ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
AXC-ni “KQB”-nin yaratdığını deyən Nemət Pənahlı özü niyə həmin qurumun ilk idarə heyətinni üzvlərindən biri oldu?..
“O zaman Əbülfəz bəyə sual verdim ki, sən bilirsənmi ki, Xalq Cəbhəsini “KQB” yaradır, sən bilirsənmi ki, təşəbbüs qrupundakı filan adamlar “KQB”-nin agenturasıdır... Cavab verdi ki, bəli, bilirəm...”
“Mən bu gün istənilən səviyyədə sübut etməyə hazıram ki, bütün keçmiş SSRİ miqyasında xalq cəbhələrini “KQB” yaradıb. Qorbaçovun yeniqənqurmasına, yəni Sovet İtifaqını təmir etmək cəhdinə dəstək məqsədilə... Bütün keçmiş müttəfiq respublikalarda olmuş xalq cəbhələrinin ilkin nizamnamə və proqramlarını araşdırsanız, görərsiz ki, orada yazılıb ki, bu təşkilatlar yenidənqurmaya dəstək məqsədilə formalaşdırılır. Özü də Azərbaycanda elə təbliğ edirlər ki, guya milli azadlıq hərəkatı AXC-nin rəhbərliyi ilə meydana çıxıb. Mən də xatırladıram ki, Azərbaycanda milli azadlıq hərəkatı 1988-ci ildən meydana çıxıb, Xalq Cəbhəsi isə bir il ondan sonra yaranıb. Və əksinə, Xalq Cəbhəsi milli azadlıq mübarizəsinin boğulması məqsədilə yaradılıb”.

Bunu Moderator.az-a açıqlamasında 1988-ci il meydan hərəkatının liderlərindən biri kimi tanınan Nemət Pənahlı söyləyib.
“Sadəcə mən Əbülfəz bəyə inandığıma görə məni aldatdılar. Və birmənalı şəkildə deyirəm, əgər mən türmədən çıxandan sonra Xalq Cəbhəsinin yaranmasında iştirak etməsəydim, hər hansı bir təşkilat yaratsaydıq(məsələn, ondan öncə “Çənlibel” təşkilatını yaratmışdıq) Xalq Cəbhəsi də elə “Qayğı” cəmiyyəti, Qarabağa Yardım Cəmiyyəti kimi tarixdən silinib gedər, sadəcə bir qeyri-funksional qurum kimi yadda qalardı. Lakin mənim Xalq Cəbhəsinin yaranmasında iştirak etməyim bütün Azərbaycan xalqının milli azadlıq hərəkatında yumruq kimi birləşərək nəhəng bir təşkilata çevrilməsini təmin etdi. Və təşkilata üzvü olan milyonlarla insan vətənpərvər idilər, ancaq xalq hərəkatının başı - rəhbərliyi AXC-nin idarə heyəti "KQB"-nin təsiri altında yaranmışdı. O vaxt həmin qurumun üzvləri belə təəssürat yaratmağa çalışırdılar ki, guya AXC İdarə Heyəti “KQB”-dən gizli şəkildə yaradılıb. Əslində isə, əksinə, bu təşkilatın – AXC-nin rəhbərliyi xalqdan gizlədilərək formalaşdırılmışdı. Və həmin idarə heyətinin elan edilmiş 15 nəfər üzvünün əksəriyyəti də "KQB"-nin agenti idi”, -deyə davamında həmsöhbətimiz bildirib.
