AZ

Suriya-Livan sərhədində atışma olub

AzVision.az xəbər verir ki, “Elnashra” portalının məlumatına görə, Suriya təhlükəsizlik qüvvələri ilə zərbə mübadiləsi Livan hakimiyyətinin Əl-Kaa sərhəd-keçid məntəqəsini bağlamasına səbəb olub. Sərhədin Hermeldən şimal hissəsinə gücləndirici qüvvələr yerləşdirilib.

Bundan əvvəl bölgədə Livan əsgərləri Dendaş qəbiləsindən olan qaçaqmalçılar dəstəsi ilə toqquşub, yaraqlılar itki verərək Suriya ərazisinə geri çəkilib.

Suriya-Livan sərhədində sonuncu silahlı insident avqustun 17-də Livan ordusunun Kfar-Zabad dağlıq bölgəsində terrorçu qruplaşmanın ölkə ərazisinə soxulmaq cəhdinin qarşısını alması zamanı baş verib.

Xatırladaq ki, martın 27-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Livan və Suriyanın Müdafiə nazirləri Mişel Menas və Murhaf Əbu Qəsrə ortaq sərhədlərin demarkasiyası haqqında saziş imzalayıblar. Danışıqlarda onların səudiyyəli həmkarı şahzadə Xalid bin Salman Əl Səud vasitəçilik edib.

Müdafiə nazirliklərinin rəhbərləri 375 kilometr uzunluğunda Livan-Suriya sərhədində sabitliyin qorunması mexanizmlərini hazırlayacaq ikitərəfli ixtisaslaşdırılmış komitələrin yaradılması barədə razılığa gəliblər.

Sahil İafəndərov
AzVision.az
Seçilən
57
azvision.az

1Mənbələr