AZ

Sudanda fidyə terroru: “Ödəyə bilməyənlər öldürülür”

Yazını böyüt
Yazını kiçilt

Ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurmaların davam etdiyi Sudanda minlərlə insan fidyə üçün girov saxlanılır.

Hafta.az yazır ki, RSF qərbi Sudanın Darfur bölgəsindəki ən böyük şəhər olan əl-Faşeri 18 ay mühasirədə saxlayıb və oktyabrda nəzarəti ələ keçirdikdən sonra şəhərdə kütləvi qırğın törədib.

Hərbiləşdirilmiş qrupun hücumlarından sağ çıxanlar təcrübələrini “Washington Post”a danışıblar.

Hesabatda döyüşçülərin qadın və uşaqlar da daxil olmaqla minlərlə insanı qaçırdığı və qohumlarından fidyə tələb etdiyi bildirilir. Bildirilir ki, ödəniş edilməsə, girovlar öldürülür.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 27 oktyabrda əl-Faşerin RSF-nin nəzarəti altına keçməsindən əvvəl orada təxminən 270 min insan olub. Bildirilir ki, son altı həftə ərzində 106 min insan şəhərdən qaçıb, qalanlarının taleyi məlum deyil.

Adının çəkilməsini istəməyən 37 yaşlı səhiyyə işçisi qardaşının avqustda şəhərdən qaçmağa çalışarkən tutularaq öldürüldüyünü deyir.

Onun özü bildirib ki, RSF şəhəri ələ keçirəndə təxminən 100 nəfərlik bir qrupla qaçmağa çalışıb, lakin onlar döyüşçülər tərəfindən tutulub. O bildirib ki, yaraqlılar yerindəcə 30 nəfəri öldürüblər.

Həkim olduğu üçün öldürülmədiyini deyən səhiyyə işçisi sözünə davam edib: "Bizi tərk edilmiş bir evdə dustaq ediblər və ailələrimizlə əlaqə saxlamağı tapşırıblar. Mənə dedilər ki, ailəmi 50 milyon Sudan funtu (160 min manat – V.T.) ödəməyə inandırmalıyam, əks halda öldürəcəklər.

Səhiyyə işçisi izah edib ki, ailəsinin pulu olmadığı üçün dostları ilə əlaqə saxlayıb və onlar danışıqlar apararaq fidyəni 15 milyon Sudan funtuna (təxminən 40 min manat) endiriblər. Ödəniş başa çatdıqdan sonra o, sərbəst buraxılıb.

Adının çəkilməməsini istəyən 26 yaşlı bir şəxs bildirib ki, əl-Faşerdən qaçanlara dron və artilleriya ilə hücum edilib. O, döyüşçülərin zirehli maşınlarla mülki şəxslərin üzərinə şığıdığını və hücumda bacısını itirdiyini söyləyib.

RSF yaraqlıları oktyabrda əl-Faşerdəki Səudiyyə Ərəbistanı Xəstəxanasına basqın edərək 450-dən çox insanı öldürüblər.

RSF lideri Məhəmməd Həmdan Daqalo hücumlar zamanı "sui-istifadə hallarının" baş verdiyini etiraf edib və istintaqın başlandığını bildirib.

2023-cü ilin aprelində RSF-nın orduya inteqrasiyası prosesi nəticəsində baş verən vətəndaş müharibəsi səbəbindən 25 milyondan çox insanın humanitar yardıma ehtiyaclı vəziyyətə düşüb.

Seçilən
25
hafta.az

1Mənbələr