İsveçrə artan xərclər səbəbindən ABŞ-dan sifariş etdiyi F-35A “Lightning II” qırıcı təyyarələrinin sayını azaldacaq.
“Poliqon” İsveçrə hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu, sifarişin dəyəri artdığı üçün ilkin büdcə planına sadiq qalmaq məqsədi daşıyır.
Bildirilib ki, 2025-ci il 12 dekabr tarixində keçirilən iclasda İsveçrə hökuməti F-35A təyyarələrinin satınalma prosedurunun növbəti mərhələsini müəyyənləşdirib. Hökumət təsdiqlənmiş 6 milyard İsveçrə frankı (2022-ci ildəki məzənnə ilə 6.2 milyard, mövcud məzənnə ilə isə 7.5 milyard ABŞ dolları) məbləğinin imkan verdiyi maksimum sayda F-35A təyyarəsinin alınmasını qərara alıb. Çünki gözlənilən əlavə xərclər səbəbindən daha əvvəl planlaşdırılan 36 ədəd F-35A-nın saxlanılması mümkün deyil.
Bu yay Bern və Vaşinqton arasında aparılan danışıqlar göstərib ki, İsveçrə F-35A döyüş təyyarəsi üzrə müqavilədə nəzərdə tutulan sabit qiyməti tətbiq etdirə bilmir. ABŞ tərəfi inflyasiya, xammal qiymətlərinin artması və digər amillərlə bağlı əlavə xərcləri əsas gətirir. 13 avqust 2025-ci ildə İsveçrə hökuməti tərəfindən ölkənin Müdafiə, Əhalinin Mühafizəsi və İdman üzrə Federal Departamentinə müxtəlif variantlar üzrə işləri dərinləşdirmək tapşırılıb.
Departament həmçinin hava hücumundan müdafiə tələblərinin, xüsusilə 2017-ci il tarixli “Hava Hücumundan Müdafiənin Gələcəyi” hesabatında F-35A-nın qiymətləndirilməsinə əsas olan prinsiplərə hələ də uyğun olub-olmadığını araşdırıb.
Beləliklə, İsveçrə Hərbi Hava Qüvvələrinin komandanının rəhbərlik etdiyi ekspert qrupu araşdırma nəticəsində belə qənaətə gəlib ki, o dövrdəki əsaslar və təqdim olunan variantlar gələcək tələblər baxımından ümumilikdə öz aktuallığını qoruyur. Bununla belə, texnoloji inkişafın sürətlənməsi və siyasi gərginliyin artması səbəbindən bəzi məqamlar əvvəlki qiymətləndirmələri üstələyib və yeni elementlər meydana çıxıb.
Ümumilikdə İsveçrə hökuməti F-35A-dan imtinanı mümkün hesab etmir. Lakin gözlənilən əlavə xərclərə görə, hazırda 36 ədəd F-35A-nın alınmasının mümkün olmadığını bildirir. Konkret olaraq, hökumət müəyyən edilmiş maliyyə hədləri daxilində mümkün olan maksimum sayda F-35A alınmasını tapşırıb.
Xatırladaq ki, tərəflər “Lockheed Martin” istehsalı olan 36 ədəd F-35A qırıcısının tədarükünə dair 6 milyard İsveçrə frankı dəyərindəki müqaviləni 2022-ci ildə imzalayıblar. Həmin müqavilə üzrə çatdırılmaların 2027-2030-cu illər ərzində həyata keçirlməsi planlaşdırılıb.