
Almaniya kansleri Fridrix Mertz bildirib ki, Rusiya prezidenti Vladimir Putin aqressiv xarici siyasətdə yalnız Ukrayna ilə kifayətlənməyəcək.
AFN.az xəbər verir ki, bu barədə DW məlumat yayıb. Mertz Münhendə, Xristian-Sosial İttifaqı (CSU) partiyasının konqresində çıxışı zamanı deyib: “Putin dayanmayacaq. Əgər Ukrayna düşsə, o, dayanmayacaq”.
Kansler qeyd edib ki, Putinin məqsədi Avropada sərhədləri köklü şəkildə dəyişdirmək və SSRİ-ni əvvəlki sərhədlərində bərpa etməkdir. Mertz bunu “keçmiş imperiyanın bir hissəsi olmuş ölkələr üçün böyük, o cümlədən hərbi təhlükə” hesab edir.
Bu səbəbdən, Mertz vurğulayıb ki, Ukraynaya davamlı yardım və Avropanın Böyük Britaniya ilə strateji əməkdaşlıq çərçivəsində birliyi xarici və təhlükəsizlik siyasətində prioritetdir. Eyni zamanda, NATO-nun mümkün qədər uzun müddət qorunması vacibdir; təşkilatın effektivliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən dəfələrlə şübhə altına alınmışdı.
Mertz hesab edir ki, Rusiya siyasətinə dair tarixdəki analogiyalar düzgün seçilməlidir. 1914-cü ildə bəzi dövlətlərin Birinci Dünya Müharibəsinə tələsməsi yanlış müqayisədir. O deyib: “Tarixi analogiya olaraq 1938-ci il daha uyğun olardı”.
Kanslerin sözlərinə görə, Münhen Sazişindən sonra Adolf Hitler gördü ki, Avropa dövlətlərinin sakitləşdirilməsi siyasəti onun imperiya ambisiyalarını gücləndirir və bir il sonra İkinci Dünya Müharibəsini başlayıb.
ABŞ, Çin və Rusiyadakı hadisələr fonunda Mertz qeyd edib ki, dünya siyasi və iqtisadi güc mərkəzləri demək olar ki, tektonik dəyişiklik yaşayır. Almanlar və avropalılar bu prosesin mərkəzindədir, ABŞ isə öz maraqlarını qorumağa məcburdur.