Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Son günlər mağazalarda Yeni il üçün hazır hədiyyə qutuları satışa qoyulub.
Lakin bəzi mağazalarda satışda olan qutuların içərisindəki məhsulların qiymətləri ilə ümumi paket qiyməti arasında uyğunsuzluq müşahidə olunur.
Belə ki, paketdəki ayrı-ayrı məhsulların qiymətləri cəmi ümumi paket qiymətindən fərqlənir. Bu vəziyyət alıcılarda məhsulların keyfiyyəti ilə bağlı suallar yaradır.
Yeni il hədiyyə qutuları alarkən nələrə diqqət yetirmək lazımdır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, yeni il şənlikləri bitəndən sonra birliyinə çoxsaylı zəngləri daxil olur:
"Gələn zənglərin məzmunu əsasən baha qiymətə alınan qutuların içərisində vaxtı keçmiş, kif qoxusu gələn məhsullarla bağlıdır. Bu səbəbdən zəhərlənmə halları da baş verib.
Alınıb istifadə olunan qutularla bağlı sonradan nə etmək olar sualı yaranır, çünki artıq istifadə olunub və sübut yoxdur. Etiraf etmək lazımdır ki, ildən-ilə bu vəziyyət yaxşıya doğru dəyişir.
Vaxtilə biz yeni il kampaniyalarının fəaliyyətini yarımçıq dayandırmalı olmuşuq. Vəziyyət yaxşılaşıb, lakin yenə də bəzi biznes qurumları dövlətin onlar üçün yaratdığı toxunulmazlıq şəraitindən istifadə edirlər.
Estetik cəlbedici qutulara saxlanma şəraitinə uyğun olmayan, artıq təhlükəli vəziyyətə gəlmiş, yararlılıq müddətinin bitməsinə az qalmış mallar doldurulur. Yeni il kampaniyalarını keçirən ayrı-ayrı qurumlar bunları küllü miqdarda alır.
Təəssüflər olsun ki, valideynlər yeni il şənliyinə gedəndə bu qutuları götürüb uşaqlara verirlər, özləri isə daha çox tədbirə baxırlar, uşaqlar da qutudakı qidaları yeyirlər".
Onun sözlərinə görə, valideynlər yeni il qutuları alarkən mütləq şəkildə kassa çekini saxlamalıdı:
"Qutunun içərisində olan bütün qidalara ayrı-ayrılıqda baxsınlar. Məsələn, kiçik konfetlərin üzərində buraxılma tarixi olmur, qoxlasınlar, digər qidaların buraxılma tarixinə fikir versinlər. Əgər məhsulun yararlılıq müddətinin bitməsinə az qalıbsa, bu qidaları uşaqlara verməsinlər".
Birliyin sədri qeyd edib ki, valideynlər belə xoşagəlməz hallarla qarşılaşarsa, adiyyəti qruma məlumat verə bilər:
"Yəni valideynlər bu qutuları alarkən mütləq diqqətli olmalıdırlar. Əgər şübhəli nəsə varsa, geri qaytarıb dəyişdirmək hüquqları var.
Belə hallarla rastlaşan istehlakçılar 012 599 76 00 telefon nömrəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat versinlər".
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.