AZ

50 manat ödə – vur, sındır! – Azərbaycanda yeni qazanc mənbəyi yaranır?

Dövrümüzün insanını aqressiya və stressiz təsəvvür etmək mümkün deyil. Hətta günümüzün ən qorxunc xəstəlikləri də məhz bu səbəbdən artır, üstəlik getdikcə cavanlaşır.

Nəzərə alsaq ki, qəzəb özü özünü böyüdən bir hissdir və hər kəs günün birində “partlayış” yaşaya bilər, ona görə də əlinə keçəni tolazlamaq, sındırmaq, bununla da rahatlamaq istər.
 

İşbazlar bu psixoloji gərginlikdən də pul qazanmağın yolunu tapıblar. “Qəzəb otağı” (Anger room) adlı kiçik məkanlar yaradılır və bura televizor, telefonlar, kompüterlər, qab-qacaq qoyulur ki, əlinə keçəni divara tuşlaya biləsən. Qəzəbini azad buraxmaq istəyənlər üçün yarım saatı bizim pulla 50 manat – dağıt, sındır, hirsin soyusun.  


Maraqlısı da odur ki, qəzəb otaqlarına kişilər daha çox müraciət edirlər. Halbuki statistika qadınlarırn daha qəzəbli olduğunu bildirir. Bir neçə il əvvəl Gallup-un apardığı sorğu qadınların son on ildə daha çox aqressivləşdiyini ortaya qoyub. Hər il 150-dən çox ölkədə qadınların kişilərə nisbətən qəzəb, kədər, stress və narahatlıq kimi emosiyaları daha tez-tez yaşadığını aşkar edib.

Psixoloqlar deyir ki, belə “yüngülləşmə” bəzi hallarda faydalı olsa da, problemi köklü həll etmir.

Əksinə, qəzəbin yatmasından çox, vərdiş yarada bilər. Məsələn, sinir sistemi və idarə olunması haqqında kitabların müəllifi Rayan Martin qeyd edir ki, belə otaqlar qəzəbi boşaltmaqdan çox onu böyütməyə yarayır, getdikcə daha çox alovlanırlar.

Görəsən belə qəzəb otaqları nə vaxtsa Azərbaycanda yarana bilərmi? Yaransa, yerli aqressorlarımız buna görə pul ödəyərlərmi?

Sosioloq Vüsalə Tarverdiyeva Bizim.Media-ya bildirdi ki, texniki baxımdan yaradılması  mümkündür: lazımi məkan, əşyalarla təchizat və s. Ancaq mental yanaşma tərəfdən ağlabatan görünmür:
 

“Şəxsən inanmıram ki, bizdə insanlar pul qarşılığında otağa girib qab-qacaq sındırsın. Hətta bu onun xeyrinə olsa belə, pul ödəməyə əli gəlməyəcək. Təəssüf ki, insanlarırmızda qəribə simiclik var: məsələn, psixoloqa pul ödəyib problemini həll etməz, amma ondan 2 qat artığını gərəksiz bazarlıq edər. Belə qəzəb otaqlarına pul verincə elə evində girib qab-qacağı yerlə bir etməyi üstün tutar”.


Sosioloq həmçinin belə otaqların riskli olmasına da diqqət çəkdi: sındırıb-dağıtma zamanı yaralanma ehtimalları da qaçılmazdır. Əgər belə məkanlar açılacaqsa təhlükəsizlik, məsuliyyətli nəzarət, yerindəcə yardım vacib şərt olmalıdır.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
25
1
bizim.media

2Mənbələr