Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Son dövrlər valideyn-övlad münasibətlərində narahatedici dəyişikliklər müşahidə olunur.
Atasını öldürən oğul, qızını qətlə yetirən ata kimi xəbərlərin artması ailə daxilindəki münasibətlərin zəiflədiyini göstərir. Bu da valideyn-övlad münasibətlərinin düzgün, sağlam təməl üzərində qurulmasının nə qədər vacib olduğunu gündəmə gətirir.
Valideyn-övlad münasibətlərinin sağlam təməli nece qurulmalıdır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Ülkər Musayeva bildirib ki, sağlam valideyn–övlad münasibətləri uşağın güvəndə və dəyərli hiss etməsi ilə formalaşır:

"Valideyn-övlad münasibətinin sağlam təməli, uşağın içində belə bir hissin qurulmasıdır: “Mən güvəndəyəm, dəyərliyəm, eşidilirəm və sərhədlər aydındır”. Sağlam ailə mühitini yaradan da məhz bu hissi gündəlik davranışla dəstəkləməkdir. Valideynlərin uşaq böyüdərkən etdiyi ən çox işləm cəza və qadağa deyil, valideynin dili və tonudur. Çünki uşaq “sözün mənasını”ndan çox, “sənin niyyətini” oxuyur. Sərhəd qoyanda mesaj belə olmalıdır: “Səni sevirəm və qoruyuram, ona görə bu qayda var”. Bu olanda uşaq qaydanı “təhlükə” kimi yox, “dayaq” kimi qəbul edir".
Onun sözlərinə görə, valideynlər bir sıra qaydalara diqqət etməlidir:
"Ən vacib qaydalardan biri, şəxsiyyətə yox, davranışa önəm verilməlidir. “Sən tənbəlsən” kimi etiketlər uşağın özünə inamını sındırır. Amma “Bu davranış indi uyğun deyil” deyəndə uşaq anlayır ki, problem “mən” deyiləm, “etdiyimdir” və onu düzəldə bilərəm".
Psixoloq qeyd edib ki, sağlam ailədə emosiyaya da yer var:
"Ailə mühitində əsas faktorlar ardıcıllıq, ünsiyyət, aydın rol bölgüsü, sabit rutin, problem həll etmə mədəniyyəti və gündəlik keyfiyyətli yaxınlıqdır. Ardıcıllıq o deməkdir ki, bu gün başqa, sabah isə fərqli qayda olmamalıdır. Ünsiyyət zamanı açıq, dürüst və hörmətli olmaq müsbət nəticələrin əldə olunmasına kömək edir. Qışqırıq, təhqir və müqayisələrdən isə uzaq durulmalıdır.
Aydın rol bölgüsü valideynin valideyn kimi qalmasını, uşağın isə “böyüyün yükünü” daşımamasını təmin edir. Sabit rutin yuxu, ekran, dərs və oyun qaydalarını əhatə edir. Problem həll etmə mədəniyyəti günahkar axtarmaq yox, həll yolu tapmaq üzərində qurulmalıdır. Gündəlik qısa, amma keyfiyyətli yaxınlıq isə 10–15 dəqiqə telefon olmadan uşağa diqqət ayırmaqdan ibarətdir".
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər:
Valideyn-övlad münasibətləri
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.