AZ

“Qarabağ”ın əsas rəqibi “Sabah” olacaq?

Ölkə çempionatında mövsüm hələ yarılanmayıb. Bununla belə, tədricən əsas cizgilər, hansı komandaların çempionluq və avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağı, hansıların, sadəcə, elitada yerini qorumağa çalışacağı aydınlaşmaqdadı. 14-cü turun mənzərəsinə bir daha nəzər salaq.
“Zirə” – “Qarabağ” oyunu üzərində Çempionlar Liqasının ab-havası duyulurdu. Təbii ki, Qurban Qurbanov bütün əsas oyunçuları meydana buraxmamışdı, “Ayaks”la oyunu düşünərək ehtiyatlı davrandı. Digər tərəfdən, “Qarabağ”ın oyunçuları əməlli-başlı gərginlik keçirirdi. Birdən-birə üç oyunçusunun sarı vərəqə ilə cəzalanmasına başqa izah tapmaq çətindi. Sırf nəticəyə gəlincə, heç-heçə sanki tərəflərin ikisinin də ürəyincəydi.
Bazar günü keçirilən yeganə oyunda “Şamaxı” “Karvan-Yevlax”ı darmadağın etdi. “Karvan-Yevlax”ın elitaya gəlişinin erkən olduğunu göstərən ən müxtəlif əlamətlər var: istər oyunun səviyyəsi, istərsə də klub ətrafında yaşanan hadisələr baxımından. Azər Həşimovla vidalaşmadan Füzuli Məmmədovu “sükan arxasına” gətiriblər, o da publikaya “hələ gözləyin” mesajını verir. Yevlaxlılar bu mövsümün sonunda elitadan getsələr, heç kim təəccüblənməyəcək.
“Sabah” “Zirə”nin ardından “Neftçi”ni də məğlub etməklə “Qarabağ”la çempionluq uğrunda sona qədər mübarizə aparmaq əzmini ortaya qoydu. Özü də “bayquşlar” Masazırda keçirilən oyunda aşkar üstün idilər, faktiki “ağ-qaralar”a göz açmağa imkan vermədilər. Valdas Dambrauskas yaxşı, rəqabətədavamlı komanda yaradıb. Hətta mən indiki “Sabah”ın Murad Musayevin dönəmindəki ən yaxşı obrazını xatırlatdığını deyərdim. Yeni baş məşqçisi Yuri Vernidubun gözü önündə uduzan “Neftçi”yə gəlincə… Söz tapmaq çətindi. Bir klub ölkə futbolundakı mövqeyini necə ildırım sürəti ilə əldən verə bilər ki?! Bugünkü “Neftçi”yə baxın, görəcəksiz.
Çərşənbə axşamı keçirilən oyunlarda meydan sahibləri qalib gəldi. “Araz-Naxçıvan” “Kəpəz” üzərində inamlı qələbə qazanmaqla kubokun 1/8 final oyununda qeydə alınan nəticənin təsadüf olduğunu göstərdi. Eyni zamanda, Elmar Baxşıyevin başının üzərindən qara buludlar da çəkildi. Mümkün məğlubiyyət Zaur Axundovun səbr kasasını daşıracaqdı. Belə olmadı və Baxşıyev yola davam etmək fürsəti qazandı.
“Sumqayıt” – “İmişli” oyununda bütün maraqlı hadisələr sonda baş verdi. 90+9-cu dəqiqədə özündənrazı şəkildə “nöqtə”yə yaxınlaşan İbrahim Əliyev topu tirə vurmaqla qonaqları məğlubiyyətdən qurtarmaq imkanını qaçırdı. Yeri gəlmişkən, məhz bu futbolçu 1-ci dövrədə “İmişli”nin texniki məğlubiyyətini səbəbkarı olmuşdu. Ardından Saşa İliçin köməkçisi Veliçko Kaplanoviç daha məşhur həmvətəni kimi özünü göstərməyə çalışdı və oyunun bərpasını ləngitdi. Nə işdisə, “Sumqayıt”ın məşqçi korpusunda yer alanlar hər oyunda özünü qoçu kimi aparır, rəqib məşqçilər və oyunçular ilə haqq-hesab çəkməyə çalışır. Bəlkə kimsə onlara belə müstəsna səlahiyyət verib, futbol ictimaiyyətinin xəbəri yoxdu? Başınızı aşağı salın, futbolunuzu oynayın, hoqqabazlıq etməyin!
Hoqqbazlıq demişkən… Təbiət, daha doğrusu, duman “Qəbələ” – “Turan Tovuz” oyununu başa çatdırmağa imkan vermədi. Hər halda, Qəbələnin ilin bu fəsli üçün havasından xəbərdar olan PFL oyunun daha tez başlamasına qərar verə bilərdi. Hər halda…
Misli premyer-liqası
2-ci dövrə, 14-cü tur
6 dekabr
Zirə - Qarabağ 1:1
7 dekabr
Karvan-Yevlax – Şamaxı 0:3
8 dekabr
Sabah – Neftçi 2:0
9 dekabr
Araz-Naxçıvan – Kəpəz 2:0
Sumqayıt – İmişli 1:0
“Qəbələ” – “Turan Tovuz” oyunu yarımçıq qalıb.
1. Qarabağ 13 9 3 1 24-6 30
2. Sabah 13 8 4 1 21-6 28
3. Zirə 14 7 6 1 22-13 27
4. Sumqayıt 14 8 2 4 23-16 26
5. Turan Tovuz 13 7 3 3 16-9 24
6. Araz-Naxçıvan 14 6 5 3 22-20 23
7. Şamaxı 14 4 5 5 16-15 17
8. Neftçi 14 3 7 4 16-14 16
9. İmişli 14 4 3 7 13-18 15
10. Qəbələ 13 2 2 9 10-18 8
11. Kəpəz 14 2 0 12 10-37 6
12. Karvan-Yevlax 14 1 2 11 10-31 5
Bombardirlər: Ba-Muaka Simakala (Araz-Naxçıvan), Coy-Lens Mikels (Sabah) – 7.
ORXAN

Seçilən
83
1
football-plus.az

2Mənbələr