BAKI, 13 dekabr. TELEQRAF
Moskvanın Avropa Birliyinin (AB) Rusiya aktivlərini bloklamasına cavabı özünü çox gözlətməyəcək.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Brüssel Aİ ölkələri vətəndaşlarının siyasi ambisiyaların bədəlini ödəyəcəklərini ört-basdır edir. Bizim cavabımız özünü çox gözlətməyəcək", - deyə o vurğulayıb.
Zaxarova xatırladıb ki, Mərkəzi Bank bir gün əvvəl bu məsələ ilə bağlı ətraflı açıqlama yayıb. Artıq konkret addımlar atılır. Elə həmin gün tənzimləyici qurum Rusiya Bankına dəyən ziyana görə "Euroclear" depozitariyasına qarşı Moskva Arbitraj Məhkəməsində iddia qaldırıb.
Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Rusiya Federasiyasının razılığı olmadan ölkənin suveren aktivləri barədə sərəncam verilməsi tamamilə qanunsuz və beynəlxalq hüququn pozulmasıdır.
Qeyd edək ki, Avropa İttifaqı Kiyevə təzminat ödəyənə qədər Rusiyanın suveren aktivlərinin qeyri-müəyyən müddətə dondurulmasını təsdiqləyib.