AZ

Messi Hindistanda qalmaqalla qarşılandı: azarkeşlər tribunaları söküb meydana atdılar Video

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Futbol ulduzu Lionel Messinin Hindistana səfəri qalmaqalla başlayıb. Kolkatadakı Salt Lake Stadionunda argentinalı futbolçunun görünüşündən qısa müddət sonra narazı azarkeşlər stadion oturacaqlarını qopararaq meydana atıblar.

Bizimyol.info xəbər verir ki, ANI xəbər agentliyinin yaydığı məlumata görə, Argentina millisinin və “Inter Miami” klubunun hücumçusu stadiona gəldikdən sonra azarkeşləri salamlayıb, lakin sıx mühafizə səbəbindən təxminən 20 dəqiqə sonra ərazini tərk edib. Bu isə tribunadakı minlərlə azarkeşin etirazına səbəb olub.

Yayımlanan videolarda bəzi azarkeşlərin hasarı aşaraq stadion oturacaqlarını və müxtəlif əşyaları meydana və qaçış zolağına atdığı görünür. Hadisə qısa müddətdə nəzarətdən çıxıb.

“Messinin ətrafında yalnız siyasətçilər və məşhurlar olub. Biz niyə çağırılmışdıq?” – deyə azarkeşlərdən biri bildirib. Onun sözlərinə görə, biletə 12 min rupi (təxminən 100 funt sterlinq) ödəsə də, Messini yaxından görmək mümkün olmayıb.

Hadisəyə Qərbi Benqal ştatının baş naziri Mamata Banerci də reaksiya verib. O, baş verənlərə görə Lionel Messidən üzr istəyib və insidentlə bağlı təcili araşdırma aparılacağını açıqlayıb.

“Salt Lake Stadionunda baş verən idarəetmə çatışmazlığı məni dərindən sarsıtdı. Lionel Messidən, eləcə də bütün idmansevərlərdən və azarkeşlərdən üzr istəyirəm,” – deyə Banerci bildirib.

Qeyd edək ki, Messi Hindistana tur çərçivəsində səfər edib. Səfər proqramına Kolkatada, Heydərabadda, Mumbayda və Dehlidə konsertlərdə iştirak, gənclər üçün futbol tədbirləri və xeyriyyə layihələrinin təqdimatı daxildir.

Xatırladaq ki, Lionel Messi 2011-ci ildə məhz Salt Lake Stadionunda keçirilən yoldaşlıq oyununda Argentina millisinin heyətində çıxış edib. Həmin görüşdə Argentina Venesuelanı 1:0 hesabı ilə məğlub etmişdi. Bu dəfə isə Kolkatada futbolçunun 70 futluq heykəli virtual şəkildə təqdim olunub.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
bizimyol.info

1Mənbələr