AZ

Bu il də Azərbaycanda zəfəran olmadı... - MÜSAHİBƏ

Azərbaycanda zəfəran yığımı yekunlaşıb. Son illər bu qiymətli bitkinin məhsuldarlığının aşağı düşməsi müşahidə olur. İndi məşhur Abşeron zəfəranını tapmaq da müşkülə çevrilib.

Bu ilin nəticələri barədə zəfəranın yetişdirilməsi və təbliğatı ilə məşğul olan jurnalist İsmayıl Rafiqoğlu Modern.az-a ilə danışıb.

- Növbəti zəfəran mövsümü yekunlaşdı. Fermerlər məhsulu toplayıb onu münasib qiymətə satmaq barədə düşünürlər. Bu işlə məşğul olan birisi kimi ilin nəticələri haqda nə deyə bilərsiniz?

- Son 3-4 ildə zəfəran mövsümünü həsrətlə gözləyən insanların ümidləri özünü doğrulda bilmir. Zəfəran qıtlaşıb, yoxa çıxıb. Özü də bu azalma Abşeronun hər yerində baş verir. Kimi dindirirsən, deyir heç nə yığa bilmədim. Yığan da 1-2 qram əldə edə bilsə, böyük işdir. Bəzi zəfərançılar yüksək məhsul əldə etsələr də, ümumi mənzərə elə də ürəkaçan deyil. Bu yaxınlarda TV kanalların birində zəfəranla bağlı süjet izlədim. Mövsümünün ən gərgin dövründə belə sahədə zəfəran çiçəklərinin nə qədər seyrək olduğu açıq-aşkar görünürdü. Bu proses illərdir davam edir.

- Şəxsən siz nə qədər zəfəran toplaya bilmisiniz? Ötən illərlə müqayisədə nə kimi dəyişikliklər var?

- Güc-bəla ilə 1-2 qram məhsul əldə etmişəm. Çünki bu il də zəfəran olmadı. Elə ötən il də eyni mənzərə müşahidə edilib. Son illərdə belə durum artıq ənənəyə çevrilib. Halbuki 10 il öncə Bilgəhdə yerləşən həyət sahəsindən ovuc-ovuc məhsul yığmışam. Oktyabrın sonundan başlayaraq noyabr ayının 20-nə kimi rahatlığımız olmazdı. Həyətə daxil olarkən havadan zəfəran qoxusu gələrdi. Yadımdadır, öncədən qurudulmuş məhsulu yerləşdirmək üçün xüsusi şüşə qablar hazırlayırdım. Zəfəran quru və qaranlıq yerdə saxlanılmalıdır. Qabın ağzı da kip bağlanmalıdır. Evin hər yerindən zəfəran qoxusu gəlirdi, elə bilirdin cənnətdəsən. İndi o məhsul çoxdan yoxdur.

- Sizcə, bunun səbəbi nədir? Deyirlər, axı məşhur Bakı zəfəranı bir zamanlar çox tanınıb, Rusiya, Avropa bazarlarına ixrac edilib.

- Deməli, məhsuldarlığın aşağı düşməsinin bir sıra səbəbi var. İlk növbədə bu, iqlim dəyişikliklərinə bağlı məsələdir. Neçə ildir payız dövrü Abşeronda yağıntının miqdarı xeyli azalıb. Quraqlıq müşahidə edilir. Yağış yoxdursa, məhsul da yoxdur. Zəfərançılar bunu yaxşı bilirlər. Bu elə bir bitkidir ki, ilboyu heç bir problem olmadan quru şəraitdə qala bilir. Zəfəran nədir? Adi soğanaqdır. Maydan sentyabra kimi yatmış vəziyyətdə olur. Sonra yağış suyu ilə qidalanaraq oktyabrda yaşıl hissəsi üzə çıxır. Əsasən noyabrda gül verir. Quraqlıq olan kimi yaşıl hissənin böyüməsi ləngiyir, sonra da gül verməyə gücü çatmır. Zəfərana bu dövrdə həm yağıntı, həm mülayim hava, həm də günəş şüaları lazımdır. Yağış yağır, sonra külək əsir, gün çıxır, çiçək açır. Soğanaqları havalandırmaq üçün ətrafda olan alaq otlarını təmizləmək, sıraların arasındakı boş yerləri belləmək də tələb olunur.

- Quraqlıqdan əlavə nəsə başqa bir səbəb varmı?

