Bakı şəhərində yaşıllıq sahələrinin artırılması istiqamətində genişmiqyaslı layihələrin icrası planlaşdırılır.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, paytaxtda adambaşına düşən yaşıllıq sahəsinin 8 kvadratmetrə çatdırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Bu məqsədlə Xocahəsən gölünün ətrafında böyük parkın salınması, Böyükşor, Zığ və Bülbülə gölləri ətrafında yeni yaşıl istirahət zonalarının yaradılması nəzərdə tutulur. Eyni zamanda Bakı bulvarının Bibiheybət ərazisi daxil olmaqla mərhələli şəkildə uzadılması planlaşdırılır.
Layihələr çərçivəsində şəhər daxilində və şəhərətrafı ərazilərdə "yaşıl hibrid dəhlizlər" sistemi tətbiq ediləcək. Bu dəhlizlər piyada və velosiped hərəkətliliyini artırmaqla yanaşı, şəhərdə hava axınını yaxşılaşdıracaq, "istilik adası" effektinin azalmasına və yeni açıq istirahət məkanlarının formalaşmasına töhfə verəcək.
Yeni parkların salınmasının 2026-2030 ilə qədər yekunlaşması nəzərdə tutulub.