AZ

Evə sərxoş vəziyyətdə gələn kişi ona irad bildirən arvadını odun parçası ilə döydü - MƏHKƏMƏ

Masallı Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İkram Hacıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə Astara rayonundakı kəndlərdən birində qeydə alınıb.


Şəxsi münasibətlər zəminində ər-arvad arasında yaranmış mübahisə zamanı İkram Hacıyev həyat yoldaşı, zərərçəkmiş Bənövşə Hacıyevanı (adı, soyadı şərtidir) döyüb.


Belə ki, təqsirləndirilən şəxs qəsdən yumruqla zərərçəkmiş şəxsin sağ göz nahiyəsinə bir dəfə, həmçinin odun parçası ilə sol baldır nahiyəsinə bir neçə dəfə zərbə endirib. Nəticədə qadının sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları və gözaltı nahiyənin, eləcə də sol baldır və sol bud nahiyələrinin qançırları şəklində, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirilib.


Məhkəmə baxışı zamanı İkram Hacıyev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə dindirilib və o, özünü tam təqsirli bilib. İfadəsində bildirib ki, dörd övladı var və hadisə günü axşam saatlarında kənd ərazisində yerləşən kafedə bir qədər spirtli içki qəbul edib. Saat 20 radələrində evə qayıdarkən həyat yoldaşı onun sərxoş vəziyyətdə olduğunu görərək irad bildirib. Sonradan yemək istədikdə Bənövşə “harada olmusan, orada da yemək versinlər” deməsi səbəbindən aralarında mübahisə yaranıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisə zamanı zərərçəkmiş şəxsin səsini yüksəltməsi onu əsəbiləşdirib, evdə olan sobanın yanında yerləşən odun parçalarından birini götürüb. Bundan sonra həyat yoldaşı evin həyətinə qaçıb, o isə arxasınca gedərək əvvəlcə yumruqla sağ göz nahiyəsinə, daha sonra odun parçası ilə baldır nahiyəsinə bir neçə dəfə zərbə vurub. Hadisədən sonra evə qayıdaraq təxminən yarım saat sonra yatdığını, spirtli içkinin təsiri altında əsəbi olduğunu və törətdiyi əməldən peşman olduğunu söyləyib.

İkram Hacıyev məhkəmədə həmçinin bildirilib ki, arvadı ilə barışıb, dəymiş zərər tam ödənilib və zərərçəkmiş şəxs hazırda ona qarşı heç bir şikayət və tələbinin olmadığını bəyan edib.

Kamal Məmmədov 

Tarix: 15 Dekabr 2025, 09:01   
Seçilən
84
pravda.az

1Mənbələr