Beşiktaş klubunun baş məşqçisi Sergen Yalçın oyundan sonra keçirilən mətbuat konfransında hakim idarəçiliyini kəskin tənqid edib.
Vətəninfo.az xəbər verir ki, təcrübəli mütəxəssis görüşün ilk dəqiqələrindən verilən qərarların oyunun gedişinə ciddi təsir etdiyini bildirib:
“Bu, sanki bir teatr səhnəsi idi. Oyunun ilk 5 dəqiqəsində iki sarı vərəqə göstərildi. Futbolçular ikili mübarizəyə girə bilmirdilər, çünki hakim hər an kimisə oyundan ata bilərdi. Nə deyim? Ağlımdan keçənləri desəm, cəza alaram”, – deyə Sergen Yalçın bildirib.
Baş məşqçi qarşılaşmada futbol deyil, “teatr” oynandığını vurğulayıb:
“Bu, qurulmuş bir oyundur. Bu gün futbol yox, teatr izlədik. Zərbə yoxdur, şiddət yoxdur. Hətta rəqib futbolçular belə qırmızı vərəqə qərarına təəccübləndilər”.
Sergen Yalçın bütün çətinliklərə baxmayaraq, komandasının mübarizəsindən razı qaldığını da qeyd edib:
“Bütün bunlara baxmayaraq, mübarizələrinə görə futbolçularıma təşəkkür edirəm”.
Qeyd edək ki, Sergen Yalçının açıqlamaları beIN Sports vasitəsilə yayımlanıb.