AZ

"Şamaxı" "Zirə"ni məğlub etdi, "Turan Tovuz" "Sabah"a qarşı - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında 15-ci tur başlayacaq. Üç gün ərzində keçiriləcək oyunlar “CBC Sport”un efirində canlı yayınlanacaq. Tur “Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidubun debütüylə də əlamətdar olacaq. Odu ki, gözünüz elita klublarının yarışında olsun!
Misli premyer-liqası
2-ci dövrə, 15-ci tur
13 dekabr
Şamaxı – Zirə 2:1
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 18:+5=5-8, 18:22.
2015/16 – 0:0, 1:0; 2016/17 – 1:1, 1:1; 2017/18 – 0:1, 2:1; 2018/19 – 1:0, 1:3; 2019/20 – 2:0, 4:0; 2020/21 – 2:3, 2:2; 2021/22 – 0:2, 0:1; 2022/23 – 0:0, 0:3; 2024/25 - 0:2, 1:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-40-40.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı, şəhər stadionu. Saat 14.00.
“Şamaxı” nəinki mövsümün ortabab komandaları sırasında qərarlaşıb, hətta “Neftçi”ni qabaqlayıb. Ayxan Abbasovun komandası buna təkcə aşağı pillələrdəki rəqiblərindən yox, həm də iddialılardan qopardığı xallar sayəsində nail olub. Ancaq “şirlər”in eyni tendensiyanı “Zirə”yə qarşı da davam etdirəcəyinə inanmaq çətindi. Azı ona görə ki, qəsəbə təmsilçisi ötən tur “Qarabağ”la heç-heçə edib. İndi “qartallar”ın düşərgəsində xoş əhval-ruhiyyə hökm sürür. Qonaqların yenidən 2-cipilləyə qayıtmaq şanslarının olduğunu da nəzərə alsaq, meydan sahiblərinin böyük çətinliklə üz-üzə qalacağına şübhə etməyə dəyməz.
Komandalar indiyə qədər 36 dəfə qarşılaşıb. Bunların 7-də “Şamaxı”, 16-da “Zirə” qalib gəlib, 13-də “sülh” qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi – 48:32.
Turan Tovuz – Sabah 0:0
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 6:+2=1-3, 7:8.
2022/23 – 0:1, 0:2; 2023/24 – 2:3, 2:0; 2024/25 – 1:1, 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-20-40.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz, şəhər stadionu. Saat 16.30.
Tovuzda növbəti futbol coşqusuna şahidlik etməyə hazır olun. Çünki burda sözün əsl mənasında bayram olacaq. Bəllidi ki, çempionluq uğrunda tər tökən “Turan Tovuz” üçün bu matçın əhəmiyyəti çəkiyə gəlməz. “Bozqurd”un mümkün məğlubiyyəti hədəfdən bir qədər də uzaqlaşmasına səbəb ola bilər ki, meydan sahibləri bunu əngəlləmək üçün dəridən-qabıqdan çıxacaq. Ancaq bir məqamı unutmayaq: tovuzluların “Qəbələ”yə qarşı keçirəcəyi oyun yarımçıq qaldı. Yəni Kurban Berdıyevin komandası həm də oyun formasından uzaq olmaq probleminin öhdəsindən gəlməlidi. Evdə “Neftçi”yə meydanı dar edən “Sabah” isə təbii ki, ikinci sıradakı mövqeyini qorumaq üçün çarpışacaq. Sonuncu dəfə 3-cü turda uduzan “bayquşlar” bu oyunda qələbə qazanmaqla dekabrın 18-də “Qarabağ”a qarşı keçirəcəyi matçda meydana liderliyə yiyələnmək üçün çıxmağa çalışacaq. O başqa məsələ ki, “Qarabağ”ın bu tur “Araz-Naxçıvan”a mümkün məğlubiyyəti bəhs etdiyimiz prosesi sürətləndirə bilər.
Komandalar indiyə qədər 13 matçda üz-üzə gəlib. Bunların 4-də “Turan Tovuz”, 6-da “Sabah” qələbə qazanıb, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində “bayquşlar” öndədi – 18:17.
14 dekabr
Kəpəz – Qəbələ
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 14:+5=4-5, 15:18.
2010/11 – 0:0, 0:0; 2011/12 – 3:2; 2012/13 – 1:0; 2015/16 – 3:0, 0:1; 2016/17 – 1:1, 2:0; 2017/18 – 1:6, 0:1; 2022/23 – 0:3, 2:2; 2023/24 – 0:1, 2:1.
Cəzalı: Murad Musayev (Qəbələ).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax, şəhər stadionu. Saat 14.00.
Söhbət premyer-liqada qalmaq istəyənlərin duelində gedirsə, “qan su yerinə axacaq”. “Qəbələ” daha şanslıdı, yoxsa “Kəpəz”? Bu barədə dəqiq mülahizə yürütmək çətin olsa da, bəzi məqamlara aydınlıq gətirmək mümkündü. Birincisi, “Qəbələ” də “Turan Tovuz” kimi oyun təcrübə sarıdan əziyyət çəkə bilər. “Kəpəz” isə həm premyer-liqa, həm də ölkə kuboku çərçivəsində gərgin oyunlar keçirib. İkincisi, “qırmızı-qaralar” səfərdə meydana çıxacaqsa, Yevlaxın Gəncəyə yaxın olması “sarı-göylər”in azarkeş dəstəyinə müsbət təsir edəcək. Belədə “Kəpəz”in daha şanslı göründüyünü demək mümkündü. Lakin bu oyunda qazanılacaq 3 xalın dəyərini göz önünə gətirsək, “Qəbələ”nin də qələbəsi sürpriz sayıla bilməz.
