisələrin baş verməsi nəticəsində neftin dünya bazar qiymətinə təsir edərək qısamüddətli yüksəlişə səbəb olacağını da istisna etmək olmaz.