İstanbul, 15 dekabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Eskişehir vilayətində “Türk dünyası gələcəyin liderləri: Təhsildən iş dünyasına” mövzusunda forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), ESAZDER Akademiya və Eskişehir Azərbaycanlılar Dərnəyinin Elmi şurasının əməkdaşlığı ilə təşkil edilib. Forumun rəsmi hissəsində əvvəl, başda Ulu Öndər Heydər Əliyev olmaqla, dünyasını dəyişən Türk dünyası liderləri və şəhidlərin əziz xatirələri yad edilib, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edənlər Türk dünyasını bir araya gətirən bu cür elmi və peşəkar platformaların davamlılığının vacibliyini vurğulayaraq, bu kimi proqramların təhsil ilə biznes dünyası arasında güclü körpü yaratdığı, gənclərin karyera yoluna istiqamət verdiyi və akademiya–sektor əməkdaşlığını gücləndirdiyini qeyd edib.
Forum “Təhsildən biznes dünyasına çoxşaxəli baxış”, “Qlobal karyera imkanları və beynəlxalq iş mədəniyyəti”, “Xidmət sektorunda çoxmədəniyyətli komandalarla işləməyin üstünlükləri və çətinlikləri”, “Gənc sahibkarlar, rəqəmsal iqtisadiyyat və innovasiyanın biznes dünyasına təsiri”, “Türkiyədə təhsil alan beynəlxalq tələbələrin əmək bazarına inteqrasiyası və peşəkar təcrübələri” mövzularında panel iclaslar keçirilib. Tədbir iki seminar və intellektual bilik yarışı ilə davam etdirilib.