“Bəs əgər siz bilirdinizsə ki, AXC "KQB" ssenarisi ilə yaradılır, bəs o zaman niyə özünüz də həmin təşkilatın 1989-cu ilin iyulunda formalaşdırılmış ilk idarə heyətində təmsil olundunuz?” sualını isə Nemət Pənahlı belə cavablandırıb:
“Bu haqda dəfələrlə danışmışam. Bəli, əvvəldən mən bunu bilirdim. Və o zaman Meydanda da çıxış edərək Xalq Cəbhəsinin "KQB" tərəfindən yaradıldığını və artıq Kommunist partiyası vasitəsilə xalqı aldatmaq mümkün olmadığı üçün Moskvanın Xalq Cəbhəsi ideyasını ortalığa ataraq bu yolla yenidən xalqı aldatma məqsədi güddüyünü birmənalı şəkildə ortaya qoydum. Və bu çıxışımdan sonra xalq meydana Xalq Cəbhəsi yaratmaq məqsədilə gəlmiş şəxsləri qovdu. Mən həbs olunduqdan sonra isə mənim adım ətrafında hansısa ciddi kompromat quraşdırmağa bacarmadılar, şayiə yaydılar ki, guya mən keçmiş hakimiyyətin adamıyam, nə bilim, mafiya adamıyam və s. Bununla da xalq hərəkatını ləkələməyə çalışırdılar...
Həbs zamanı mənim istintaqımı aparan SSRİ "KQB" əməkdaşları sual verirdilər ki, bəs əgər mən korrupsionerlərlə, mafiya ilə əlaqəli deyiləmsə, nəyə görə AXC-nin yaranması əleyhinə çıxış edirəm. O zaman mənimlə rus müstəntiqlər arasında tərcüməçilik edən və həmin söhbətlərin şahidi olan azərbaycanlı zabit hazırda sağdır və Bakıda yüksək vəzifədədir. “KQB” müstəntiqi, rus polkovnik Yevgeni Mixalyloviç Sauşkin əsaslandırırdı ki, Leninin ölümündən sonra Stalinin rəhbərliyi ilə SSRİ Kommunist Partiyası ümumdünya kommunist hərəkatına xəyanət edibdir, sonrakı Xruşşov, Brejnev dövrlərində isə Kommunist Partiyası korrupsiyaya uğrayaraq tamamilə Lenin xəttindən kənara çıxıb. İndi isə Qorbaçov gəlib, yenidənqurma prosesi vasitəsilə Kommunist Partiyasını yenidən Lenin yoluna qaytarmağa çalışır, korrupsiyaya qurşanmış mafiya buna imkan vermir. Məhz buna görə də bütün respublikalarda xalq cəbhələri yaradılır ki, Qorbaçovun yenidənqurma işinə dəstək olsun...
Bundan sonra mənim artıq AXC-nin Sovet “KQB”-si tərəfindən yaradılmasında heç bir şübhəm qalmadı. Həm də ona görə ki, “KQB”-nin müstəntiqi məni AXC-nin yaradılmasına mane olmaqda ittiham edirdi...
O zaman mən müstəntiqlərə sual verdim:
"Yaxşı, Xalq Cəbhəsini yaradırsınız, bəs həmin quruma kimi ilk rəhbər görürsünüz? Rus müstəntiqin verdiyi cavabı olduğu kimi deyirəm- bunu xatirələrimdə yazacam. Dedi ki, "bu gün faktiki real lider sənsən. Amma sən həddindən artıq cavan olduğun üçün, həm də ali təhsilin olmadığına görə sənin ətrafında Azərbaycan ziyalılarının birləşməsi mümkün olmayacaq”. Ardınca “KQB” müstəntiqi AXC liderliyinə namizəd kimi 3 ad çəkdi: birincisi Ziya Bunyadovdur. Bunu onunla əsaslandırırdılar ki, Ziya müəllim xalqımızı sevən biridir. Ağambekyanların, Zori Balayanların qarşısında xalqımızı təmsil edə biləcək bir şəxsdir, alimdir, ziyalıdır, akademikdir...
İkinci namizəd isə Yusuf Səmədoğlu idi. Müstəntiq bunu da belə izah edirdi ki, o, dahil sovet şairi Səməd Vurgunun oğludur və SSRİ Yazıçılar İttifaqının üzvü olması da Azərbaycanda çox nüfuzlu bir şəxs olduğuna işarə edir...
Üçüncü namizəd isə Əbülfəz Əliyev idi...

Sadəcə, problem onda idi ki, mənim cəmi 26 yaşım var idi, hələ təcrübəsiz idim, sadəlövh idim. Sonradan bizim istintaq bitdi, iş məhkəməyə verildi, zaminə buraxıldıq... Və o zaman Əbülfəz bəylə çox yaxşı münasibətimiz var idi. Çünki onu türkçü, turançı kimi “Çənlibel”dən tanıyırdım...
