Naxçıvan, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Naxçıvan Dövlət Universitetinin (NDU) İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş badminton birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarışda qızlar və oğlanlar daxil olmaqla 20-yə yaxın tələbə iştirak edib. Qızlar arasında Fereste Abdolrezezade (NDU) birinci yerə, Naxçıvan Dövlət Texniki Kollecindən (NDTK) Sevgi Abdullazadə ikinci yerə, Aytac Bayramzadə (NDTK) isə üçüncü yerə layiq görülüb. Oğlanlar arasında mübarizədə NDU tələbələri Abdol Rahaman Shaik birinci, Huzaifa Xalid ikinci, Mərdan Zeynalov isə (NDTK) üçüncü yerin sahibi olub.
Yarışın sonunda qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.