“İrəli” İctimai Birliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin tarixi irsinin yeni nəsillərə çatdırılması və onun dövlətçilik yolunun əhəmiyyətinin vurğulanması məqsədi daşıyıb.
Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Milli Konservatoriya və Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə müxtəlif xalq və bəstəkar mahnıları ifa olunub.
Gənc ifaçıların səhnə çıxışları Ulu Öndərin irsinin və onun dəyərlərinin təbliğ olunmasına həsr edilib. Tədbirdə Milli Müdafiə Universitetinin şəxsi heyəti və gənclər iştirak ediblər.