Xülasə, mən azadlığa çıxanda bəlli oldu ki, Xalq Cəbhəsinin təşəbbüs qrupunda adım birinci yerdədir. O zaman Əbülfəz bəyə sual verdim ki, sən bilirsənmi ki, Xalq Cəbhəsini “KQB” yaradır, sən bilirsənmi ki, təşəbbüs qrupundakı filan adamlar “KQB”-nin agenturasıdır... Cavab verdi ki, bəli, bilirəm. Dedim, onda başa düşmürəm, sənin orda nə işin var. Həmin vaxt artıq “Varlıq” təşkilatıyla Zərdüşt Əlizadə, Leyla Yunus, Tofiq Qasımovun və s. daxil olduğu “Alimlər klubu” ilə birləşərək Xalq Cəbhəsinin Müvəqqəti Təşəbbüs Qrupunu yaradırdılar. Əbülfəzə bəydən soruşdum ki, sən özün AXC-də nə gəzirsən, üstəlik, mənim də adımı ora yazdırmısan... Cavab verdi ki, bəy, biz “KQB”-dən kənar bir təşkilat yarada bilmərik. Ona görə də biz “KQB” agenturasının da daxil olduğu təşkilat yaradırıq ki, bizi rəsmən tanısınlar və biz rəsmən tanınandan, qeydiyyata alınandan sonra qurultay çağıracaq və həmin agentura üzvlərini oyundan kənar vəziyyətdə qoyacağıq...
O dövrdə də ciddi, böyük bir təşkilat yox idi və Azərbaycan xalqı mənim ətrafımda yumruq kimi birləşmişdi... Əbülfəz bəyə dedim ki, bəy, bu yanlış yoldur, düzgün davranış deyil. Bütün xalq bu saat bizim ətrafımızdadır. Biz gedib arxalarında dövlətin, “KQB”-nin, imperiyanımn dayandığı Zərdüştgillə birləşəndə xalq bizi onlarla eyni yerdə görəndə bizə qarşı olan inam bütöv bir təşkilata inama çevriləcək və ondan sonra onlar bizi sıradan çıxararaq təşkilatı başqa bir istiqamətə aparacaqlar...
Bunu deyəndə Əbülfəz bəy belə cavab verdi ki, bəy, sənin nüfuzunun qabağında heç bir qüvvə dayana bilməz. Lazım gələndə sən onları həşərat kimi əzəcəksən, narahat olma...
Onda yenə etiraz edərək dedim ki, bəy, mən meydanda milyonlarla insanın arasında, Lenin meydanını Azadlıq meydanı elan edərək yolumuzun milli azadlıq olduğunu bildirmişəm. Mən necə yenidən qurmaya yardım məqsədilə yaradılan ictimai bir quruma üzv ola bilərəm? O zaman Əbülfəz bəy, qayıtdı ki, bəy, AXC-nin nizamnaməsinə bir bir bənd salmışıq ki, Xalq Cəbhəsi istənilən vaxt nizamnaməsinə, proqramına dəyişikliklər edə bilər. Biz qeydiyyata alındıqdan sonra qurultay çağıracağıq, həmin “KQB”-nin agenturasını da ortaya çıxarıb təşkilatdan uzaqlaşdıracağıq və milli azadlıq uğrunda mübarizə haqda bəndi də Cəbhənin proqramına daxil edəcəyik.
Sözün qısası, mən çevrəmdə olan insanları: Leylanı, Zərdüştü, İsanı və digərlərini tanıyırdım. Amma hamını tanımırdım. Məsələn, Səfər Alışarlı özüm qədər inanırdım. Sonradan başa düşdüm ki, onu Moskvada dərs aldığı müəllimləri gəlib idarə edirmişlər. Bu minvalla mənim ətrafımdakı insanları o istiqamətə yönəltdilər ki, mən Xalq Cəbhəsinin yaradılmasına razılıq verim və onun işində iştirak edim. Bir sözlə, bütün çevrəmdəki adamlarla mənə təzyiq elədilər və məni qınamağa başladılar ki, “ancaq “mən-mən” deyirsən”. Və bu minvalla mən AXC-nin yaradılmasında iştirak etdim...
