AZ

Putin və Tramp Avropanı RAZI SALIR – Yaxın günlərdə ŞOK HADİSƏLƏR OLACAQ

Mümkün Rusiya–Çin hərbi qarşıdurması fonunda Avropanın ABŞ-ın dəstəyindən məhrum qala biləcəyi ehtimalı Avropa analitikləri arasında ciddi narahatlıq doğurur.

Bu qənaət Rusiya Prezidenti Vladimir Putinin və NATO-nun yeni baş katibi Mark Rüttenin son açıqlamalarına əsaslanır.

NOCOMMENT.az xəbər verir ki, analitiklərin diqqət çəkdiyi əsas məqam Putinin VTB bankının investisiya forumunda səsləndirdiyi fikirlərdir. Rusiya prezidenti həmin çıxışında bildirib:

“Biz Avropa ilə müharibə etmək niyyətində deyilik. Amma Avropa müharibəyə başlasa, biz buna elə indi hazırıq”.

Putin sözlərini ölçüb-biçir

Mütəxəssislərin fikrincə, Putin ictimai çıxışlarında ifadələrini təsadüfi seçmir. Onun NATO-dan yox, məhz Avropadan danışması 5-ci maddə ilə nəzərdə tutulan kollektiv müdafiə mexanizminin işə düşməyə biləcəyi barədə mesaj kimi qiymətləndirilir.

Avropanın vahid orduya və ortaq siyasi xəttə malik olmaması, daxili ziddiyyətlərlə zəifləmiş struktura çevrilməsi bu riskləri daha da artırır. Bu kontekstdə Putinin açıqlaması Rusiya ilə Avropa arasında mümkün birbaşa qarşıdurmada ABŞ-ın prosesdən kənarda qala biləcəyinə işarə kimi dəyərləndirilir.

Bəzi ekspertlər Rusiya və ABŞ arasında Alyaskanın Ankoric şəhərində keçirilən yüksək səviyyəli təmaslar zamanı qeyri-rəsmi razılaşmaların əldə olunmasını da istisna etmirlər.

Putin eyni zamanda Avropa ölkələrini Ukraynaya dəstəyin onların suverenliyinə baha başa gələ biləcəyi ilə hədələyib. Bu yanaşma Moskva ilə Vaşinqton arasında yeni təhlükəsizlik arxitekturasının müzakirə edildiyi və Avropanın bu prosesdə “razılaşma predmeti”nə çevrildiyi ehtimalını gücləndirir.

Trampın siyasəti Rusiyanın maraqlarına xidmət edir

Ekspertlər Avropanın təkbaşına Rusiyaya qarşı durmaq qabiliyyətinə də şübhə ilə yanaşırlar. Moskva artıq iqtisadiyyatını hərbi rejimə keçirib və hərbi-sənaye kompleksinin istehsal gücünü artırır. Bu ssenari Çinin də dolayısı ilə Rusiyanın tərəfində çıxış edəcəyi təqdirdə daha təhlükəli görünür.

Qeyd edək ki, dekabrın əvvəlində Rusiya və Çin Rusiya ərazisində birgə raketəleyhinə təlimlərin üçüncü mərhələsini keçiriblər.

NATO baş katibi Mark Rütte Berlində çıxışı zamanı bildirib ki, Çinin dəstəyi olmasaydı, Rusiya Ukraynada müharibəni davam etdirə bilməzdi.

Bu məsələləri haqqin.az-a şərh edən Polşanın Belarusdakı sabiq səfiri, Onet.pl portalının siyasi icmalçısı Vitold Yuraş qeyd edib ki, onun fikrincə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropanı rəqib kimi görür və bu, Rusiya üçün müsbət xəbərdir.

Bununla belə, Yuraş vurğulayıb ki, Avropa ölkələrinin ümumilikdə Rusiya ilə müqayisədə daha çox döyüş təyyarəsi, helikopter və silah-sursatı mövcuddur.