- Əgər söhbət Abşerondan gedirsə, bəli var. Bəzi faktorlar məhsuldarlığa mənfi təsir edir. Hazırda yarımadada boş torpaq qalmayıb, intensiv tikinti gedir, üstəlik bəzi Bakı kəndlərində xeyli miqdarda neft buruqları da var. Torpaqlar çirklənib. Zabrat, Məmmədli kimi kəndlərdə fərdi evlərin tikintisi, kanalizasiya sisteminin olmaması səbəbindən bataqlaşma gedir. Hər yer sudur, gölməçə halında. Hər kəs hündür hasar ucaldır, havanın da qarşısı alınır. Bir tərəfdən bitkiyə rütubət lazımdır, digər tərəfdən isə həddən artıq suyun torpağa verilməsi səbəbindən bataqlaşmaya təkan verilir, soğanaqlar it-bat olur. Qrunt sularının da səviyyəsi artıb, su içində olan həyətlərdə soğanaq çürüyür, quru olan torpaqlarda isə susuzluqdan məhsul verə bilmir. Bir növ bitkiyə tələb olunan ideal şərait təmin edilə bilmir. Burada bir məsələni də qeyd etməyə dəyər. Eyni tendensiya tək Azərbaycanda deyil, dünyada da müşahidə edilir. Zəfəran qıtlaşıb yoxa çıxır.

- Hansı ölkələr məhsul yetişdirməkdə problemlə üzləşirlər? Niyə eyni vəziyyət həm də digər regionlarda müşahidə edilir?

- Artıq neçə ildir dünya şöhrətli Kəşmir zəfəranı əlçatmaz bir məhsula çevrilib. Hindistan hökuməti bu ağır durumu düzəltmək üçün tədbirlər görsə də, xeyri yoxdur. Quraqlıq səbəbindən məhsuldarlıq faktiki olaraq 5-7 dəfə azalıb. Özü də iqlim dəyişikliyi zəfərana pis təsir edir. Lazım olan dövrdə yağış olmur, yazda isə buzlaqlar sürətlə əriyidiyindən sahələr su altında qalır. Salamat soğanaqlar çürüyür, qalanları isə payızda gül verə bilmir. Artıq neçə ildir Kəşmir fermerləri fərli-başlı məhsul üzünə həsrət qalıblar. Quraqlıqla bağlı çətinlik hər yerdə müşahidə edilir. Əfqanıstan da, İran da xeyli itki ilə üz-üzə qalıb. Artıq təbii yolla zəfəran yetişdirmək çətinləşib.

- Bəlkə hansısa yeni texnologiyaların hesabına zəfəran yetişdirməkdə uğur əldə etmək olar?

- Özbəkistan bu istiqamətdə olduqca uğurlu strategiya qura bilib. Bu ölkədə zəfərançılığa xüsusi diqqət verilir. Sahələr ayrılıb, seçmə zəfəran soğanaqları alınıb və əkilib. Özbəkistan İtaliya şirkətləri ilə əməkdaşlıq edir, investisiya cəlb olunub və məhsulu artıq dünya bazarında yaxşı qiymətə sata bilir. Özbəkistan ənənəvi olaraq yağıntının az olduğu ölkədir, zəfəranı isə dəmyə yetişdirmək çətindir. Bu səbəbdən damcılı suvarma sistemlərindən istifadə edilir. Məhsuldarlıq da yüksəkdir. Özbəkistan bazarda ciddi bir oyunçuya çevrilmək iddiasındadır.

Hazırda bəzi ölkələrdə zəfəranı süni yolla otaq şəraitində yetişdirmək cəhdləri var. Xüsusilə Çində bu yöndə xeyli iş görülüb. Kiçik bir qapalı sahədə süni işıqlandırma və qidalanma sisteminin köməyi ilə zəfəran yetişdirənlər var. Əlbəttə, bitkini aldatmaqla müəyyən qədər məhsul almaq olar, amma bunun nə qədər keyfiyyətli bir ədviyyə olacağı şübhə doğurur. Zəfəran elə bir bitkidir ki, süni gübrələri sevmir, ideal iqlim şəraiti tələb edir. Belə yolla alınan zəfəran təqribən istixanada yetişdirilən pomidor, xiyar, bibər kimi dadsız olacaq. Halbuki biz zəfəranı məhz keyfiyyətinə görə sevirik. Dünya şöhrətli mətbəxi ilə tanınan Fransada məşhur aşpazlar yeri gələndə bir qramına 30 avro pul ödəyib məhz keyfiyyətli və bilinən zəfəran brendlərinə üstünlük verirlər.

