BAKI, 15 dekabr. TELEQRAF
Polşa Prezidenti Karol Navrotskinin Latviyaya səfəri qalmaqalla yadda qalıb. Belə ki, Riqa aeroportunda polşalı lideri çirkli avtomobillə qarşılayıblar.
Teleqraf xəbər verir ki, "Sputnik" agentliyinin məlumatına görə, qəbul edən tərəf prezident Navrotski üçün BMW markalı, lakin təmizlənməmiş avtomobil təqdim edib. Avtomobilin fotosu sosial şəbəkələrdə narazılıq doğurub.
Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Matsey Veviar bildirib ki, nümayəndə heyətinin logistikası və nəqliyyat məsələləri qəbul edən tərəfin səlahiyyətinə daxildir.
Latviya tərəfi isə məsələni Riqa şəhərində yağışlı hava şəraiti və aeroport ərazisində avtoyumanın olmaması ilə izah edib.
Hadisəyə münasibət bildirən “Latviya birinci yerdədir” partiyasının lideri Aynars Şlesers istehzalı şəkildə qeyd edib ki, ölkənin borc yükü o həddə çatıb ki, yüksək səviyyəli qonağın qarşılanması üçün yalnız köhnəlmiş avtomobil tapılıb.