AZ

Netanyahu Avstraliya baş nazirini antisemitizmi qızışdırmaqda ittiham edib

İsrail hökumətinin başçısı Kanberranın Fələstini tanımasını yəhudilərə qarşı nifrəti təşviq edən addım adlandırıb...

Poliqon xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu Avstraliyanın baş naziri Entoni Albanzeni ölkədə antisemitizmin yayılmasına göz yummaqda və onu dolayı yolla təşviq etməkdə ittiham edib. The Financial Times nəşrinin yazdığına görə, Netanyahu bu il əvvəl Albanziyaya məktub ünvanlayaraq Avstraliyada artan antisemitizm təhlükəsi barədə xəbərdarlıq etdiyini və Kanberranın Fələstin dövlətini tanımasını açıq şəkildə pislədiyini bildirib.

Netanyahunun sözlərinə görə, Avstraliya hökuməti vəziyyətin qarşısını almaq üçün heç bir real addım atmayıb.

“Sizin hökumətiniz Avstraliyada antisemitizmin yayılmasını dayandırmaq üçün heç nə etmədi. Ölkənizin daxilində böyüyən xərçəng hüceyrələrini cilovlamaq üçün də heç bir tədbir görmədiniz. Siz hərəkətsiz qaldınız, xəstəliyin yayılmasına imkan verdiniz və bunun nəticəsi bu gün gördüyümüz yəhudilərə qarşı dəhşətli hücumlar oldu”, deyə Netanyahu bildirib.

İsrailin baş naziri vurğulayıb ki, Avstraliyanın Fələstin dövlətçiliyini dəstəkləməsi antisemitizmi təşviq edir və bu meyli daha da gücləndirir. Onun sözlərinə görə, bu mövqe terrorçu HƏMAS qruplaşmasını ruhlandırır və Avstraliyadakı yəhudiləri hədəfə alanları cəsarətləndirir.

“Biz məktubda açıq yazmışdıq ki, Fələstin dövlətinin yaradılmasına çağırış antisemitik nifrətə yağ tökmək deməkdir. Bu, HƏMAS terrorçularını həvəsləndirir, Avstraliya yəhudilərini hədələyənləri ruhlandırır və hazırda küçələrinizdə hökm sürən yəhudilərə qarşı nifrəti qidalandırır”, deyə Netanyahu çıxışında bildirib.

Xatırladaq ki, avqustun 11-də Entoni Albanze dünya liderləri arasında ilk olaraq Avstraliyanın Fələstin dövlətini tanıyacağını açıqlayıb. Bundan sonra Fransa, Böyük Britaniya və Kanada da oxşar bəyanatlarla çıxış ediblər. Bu qərarlar isə İsrail rəhbərliyinin və yəhudi icmalarının kəskin reaksiyasına səbəb olub.

Poliqon.info

Seçilən
97
poliqon.info

1Mənbələr