AZ

Barat Yusubov: Yeni sistemdə həkim seçimi və müayinələr barədə məlumatlar əlçatan olacaq

Bakı, 15 dekabr, Günel Türksoy, AZƏRTAC

Səhiyyənin rəqəmsallaşdırılması və texnoloji həllərin tətbiqi bizim üçün strateji prioritetlər sırasındadır. Yeni Klinikada həyata keçirilən yeniliklər nəticəsində rəqəmsallaşma proseslərinin gücləndirilməsi, innovativ sistemlərin tətbiqi, vahid məlumat bazasının optimallaşdırılması və onlayn növbə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində ciddi irəliləyişlərə nail olunub.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Yeni Klinikanın direktoru Barat Yusubov deyib.

O bildirib ki, hazırda tibb müəssisələrinə müraciət edən vətəndaşların aldıqları bütün tibbi xidmətlərin qeydiyyatı elektron formada aparılır. ”Bilirsiniz ki, onlayn növbə sistemi dövlət tibb müəssisələri arasında ilk dəfə Yeni Klinikada tətbiq olunub. Bu sistem tibb müəssisəmizdə 2023-cü ilin dekabr ayından etibarən pilot layihə şəkilində işləyir. Bu dövr ərzində təkmilləşdirmə işləri aparılıb, bir sıra qüsurlar, çatışmazlıqlar analiz edilib və daha unversal bir sistem formalaşdırılıb. Deyərdim ki, təkmilləşdirilmiş yeni növbə sistemi artıq hazırdır. Bu sistemin tətbiqinin gələn ilin ilk rübündə, daha dəqiq söyləsək, yanvar-fevral aylarında fəaliyyətə başlaması nəzərdə tutulur. Dəqiq tarix sistemin test mərhələlərindən və texniki yoxlamalardan sonra bilinəcək”, - deyə direktor vurğulayıb.

Barat Yusubov qeyd edib ki, məqsəd pasiyentlər və klinika üçün ən optimal, rahat rejimi təmin etməkdir: "Təkmilləşdirilmiş elektron növbə sistemi bir sıra üstünlüklər təqdim edir. Vətəndaşlar uzun növbələrdə vaxt itirməyəcək, onlayn növbə əldə edən şəxslər qeydiyyat bölməsinə yaxınlaşmadan birbaşa elektron köşk vasitəsilə növbəsini aktivləşdirmək imkanı əldə edəcəklər. Bu çox önəmli məsələdir. Hətta müayinə cavablarının kontrolu üçün gün ərzində yenidən müraciət etmək imkanları olacaq. Bilirsiniz, bu müayinə nəticələrinin izlənməsini kifayət qədər asanlaşdırır və pasiyentlərin əlavə vaxt itkisinə, eləcə də tibb müəssisəsinə fiziki gəlməsinə ehtiyac qalmır. Yeni sistemdə həkim seçimi və müayinələr barədə ətraflı məlumatlar əlçatan olacaq. Bu, təkcə vətəndaşların deyil, klinikanın da fəaliyyətinə, iş yükünə, kadr planlamasına və tibbi xidmətlərin səmərəli təşkilinə müsbət təsir edəcək. Həkimlərin və digər personalların vaxtı optimallaşdırılacaq, pasiyent sıxlığı azalacaq, gözləmə zolaqları və növbə sıxlığı aradan qalxacaq. Bundan əlavə, statistik məlumatların toplanması və analiz edilməsi daha rahat olacaq, xidmətin keyfiyyətinin yüksəlməsinə imkan yaradacaq. Beləliklə, sistem həm pasiyentlərin, həm də klinikanın işini asanlaşdıraraq ümumi xidmət səviyyəsinə təsir edəcək”.

 

Seçilən
82
5
azertag.az

6Mənbələr