AZ

İsveçin keçmiş xarici işlər naziri: “Rusiyadan NATO-ya təhdid heç vaxt aradan qalxmayacaq”

İsveçin keçmiş xarici işlər naziri Tobias Billström Newsweek jurnalına verdiyi müsahibədə Rusiyanın NATO-nun şərq cinahı üçün yaratdığı təhlükənin uzunmüddətli olacağını bildirib.

Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq, Rusiya Avropa üçün ciddi təhlükə olaraq qalacaq. Billström vurğulayıb ki, Moskva artıq NATO hava məkanına dronların müdaxiləsi kimi addımlarla bu təhlükəni praktikada nümayiş etdirir.

“Ukraynadakı müharibədən sonra belə, Rusiyanın İsveç və NATO-nun bu cinahındakı qonşuları üçün yarada biləcəyi risklərdən xəbərdar olmalıyıq”, – deyə o qeyd edib.

Keçmiş nazir hesab edir ki, Rusiya müharibədə tam məğlubiyyətə uğrasa belə, revanşist mövqe sərgiləyə bilər. Onun fikrincə, Moskva qismən uğur qazandığı halda da Avropa üçün təhlükə yaratmaqda davam edəcək.

Billström xəbərdarlıq edib ki, Rusiyanın sərhədlərində yerləşən kiçik dövlətlər hesabına imperiyasını yenidən qurmaq cəhdləri dayandırılmasa, bu proses davam edəcək: “Təxribatçı fəaliyyətlər, hibrid hücumlar, kiberhücumlar – hazırda şahidi olduğumuz bütün bu hallar gələcəkdə də davam edə bilər. Buna görə də NATO vaxt itirmədən effektiv müdafiə sistemini formalaşdırmalıdır”.

O, Rusiyanın yaxın vaxtlarda Avropaya qarşı tammiqyaslı hücuma keçməsinin ehtimalının az olduğunu desə də, hibrid təhlükələrin qalmaqda davam edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte də daha əvvəl Alyans üzvlərini Rusiyadan gələn təhlükəyə qarşı hazırlıqlı olmağa çağırıb. O bildirib ki, NATO ölkələrinin bir qismi Avropaya yönələn təhlükənin ciddiliyini yetərincə dərk etmir və mümkün müharibənin qarşısını almaq üçün müdafiə xərcləri ilə istehsalın sürətlə artırılmasının vacibliyini anlamır.

Seçilən
36
veteninfo.az

1Mənbələr