- Dünya bazarında zəfərana tələbat varmı? Qiymət necə formalaşır? Hansı ölkələr zəfəran istehsalında irəlidədirlər?

- Bu bazarda çox istehsalçı var. Zəfəran Mərakeş, Əfqanıstan, İspaniya, Çin, İtaliya, Fransa kimi ölkələrdə yetişir. Türkiyənin də bir neçə əyalətində zəfəran yetişdirilir. Yeni oyunçular da geri qalmırlar. Bu dəqiqə olduqca keyfiyyətli məhsul Bolqarıstanda yetişdirilir. Ukrayna və Rusiyanın bəzi əyalətlərində zəfəran əkilir. Məhsuldarlıq yüksək olmasa da, hər halda nəsə yığılır. Əlbəttə, dünya zəfəran bazarına İran nəzarət edir. Ən zəif illərdə belə 250-300 ton quru məhsul istehsal edilir. Hətta bəzi məşhur brendlər buradan premium məhsulu alıb qablaşdırmaqla başqa ölkələrə təklif edirlər. Keyfiyyətindən asılı olaraq zəfəran 2-3 dollardan tutmuş 35 avroya kimi satıla bilər. Əgər məhsulun tərkibi bilinən standarta uyğundursa, deməli qiyməti də yüksək olacaq. İranın bəzi əyalətlərindən yığılan zəfəran olduqca yüksək qiymətə təklif edilir.

- Qayıdaq öz zəfəranımıza. Məhsul azdır, təklif isə böyük. Deməli Azərbaycanda da zəfəran bahalaşıb?

- Bəli, hələ 7-8 il öncə zəfəranın ən bol yetişdiyi kənd olan Bilgəhdə rahatlıqla 5-6 manata zəfəran tapmaq olurdu. Yığım dövründə çiçəyinin 1 kilosunu 30-40 manat arası təklif edirdilər. Yəni kimsə alıb təmizləsə, 10-12 qram zəfəran əldə edə bilərdi. Bu gün 10 manata da zəfəran tapmaq çətinləşib. Kim baha satmaq istəsə, bir müddət saxlamaqla asanlıqla malını 15 manatdan sata bilər. Düşünürəm, qiymət daha da yüksək ola bilərdi, sadəcə İranla qonşuluq ümumi bazara təsir edir. Azərbaycana külli miqdarda zəfəran gətirilir, qiymət elə da yüksək deyil. Yerli zəfəran özümüzə bəs eləmir. Azərbaycanda belə bir təsəvvür var ki, guya İrandan gətirilən məhsul keyfiyyətsizdir, yerli zəfəran isə daha üstündür. Zəfəran satanlar da, alanlar da bu mifi dəstəkləyirlər.

- Deyirsiniz ki, İran zəfəranı heç də pis deyil?

- Dünyanı zəfəranla təmin edən bir ölkədən niyə pis məhsul gəlməlidir axı? Ola bilər lap bahalı zəfəran Avropa ölkələrinə satılsın, amma Azərbaycana da normal zəfəran gətirilir. Sadəcə bəzən kimsə zəfəran yerinə başqa nəsə sata bilər. Bir neçə dəfə bunu müşahidə etmişəm, İrandan gətirilən qablarda zəfəran yerinə nəsə başqa məhsul satılır. Yəni işbazlar iqtisadi cinayətlə məşğul olurlar, bir məhsulu digəri ilə əvəzləyirlər. Bu tək bizim ölkənin problemi deyil, dünyada tez-tez qarşılaşılan məsələdir. Bahadır deyə, zəfəranı ucuz ədviyyə ilə əvəzləyirlər.
Bizim yerli zəfəran çox keyfiyyətlidir, xüsusilə Abşeronda, Bilgəhdə yetişdiriləni. Amma bəzən yerli əhali düzgün quruda bilmir deyə, keyfiyyətdə itki baş verir. Nəticədə aşağı kateqoriyalı məhsula çevrilir. Baha satanlar da az deyil. Bu yaxınlarda zəfəranın bir qramının 38 manata təklif edilməsinə rast gəlmişəm. Sözsüz, bu məhsulun sənədləri, qablaşdırılması yerindədir və laboratoriya analizi də edilib. Malına əmindir deyə yüksək qiymətə satır. Turistlər belə məhsulu çəkinmədən alırlar.

- Zəfərançılığı ölkədə inkişaf etdirmək üçün nə etməliyik?

