“İddialar yayırlar ki, hansı deputat tənqidi çıxış edirsə, guya hakimiyyətin sifarişidir, yoxsa deputatlar özləri belə sərbəst danışa bilməzlər. Bunlar hamısı dedi-qodudur. Ümumi yanaşmadır. Biz hamının adına cavab verə bilmərik, şəxsən öz adımıza cavab veririk. Niyə bu cür yanaşma var? Son vaxtlar dəbdir, bütün günahları deputatların üstünə atırlar. Çoxlarının hökuməti, başqa orqanları tənqid etmək cəsarətləri yoxdur. Qorxurlar. Elə zəif yer, zəif bənd deputatlardır, onlara hücum etmək dəbə çevrilib. Hərənin bir cür yanaşması var və deyilənlərin bizə aidiyyəti yoxdur. Biz sifətimizi qoruyan adamlarıq”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
E.Musayev dedi-qoduların həm də qərəzdən irəli gəldiyini bildirib: “Deputat seçiləndə də, bundan əvvəl də nəyi doğru biliriksə, deyirik ki, doğrudur, nə yanlışdırsa, deyirik, yanlışdır. Tənqid də edirik. Böyük əksəriyyətindən fərqli olaraq, həm də təklif veririk. Bu dedi-qoduların kəsiləcəyini düşünmürəm. Həmişə olub və olacaq. Yaxşı olar, konkret desinlər ki, filan deputat hökumətin, hakimiyyətin sifarişini yerinə yetirir. Mediamız da daha pozitiv olmalı, proqressiv məsələləri müzakirəyə çıxarmalıdır. Televiziyalarımızda şou məsələləri yayımlanır. Aldı, boşadı, qaçdı, əmisi oğlunun arvadını qaçırdı... Hamısı dedi-qodudur, eyni zamanda bu da. Bunlar Azərbaycanın gələcəyi, yeni nəsil üçün, Azərbaycanın dövlətçiliyi üçün əhəmiyyətli deyil. Biz yeni dövrdə, texnologiyalar əsrində yaşayırıq. Yaxşı olar, süni intellekti, yeni texnologiyaların iqtisadiyyatda tətbiqini, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün hansı addımlar atmağın vacibliyini müzakirə edək. Məsələn, bir müğənni həbsxanaya düşüb çıxdı və bütün media bunu müzakirə edir. Onun nə effekti var? Bu, yaxşı nümunə deyil”.
Aytəkin Qardaşova