Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dünyanın ən böyük futbol ulduzlarından biri olan Lionel Messinin Hindistan turu Kolkatada xaosla yadda qaldı. Əfsanəvi futbolçunu görmək üçün "Salt Leyk" stadionuna axışan minlərlə azarkeş gözləntiləri ödənilmədikdə qəzəbini tribunalara və meydana yönəltdi.
Sherg.az xəbər verir ki, Messinin “GOAT Tour” çərçivəsində təşkil olunan tədbirinə qatılan azarkeşlər argentinalı ulduzu yaxından görmək ümidi ilə 12 min rupi (təxminən 5 656 türk lirəsi) ödəyiblər. Lakin Messinin yalnız meydanda qısa bir dövrə vurması, ətrafının rəsmilər və tanınmış şəxslərlə əhatələnməsi və təxminən 20 dəqiqə sonra təhlükəsizlik səbəbi ilə ərazidən çıxarılması izdihamın səbrini daşırıb.
Messinin erkən ayrılmasından sonra bəzi azarkeşlər meydana daxil olub, plastik stullar və su butulkaları meydana atılıb. Tribunalardakı qəzəb qısa müddətdə zorakılığa çevrilib; afişalar cırılıb, çadırlar sökülüb.
2022-ci il Dünya Çempionatının qalibi olan və futbol tarixinin ən böyük oyunçularından biri sayılan Messinin tədbir çərçivəsində qısa nümayiş oyunu keçirməsi gözlənilirdi. Lakin bu baş tutmadı.
Bir azarkeş Hindistan xəbər agentliyi "ANI"yə verdiyi açıqlamada narazılığını belə ifadə etdi: "Messinin ətrafında yalnız liderlər və oyunçular var idi. Böyük məyusluq yaşadım. O halda bizi niyə çağırdılar? 12 min rupi ödədik, amma üzünü belə görə bilmədik”.
Başqa bir qəzəbli azarkeş isə "Press Trust of India"ya danışaraq, Messini görmək üçün demək olar ki, bir aylıq maaşını xərclədiyini deyiv: “Oğlumla gəlmişdim, siyasətçiləri yox, Messini görmək üçün. Polislər və hərbçilər selfi çəkirdi, günah təşkilatçılıqdadır”.
Messinin Hindistan turu Kolkata, Haydarabad, Mumbay və Yeni Delhini əhatə edir. Turun ilk dayanacağı olan Kolkatada Messinin təxminən 21 metr hündürlüyündə nəhəng heykəli təqdim olundu. Heykəl 45 nəfərlik komanda tərəfindən 27 günə inşa edilib. Lakin təhlükəsizlik səbəbi ilə təqdimat onlayn formatda keçirildi. Bu isə Messini canlı görmək istəyən minlərlə azarkeşi stadiona yönəltdi.
Stadiona gələn azarkeşlər “Messi” şüarları səsləndirdi, formalar aldı və üzərində “I love Messi” yazılan lentlər taxdı. Messi meydana çıxaraq azarkeşləri salamladı, lakin proqramın qəfil dayandırılması məyusluğu qəzəbə çevirdi.
Qərbi Benqalın baş naziri Mamata Banerci hadisələrdən sonra "dərindən narahat və şokda olduğunu" bildirərək həm Messidən, həm də idmansevərlərdən üzr istəyib. Banerci hadisə ilə bağlı araşdırmaya başlandığını açıqlayıb.
“Komitə ətraflı araşdırma aparacaq, məsul şəxsləri müəyyən edəcək və oxşar hadisələrin təkrarlanmaması üçün tədbirlər təklif edəcək”, - deyə o vurğuladı.
Hadisələrdən saatlar əvvəl minlərlə insan Messinin qaldığı otelin qarşısında toplaşaraq futbolçunu görə bilmək üçün saatlarla gözlədi. 24 yaşlı hüquqşünas Hiteş Messini görmək üçün Benqalurudan Kolkataya təxminən 1 900 kilometr yol qət etdiyini bildirdi.
“Bu mənim üçün çox şəxsidir”, – deyən Hiteş BBC-yə açıqlamasında əlavə etdi: “Messi özümü ən çox bağdaşdırdığım oyunçudur. Boyum qısadır, amma o, istedadla hər şeyin mümkün olduğunu mənə göstərir”.
Kriketin kölgəsində qalan Hindistanda Kolkata güclü futbol mədəniyyətinə malik şəhərlərdən biridir. Şəhərdə yerli derbilər zamanı yüz minlərlə azarkeşin stadionlara axışması adi mənzərədir.
Messiyə maraq bununla da bitmir. Azarkeşlər “Hola Messi” adlı fan zonasında taxtda oturan Messinin birebir surətini, qazandığı kubokların nümayiş etdirildiyi zalı və Mayamidəki evinin eynilə canlandırılmış modelini ziyarət edə bilirlər. Balkonda isə Messi və ailə üzvlərinin manekenləri yer alır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.