Ankara, 13 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda uzunmüddətli sülhə və inkişafa hədəflənib. Müasir Azərbaycan Avrasiya məkanında qüvvələr balansına təsir göstərən gücdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Kıbrıs Raporu” nəşrinin baş redaktoru Mert Özdeş səsləndirib.
Ekspertin sözlərinə görə, istənilən sülh prosesində ən çətin mərhələ dialoqun son mərhələsidir.
“Uzun onilliklərdən sonra ilk dəfədir ki, Cənubi Qafqaz dayanıqlı sülhə bu qədər yaxınlaşıb. Ankara və Bakının İrəvanla apardığı dialoq adi diplomatik prosesdən xeyli böyük məna daşıyır. Region qarşısında qlobal ticarət yollarında layiqli yer tutmaq, tarixi travmaların aradan qaldırılmasına yönəlmiş addım atmaq imkanı açılıb”, – deyə M.Özdeş qeyd edib.
Şimali Kipr nəşrinin baş redaktoru Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasının əhəmiyyətini vurğulayaraq bildirib ki, bu addım istənilən revanşizm cəhdlərinə son qoyacaq.
“Bu yolda əsas maneə Ermənistan konstitusiyasının qüvvədə olan redaksiyasıdır. Həmin sənədin preambulasında Müstəqillik Bəyannaməsinə istinad yer alır. Rəsmi Bakının mövqeyi tam aydındır, belə ki, Ermənistan qonşu dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır. Üstəlik, bunu təkcə bəyanatlarla deyil, sənəd üzərində də təsdiqləməlidir”, – deyə M.Özdeş vurğulayıb.
Ekspert bildirib ki, 2026-cı ildə sülh sazişinin imzalanması imkanları ilə bağlı müsbət proqnozlar səsləndirilir: “Bununla yanaşı, sülh prosesinin Ermənistanın əsas qanununun yeni redaksiyasının qəbulundan asılı olduğu da qeyd olunmalıdır”.
O, eyni zamanda Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkib: “Zəngəzur dəhlizinin Türkiyə üçün də strateji əhəmiyyətini qiymətləndirməmək çətindir. Söhbət təkcə logistika məsələsindən getmir. Bu, Türk dünyasına açılan pəncərə, Türk Dövlətləri Təşkilatı məkanında iqtisadi inteqrasiya prosesləri üçün güclü stimuldur”.
Ekspertin sözlərinə görə, geosiyasi risklərin artdığı bir şəraitdə Avropa ilə Asiya arasında yüklərin təhlükəsiz daşınması amili daha da ön plana çıxır ki, bu da Türkiyə və Azərbaycanın qlobal ticarətdə rolunu artırır.
“Nikol Paşinyan administrasiyasının regionda kommunikasiyaların açılmasını rədd etməməsi onu göstərir ki, Ermənistanın uzun müddət regionun təcrid olunmuş dalanında qalacağını İrəvanda dərk etməyə başlayıblar”, – deyə ekspert bildirib.
O əmindir ki, dövlətlərin regionda gedən proseslərə balanslaşdırılmış və praqmatik yanaşması Cənubi Qafqazda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verə bilər.
“Nəticə etibarilə, Cənubi Qafqazda sülhün ən yaxşı zəmanətçiləri xarici aktorlar deyil, qarşılıqlı faydalı iqtisadi əlaqələr olacaq. Müasir Azərbaycan regionda qüvvələr balansının tanınmış aktorudur. Top Ermənistan tərəfdədir. Qarşıdakı altı ay regionda ya böyük sülhü yaxınlaşdıracaq, ya da normallaşma prosesini uzadacaq tarixi dönüş mərhələsi olacaq”, – deyə M.Özdeş qeyd edib.
Ankara ilə İrəvan arasında dialoqa toxunan ekspert vurğulayıb ki, Türkiyə üçün ermənilərin də hər hansı ərazi iddialarından imtina etməsi və uydurma “1915-ci il soyqırımı”nın təbliğatına son qoyması vacibdir: “Əgər Ermənistanda Ankaranın gözləntiləri nəzərə alınmasa, sərhəd bağlı qalmaqda davam edəcək”.