AZ

Tayland–Kamboca gərginliyinə görə xüsusi toplantı keçiriləcək

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrin xarici işlər nazirlərinin Tayland və Kamboca arasında yaranmış gərginliklə bağlı xüsusi görüşü keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" Malayziyanın “The Star” qəzetinə istinadən xəbər verir ki, xüsusi toplantının keçirilməsi barədə qərarı Malayziyanın baş naziri Ənvər İbrahim Kambocanın baş naziri Hun Manet və Taylandın baş naziri Anuthin Çanvirakunla müzakirələrdən sonra verib.

Görüşdə məqsəd Tayland–Kamboca münasibətlərindəki gərginliyin azaldılması yollarını müzakirə etməkdir.

Məlumata əsasən, ASEAN xarici işlər nazirlərinin xüsusi görüşünün 16–22 dekabr tarixlərində Banqkokda keçirilməsi planlaşdırılır.

Qeyd olunur ki, ASEAN liderləri tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməməyə və sülh razılaşmalarının icrasına qayıtmağa çağırırlar. İlkin təkliflər arasında iki ölkə arasında vəziyyətin izlənməsi üçün ASEAN müşahidəçilər qrupunun yaradılması da var.

Xatırladaq ki, Tayland və Kamboca arasında silahlı toqquşmalar 7 dekabrda başlayıb. Tayland Kral Ordusunun məlumatına görə, Kamboca qüvvələri səhər tezdən Tayland mövqelərini artilleriya atəşinə tutub. Buna cavab olaraq Tayland Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib.

Bundan sonra hər iki ölkə sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirib. Rəsmi qurumlar və turizm strukturları vətəndaşlara və turistlərə sərhədyanı ərazilərə səfərdən çəkinməyi tövsiyə ediblər.

Seçilən
111
operativmm.az

1Mənbələr