- Bu barədə müsahibələrimdə çox demişəm. Bir məhsulu bazara təqdim etməkdən öncə onunla bağlı doğru informasiya siyasəti qurmalıyıq. Bizim olduqca qədim zəfərançılıq ənənəmiz var. Yəni milli mətbəxin şahıdır zəfəran. Bu, elə-belə ədviyyə deyil. Milli ruhumuzu, dəyərlərimizi özündə daşıyan bir məhsuldur. Qaydasında təbliğ olunmur deyə, xeyli geriləmə var. Zəfəranın təbliğatı elə də yüksək səviyyədə aparılmır. Onun məhz bizim üçün əhəmiyyətli olmasını daim qeyd etməliyik.

İllərdir bu bitki barədə böyük miqdarda informasiya toplamışam, şəxsi qeydlərim də yetəri qədərdir. Bütün bunları bir kitab formasında buraxmaq niyyətindəyəm. Sadəcə olaraq bu bir hekayə toplusu deyil ki, pulundan keçib çap edəsən. Belə tip kitabların gərək gözəl fotoları da olsun, yəni kifayət qədər bahalı bir işdir. Zəfəran barədə 3 dildə sayt yaratmaq istəyim də olub. Hətta bu işlərə sporsor da tapmışdım, amma nəsə alınmadı. Əslində gərək zəfəran adını özünə brend edən şirkətlər bu işə ciddi dəstək olsunlar. Zəfəranın informasiya tərəfi o qədər də yaxşı deyil.

Doğrudur, ölkədə iki zəfəran assosiasiyası var: Azərbaycanda Zəfəran İstehsalçıları, Emalçıları və İxracatçıları Assosiasiyası və Azərbaycan Zəfərançılığının İnkişafı Assosiasiyası. Di gəl, məhsulun ciddi təbliğatı və istehsalı yoxdur. Son illər məhsuldarlıq da azalıb. Zəfərançılığın inkişafı ilə əlaqəli dövlət proqramının olacağı nəzərdə tutulmuşdu, amma o da nəticədə reallaşmadı.

- Bəs məhsuldarlığı necə yüksəltmək olar? Rəqabətə davamlı bir strategiya qurmaq olarmı?

- Düşünürəm, ilk növbədə zəfəranın yetişdirilməsi ayrı-ayrı şəxslərin işi olmalı deyil. Bir ümumi plan əsasında çalışmalıyıq. Bu sahədə çalışan insanları stimullaşdırmaq, məhsulu zamanında toplayıb keyfiyyətli formada qurutmaq üçün imkanları axtarmalıyıq. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə səyi olmalıdır. Nazirlik sahənin inkişafı və bol məhsul yığımı barədə düşünməli, Agentlik isə ölkəyə gələn turistə təqdim edilən xidmətlərin sırasına zəfəranı da əlavə etməlidir.

Məsələn, ekoturizm zəfəranla bağlı ola bilər. Ədviyyəni istehsal edilən bir çox ölkələrdə sahələrə xüsusi turlar təşkil edilir, bura gələn insanlar öz əllərilə məhsulu yığıb qurudurlar, sonra da pulunu ödəyib aparırlar. Biz də eyni cür edə bilərik. Digər tərəfdən, daxili bazarda yerli brendlərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Öz vətəninə dönən turist mütləq özü ilə bir qab Azərbaycan zəfəranı alıb aparsa, bundan gözəl təqdimat ola bilməz. 

Abşeronda azad torpaqlar olmadığından zəfəran yetişdirilməsi problemlidir. Amma mütəxəssislər prosesə qoşulsalar, digər regionlarda zəfərançılığın inkişafı üçün işlər görülə bilər. Məncə, Şəki bu baxımdan Abşeronu əvəzləyə bilər. Mülayim iqlim, məhsuldar torpağı olan bu regionu ölkənin zəfəran paytaxtına çevirə bilərik. Bu gün artıq dədə-baba qaydası ilə zəfəran yetişdirmək olmur, yeni texnologiyaları tətbiq etməklə, xüsusi suvarma sistemləri qurmaqla məhsuldarlığı artırmalıyıq. Həm də bazarda məhsulu elə yerindəcə alıb düzgün emal edə bilən şirkətlər yaranmalıdır. Onları hətta 10-15 illik vergidən tam azad etmək olardı. Görüləsi işlər çoxdur.

Seçilən
29
1
modern.az

3Mənbələr