Avropa müharibəyə hazırdırmı?

Polşalı politoloqun sözlərinə görə, Avropada Rusiya ilə müharibə qorxusu hökm sürmür. O, sentyabr ayında keçirilmiş “Qərb-2025” Rusiya–Belarus birgə təlimlərinə diqqət çəkib. Bu təlimlər 2021-ci ildə Ukraynaya hücumdan əvvəl keçirilmiş “Qərb-2021” manevrlərinin analoqu hesab olunur.

“2021-ci ildə təlimlərdə on minlərlə rus hərbçisi iştirak edirdi. Bu dəfə isə Moskvanın 100 minlik heyət iddiasına baxmayaraq, real iştirakçı sayı təxminən 3 min nəfər olub”, – deyə Yuraş bildirib.

Onun sözlərinə görə, Belarusun müdafiə naziri Viktor Xreninin açıqlamasına əsasən, təlimlərə 6 min belaruslu və cəmi 1 min rus hərbçisi cəlb edilib. Bunun səbəbi aydındır: Rusiyanın əlavə canlı qüvvə və texnika ehtiyatı yoxdur, çünki bütün resurslar Ukrayna cəbhəsinə yönəldilib.

Vitold Yuraş hesab edir ki, Ukrayna ordusu artıq faktiki olaraq Qərbi Avropanın təhlükəsizlik sisteminin bir hissəsinə çevrilib. Teorik olaraq Rusiya Ukraynadan 100 min əsgəri Avropa istiqamətinə çəkə bilər, lakin bu addımdan dərhal Ukrayna qüvvələri Donbasda irəliləmək üçün istifadə edər.

Politoloqun fikrincə, Rusiyanın əsas strateji məqsədi Avropa ilə ABŞ arasında birliyi parçalamaqdır və bu məsələdə Donald Tramp obyektiv olaraq Moskvaya kömək edir.

Bununla yanaşı, ABŞ rəsmən bəyan edib ki, Amerika qoşunları Türkiyə, Böyük Britaniya, İtaliya, Rumıniya, Polşa və Baltik ölkələrində qalacaq.

“Mən əminəm ki, ABŞ Ukraynanı dəstəkləməkdən imtina edə bilər, amma Avropadan yox”, – deyə Yuraş vurğulayıb. – “Avropanın ABŞ banklarındakı vəsaitlərinin həcmi və Amerika sərmayələrinin miqyası buna imkan vermir”.

Ekspertin qənaətincə, Avropa ABŞ-ın dəstəyi olmadan Rusiya ilə müharibəyə hazır deyil, lakin Rusiya da Avropaya genişmiqyaslı hücuma hazır vəziyyətdə deyil.

Çin Rusiyanı qurban vermək istəyir

Yuraş əlavə edib ki, Avropanın iqtisadi potensialı Rusiyanın ÜDM-indən qat-qat böyükdür. Rusiyanın bütün ritorikasına baxmayaraq, onun resursları Ukraynanın dörd bölgəsinə tam nəzarəti yalnız 4 ildən sonra təmin etməyə çata bilər.

Çin faktoruna toxunan politoloq bildirib ki, Avropa İttifaqı ilə Rusiya arasında müharibə baş verərsə, Pekin Moskvaya nə birbaşa, nə də dolayı dəstək verəcək.

“Çin üçün Rusiyanın Ukraynada məğlub olması və maliyyə baxımından çökməsi, müharibənin uzanmasından daha pis ssenaridir. Pekin müharibənin mümkün qədər uzun çəkməsində maraqlıdır, çünki bu, Rusiyanın Çindən asılılığını artırır”, – deyə Vitold Yuraş qeyd edib.

Onun sözlərinə görə, bu müharibənin əsas nəticəsi artıq formalaşıb: Rusiya Çinin xammal əlavəsinə çevrilməkdədir.

Mənbə: haqqin.az

Azərbaycan dilinə tərcümə etd: Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
65
nocomment.az

1Mənbələr