Kiyev, 15 dekabr, AZƏRTAC
Ukraynada 20 ilə yaxındır savadını xəstələrin şəfasına sərf edən soydaşımız hepatoloq, qastroenteroloq və parazitoloq Valid Axundov həm də Vətəninə bağlı həkim kimi tanınır. Onun həyat yolu Bakıdan Krıma, daha sonra isə Kiyevə qədər davam edib.
Hazırda Kiyevdə parazitologiya və hepatologiya problemlərini səmərəli şəkildə həll edən Valid Axundov həm Ukraynada, həm də xaricdə böyük tibb təcrübəsi qazanıb. Onun böyük təcrübəsi soydaşımıza müxtəlif mədə-bağırsaq və qaraciyər xəstəliklərini effektiv müalicə etməyə imkan verir. O, parazitlərin - helmintlərin və digər parazitar orqanizmlərin törətdiyi xəstəliklərin diaqnostikasında və müalicəsində mühüm nailiyyətlər əldə edib.
Vahid Axundov qlobal tibb elminin ən son nailiyyətlərini fəal şəkildə izləyir və müasir elmi inkişafları gündəlik tibbi təcrübəsinə daxil edir.
Soydaşımıza həkim olmaq həvəsi atasından keçib. Əslən Azərbaycanın cənub bölgəsindən olan Valid Axundovun atası Cəlal Axundov da ölkəmizdə nüfuzlu həkimlərdən olub. Cəlal Axundov uzun müddət Respublika Klinik Xəstəxanasında qastroenteroloq şöbəsinin müdiri olub. Soydaşımızın qardaşı və bacısı da Bakıda həkimlik peşəsini seçiblər.
Həkim soydaşımızın həyat yoldaşı Həbibə Əliyeva da Kiyevin Obolon Rayon Mərkəzi Poliklinikasında qastroenteroloq həkimdir.
Valid Axundov AZƏRTAC-a müsahibəsində bildirib ki, o 1994-cü ildə Azərbaycan Tibb Universitetinin bitirdikdən sonra təhsilini Moskvada davam etdirib. Bakıya qayıtdıqdan sonra ailə həyatı qurub. Valid Axundovun Ukrayna həyatı da elə həmin dövrdən başlayıb. Həyat yoldaşının atası Yaltada yaşadığından Valid Axundov həkim həyat yoldaşı ilə Ukraynaya köçür. Hər ikisi Yaltada həkim kimi çalışıblar. 2014-cü ildə Krım ilhaq olandan sonra Kiyevə köçüb. Artıq 10 ildən çoxdur Kiyevdə həkim kimi fəaliyyət göstərir.
Ukraynanın çətin günlərində belə yanlarındayıq
“Baxmayaraq çox çətin olacağını bilirdik, ancaq Rusiya Krımı ilhaq etdikdən sonra Kiyevə köçdük. Hər şeyi sıfırdan başlamalı olduq. Çətinliyə dözdük, çünki Azərbaycan da zamanında ağır günlərini yaşayıb. 2022-ci ildə Ukraynaya qarşı müharibə başlayandan sonra ölkədən çıxmaq imkanımız olsa da, biz Ukraynanı tərk etmədik. Ukraynanın çətin günündə tək həkim kimi yox, bir azərbaycanlı kimi nümunəvi olduğumuzu göstərdik. Həyat yoldaşımla birgə müharibənin ilk günlərindən həkimlik borcumuzu göstərdik. Həkim qıtlığı var idi, xəstələr isə çoxalmışdı. Mülki insanlarla yanaşı, yaralı hərbçilərin müalicəsini apardıq”, - deyə Valid Axundov əlavə edib.
Biz həmişə fəxrlə Azərbaycanı nümunə gətiririk
Valid Axundov 44 günlük Vətən müharibəsindən sonra Ukraynada azərbaycanlı kimi qürurla yaşadığını deyib.“44 günlük Vətən müharibəsini ailəlikcə yaxından izləyirdik. Övladlarımızı Vətəni sevmək ideologiyası ilə böyütmüşük. Vətənə sevgi də ailədən başlayır. İki oğlum var, 44 günlük müharibə zamanı 13 və 9 yaşları var idi. Müharibəni çox yaxından izləyirdilər. Biz hamımız fəxr edirik ki, bütün azərbaycanlıların Müzəffər Ali Baş Komandanı var. Biz fəxr edirik ki, azərbaycanlıyıq. Ordumuz bütün gücünü dünyaya nümayiş etdirdi. Ukraynada biz fəxrlə Azərbaycanı nümunə gətiririk. Xəstələri qəbul edərkən ilkin olaraq Azərbaycanın necə qüdrətli dövlət olması haqqında məlumat verirəm”, - deyə həkim soydaşımız vurğulayıb.