Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Nazirlikdən verilən məlumata görə, müsabiqəyə ümumilikdə 220 layihə təqdim olunub, onlardan 54 QHT-nin layihəsi qalib seçilib.
Qeyd edək ki, müsabiqəyə iyul ayında start verilsə də, nəticələrin elan edilməsi aylarla gecikib. Bu müddət ərzində müsabiqə ətrafında müxtəlif iddialar səsləndirilib, nəticələrin əvvəlcədən müəyyənləşdirildiyi ilə bağlı ittihamlar irəli sürülüb.
Nəticələrin açıqlanmasından sonra diqqət çəkən əsas məqam qalib təşkilatlara ayrılan qrant məbləğlərinin rəsmi məlumatda göstərilməməsidir.
Ekspertlər qeyd edir ki, bu hal müsabiqənin şəffaflığı ilə bağlı suallar doğurur və əvvəlcədən səslənən ittihamları gücləndirir.
Çünki ölkəmizin bütün milli donorları qrant müsabiqələrinin nəticələrini elan edərkən qaliblərə yanaşı, qrant məbləğlərini də şəffaf formada bütün ictimaiyyətə açıqlayırlar.
Bundan başqa bəzi qalib təşkilatların nazir və nazir müavinlərinin yerlilərinə, yaxın ətrafına, eləcə də keçmiş iş yoldaşlarına bağlı olduğu iddia edilir. Adı çəkilən QHT-lər sırasında “Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq” ictimai birliyi, Hüquqi Tədqiqatlar Mərkəzi, “İnsan Hüquqlarının Təşviqi Mərkəzi”, eləcə də “Gəncə Sahibkar Qadınlar” İctimai Birliyi göstərilir. Maraqlıdır ki, “Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq” ictimai birliyi barədə açıq internet mənbələrində hər hansı məlumat tapılmır.
//Editor.az