Komandalar indiyə qədər 29 dəfə üz-üzə gəlib. Bunların 9-da “sarı-göylər”, 12-də “qırmızı-qaralar” qələbə əldə edib, 8-də hərəyə bir xal düşüb. Topların nisbətində “Qəbələ” öndədi – 37:27.
Qarabağ – Araz-Naxçıvan
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 6:+6=0-0, 13:2.
2000/01 – 1:0; 2001/02 – 3:0; 2023/24 – 2:1, 3:1; 2024/25 – 2:0, 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-20-30.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı, “Azərsun Arena”. Saat 17.30.
“Ayaks”a uduzan “Qarabağ”ın düşərgəsində dərin məyusluq yaşandığına şübhə yoxdu. Lakin ağdamlılar belə halla heç də ilk dəfə üzləşmir. Belədə baş məşqçi Qurban Qurbanovun qısa müddətdə komandasını toparlayacağına və “Araz-Naxçıvan”la döyüşə hazır vəziyyətə gətirəcəyinə inanmaq olar. Bununla belə, “qırmızı-ağlar” “Kəpəz”i məğlub etməklə həm psixoloji durumunu yaxşılaşdırdı, həm də xal ehtiyatını artırdı. İndi avrokuboklara vəsiqə qazanmaq istəyən kollektivi daha istəkli və əzmkar görə bilərik. Yenə də naxçıvanlıların Ağdam təmsilçisinin meydanından xalla qayıdacağını proqnozlaşdırmaq çətindi. Hər halda, Elmar Baxşıyevin komandası hələ buna nail ola bilməyib.
Bu rəqiblər indiyə qədər 13 dəfə qarşılaşıb. Bunların 9-da “Qarabağ”, 3-də “Araz-Naxçıvan” qələbə qazanıb, 1-də qalib müəyyənləşməyib. Topların nisbətində “köhlən atlar” öndədi – 31:13.
15 dekabr
İmişli – Karvan-Yevlax
“İmişli” bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: Ronaldo de Souza (İmişli).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Premyer-liqada qalmaq istəyənlərin dueli də maraqla gözlənilir. Təbii ki, hadisələrin indiyəqədərki axarı “İmişli”nin favorit olduğunu ortaya qoyur. Jorj Kaşkilyanın komandası topladığı xallar sayəsində təhlükəli zonadan uzaqlaşa bilib. “Pələnglər” mövqeyini daha da yaxşılaşdırmağa çalışacaq. “Karvan-Yevlax”ın durumu isə bəhran həddinə çatıb. Sonuncu pilləyə yuvarlanan yevlaxlılar qələbədən başqa nəticə tanımamalıdı!
Komandalar indiyə qədər bir dəfə qarşılaşıb. Bu mövsüm keçirilən oyunda “İmişli” 3:0 hesablı səfər qələbəsinə sevinib.
Neftçi – Sumqayıt
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 26:+12=8-6, 43:28.
2011/12 4:0, 8:1; 2013/14 – 0:0, 1:3; 2014/15 – 3:2, 2:2; 2015/16 – 2:1, 1:0; 2016/17 – 1:2, 1:0; 2017/18 – 2:1, 2:2; 2018/19 – 0:0, 2:3; 2019/20 – 2:1, 1:1; 2020/21 – 0:2, 0:2; 2021/22 – 0:0, 2:1; 2022/23 – 3:0, 2:0; 2023/24 – 1:2, 1:1; 2024/25 – 1:1, 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-20-40.
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı, “Palms Sports Arena”. Saat 19.00.
Girişdə də vurğuladığımız kimi, “Neftçi” meydana yeni baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altında çıxacaq. Ukraynalı mütəxəssisin debüt matçında qalib gəlməsi həm azarkeşləri ümidləndirəcək, həm də komandanın ilk “dördlüy”ə yaxınlaşmaq yönündə ilk addımı atması deməkdi. Ancaq bu asan olmayacaq. Çünki “Sumqayıt” da ölkəmizi Avropada təmsil etmək eşqinə düşüb və bu yolda inamla irəliləyir. Belədə oyunun yetərincə gərgin keçəcəyi gözlənilir.
Komandalar indiyə qədər 52 dəfə üz-üzə gəlib. Bunların 25-də “Neftçi”, 15-də “Sumqayıt” qələbə qazanıb, 12-də hərəyə 1 xal düşüb. Topların nisbətində “ağ-qaralar” öndədi - 79:56.
KƏNAN BAHADIR
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Zirə” son 4 oyunda qələbə qazanıb. Son 3 görüşün hərəsində üç qol vurulub.
// “Sabah” son 5 matçda qol vurub. “Turan Tovuz” son üç ev oyununda xal qazanıb.
// Son iki matçda qol vuran komanda qalib gəlib. “Qəbələ” son 6 səfərdə qol vurub.
// “Qarabağ” son 5 oyunda qalib gəlib. Ağdamlılar bütün matçlarda qol vurub.
// “Sumqayıt” son üç görüşdə qələbə qazanmayıb. “Neftçi” son 7 ev matçında qol vurub.

Seçilən
25
1
football-plus.az

2Mənbələr