Nəhayət, Əbülfəz bəyin dediyi məqam gələndə, AXC-nin qurultayı keçiriləndə və deyilən adamları uzaqlaşdırmaq lazım gələndə o, nağıl danışdı ki, yox, bunu etmək olmaz, millət ruhdan düşər, parçalanar və s. və i.a. Bu yollarla istədi hər şeyi gizlədə, amma mən sonda meydanda çıxış edib hər şeyi açdım, deyilənləri xalqa dedim, xalq da həmin “KQB”-yə xidmət edib AXC idarə heyətində olanları meydandan qovdu- 1989-cu il noyabrın 25-də... Onlar meydandan qovulandan sonra axşam televiziyada baxdım ki, Əbülfəz bəy Elmira Qafarova və digərləri ilə danışır ki, bəs AXC İdarə Heyətinin üzvləri yerindədir, heç kəs istefa verməyib. Özü də mən meydanda onlar qovulmamışdan öncə xalqa sual vermişdim ki, bu satqınların, bu xainlərin AXC-dən uzaqlaşdırılması sizi narahat etmir ki, ruhdan düşməyəcəksiniz ki, parçalanma oçmayacaq ki, cavab verilib ki, yox. Məhz Əbülfəz bəyin belə addımlarından sonra mən AXC İdarə Heyətindən istefa verdim...

Mənə inanmırsızsa, AXC hakimiyyəti dövründə MTN-də nazir müavini olan Sülhəddin Əkbər 25 ildən sonra da mənim dediklərimə uyğun şəkildə əlində sənədlərlə, sübutlarla gedib prezident Əbülfəz bəyin yanına ki, belə yüksək vəzifədə olan şəxslər “KQB” agentidirlərsə, dövlətə xəyanət edirlərsə, onların haqqında tədbir görülməlidir, onlarla dövlət qurmaq olmaz. Əbülfəz bəy isə həmin şəxsləri çağırıb ki, bunu nazir müavini təyin etmisiz, o isə sizin “KQB” arxivindəki sənədləri üzə çıxardır. Ondan sonra isə Sülhəddin Əkbərə şərt qoyub ki, “KQB” arxivlərini açırıq, amma həmin adamların adının orada olduğunu üzə çıxarmayacaqsan. O da buna razı olmayıb...
Bütün bunlardan aydın olur ki, Əbülfəz bəyin adı ilə məni aldatdılar, mən də AXC-nin qurulmasında iştirak etdim. İndi cəmiyyətə elementar bir sual verirəm: əgər Əbülfəz bəy doğrudan da deyilən kimi bir adam idisə (tutaq ki, 1988-ci ildə hərəkat başlayanda sıradan bir adam idi), bəs 1990-cı ilin 20 Yanvarında Azərbaycanı qan içində boğdular, yüzlərlə insan şəhid edildi, yüzlərlə insan həbs edildi, amma nə Əbülfəz bəyə “gözün üstdə qaşın var” deyən oldu, nə də onun ətrafındakılara. Əksinə, onları gətirib yığdılar parlamentə. Əbülfəz bəyə “Elçibəy” ləqəbi verdilər. Bunlar faktdır da... SSRİ dağılanda da milli qüvvələr qaldı bir tərəfdə, 20 Yanvar qanları içindəki həmin “KQB” agenturasını parlamentdə deputat elədilər. Hakimiyyəti də bunlara təhvil verdilər. Bunlar da “KQB”-nin arxivlərini gizlətdi, qorudu, açmadı. Və xalqa etdikləri xəyanətlərin heç birinin cəzasını almadılar. Əksinə, gəldilər məni, Miralim Bəhramovu həbs etdilər. Azərbaycanın real, gerçək tarixi “KQB”-nin arxivindədir. Və mənim zərrə qədər şübhəm yoxdur ki, o arxivlər nə vaxtsa açılacaq...”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.