Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərçivəsində xüsusi stolüstü tennis turniri təşkil olunub.
"Cebheinfo.az" xəbər verir ki, turnir Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, turnir Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş ilin son tədbirlərindən biri olmaqla yanaşı, Azərbaycanın ictimai-siyasi xadimi, millət vəkili və jurnalist, mərhum Qənirə Paşayevanın 50 illik yubiley xatirəsinə ithaf olunub.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin, Qənirə Paşayevanın və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca layihə rəhbəri Bəhruz Səmədov çıxış edərək “İlhamlı Qələbə adlı Böyük Qayıdış” festivalının həyata keçirilməsinə göstərilən dəstəyə görə Ali Baş Komandan İlham Əliyevə və Mehriban Əliyevaya xüsusi təşəkkürünü bildirib, qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğını vurğulayıb.
O, həmçinin Gənclər və İdman Nazirliyinin dəstəyinə görə nazir Fərid Qayıbova və Nazirliyin əməkdaşlarına minnətdarlığını ifadə edib.
Tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova çıxış edərək federasiyanın bu kimi ictimai və sosial əhəmiyyətli layihələrə daim dəstək göstərdiyini qeyd edib.
Sonra söz qazilərə - Ziyafət Burziyev, mayor Anar Quliyev, Abbas Musayev, Elşən Cəbrayılov və Xankişiyə verilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin sonunda qaliblər müəyyənləşib.
Qaliblər diplomlar və pul mükafatları ilə təltif olunub, bütün iştirakçılara isə təşəkkürnamələr təqdim edilib.