AZ

15 nəfəri öldürən ata-oğul imiş

Avstraliya polisi Yeni Cənubi Uels (NSW) ştatına bağlı Sidney şəhərindəki çimərlikdə baş verən və 15 nəfərin həyatını itirdiyi silahlı hücumla bağlı hücum edənlərin ata-oğul olduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, NSW Polis Komissarı Mal Lanyon Avstraliya Baş naziri Antoni Albanese ilə keçirdiyi mətbuat konfransında hücumun detalları barədə məlumat verib. Lanyon bildirib ki, şəxsiyyətin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar tamamlanıb və əlavə araşdırmaya ehtiyac yoxdur. 

O, hücum edənlərin 50 yaşlı ata və 24 yaşlı oğul olduğunu, oğulun hazırda xəstəxanada müalicə aldığını və vəziyyətinin kritik olduğunu, atanın isə hadisə yerində öldüyünü bildirib. Lanyon əlavə edib ki, 50 yaşlı atanın qanuni silah icazəsi var: 

“Adına qeydiyyatda olan 6 silah var və hadisə yerində də həmin 6 silah ələ keçirilib”. Baş nazir Albanese isə açıqlamasında “Dünən şahidi olduğumuz şey şər, antisemitizm və terror aktı idi”,- deyib. Albanese hücuma görə Avstraliya hökumətini günahlandıran İsrail Baş naziri Benyamin Netanyahunun tənqidlərinə “İndi birlik zamanıdır” cavabını verib. 

NSW Baş naziri Kris Minns isə hücumda həyatını itirənlərin yaşlarının 10 ilə 87 arasında dəyişdiyini bildirib. Minns hücum zamanı 42 nəfərin yaralandığını və onların xəstəxanalarda müalicə olunduğunu qeyd edib. 

Xatırladaq ki, Avstraliyanın Yeni Cənubi Uels ştatına bağlı Sidney şəhərinin Bondi çimərliyində silahlı hücum baş vermişdi. Şübhəlilərdən birinin öldüyü, digərinin isə yaralı halda saxlanıldığı açıqlanmışdı. Avstraliya Baş naziri Albanese keçirdiyi mətbuat konfransında hücumun Avstraliyadakı yəhudi icmasına qarşı yönəldiyini bildirmişdi. 

Avstraliyadakı müsəlman icmasının nümayəndələri hücumu qınayaraq, zərərçəkənlər və onların yaxınları ilə həmrəyliklərini ifadə etmişdilər. Silahlı hücuma cəsarətlə müdaxilə edərək şübhəlilərdən birinin əlindən silahı alan Əhməd əl-Əhməd Avstraliya mediasında gündəm olmuşdu. 

Seçilən
136
cebheinfo.az

1Mənbələr