AZ

Bakı qışa hazırdırmı?

Qış qapının ağzındadır. Qarşıdan qarlı, şaxtalı günlər gəlir. Adətən, qış aylarında şəhər təsərrüfatının işi birə beş artır. Buna görə də müvafiq qurumlar müxtəlif xidmətlərə artan tələbatı qarşılamaq və yarana biləcək hər hansı bir fövqəladə hadisənin öhdəsindən gəlmək üçün qış hazırlıqlarını əvvəlcədən görürlər. Bəs bu il paytaxtımız qışa necə hazırlaşıb? Bu sualla ayrı-ayrı şəhər təsərrüfatlarına müraciət etdik. Onların cavablarını təqdim edirik.

Küçələrin qardan təmizlənməsində çətinliklər yaşanmayacaq

“Yeni Azərbaycan”ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən redaksiyaya göndərilən məlumatda paytaxtda qışa hazırlıq tədbirlərinə xeyli müddət bundan əvvəl başlanıldığı bildirilir. Vurğulanır ki, qışa hazırlığın vəziyyəti ilə bağlı şəhər icra hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq noyabrın ikici yarısından etibarın şəhərin rayonlarında kommunal-təsərrüfat xidmətlərinin, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib.

Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlərin müzakirə edilməsi olub. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda  qış mövsümünə hazirlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar.

Qış aylarında güclü qar yağması etimalı ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Artıq əvvəlki illərdə olduğu kimi hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu  işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikaları cəlb ediləcək.

3841 yaşayış binası istiliklə təmin edilir

“Azəristiliktəchizat” ASC-dən bildirlib ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən Bakı şəhərində və respublikanın regionlarında 15 noyabr 2025-ci il tarixindən etibarən növbəti istilik mövsümünə başlanılıb . 2025-2026-cı illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC Bakı şəhəri və respublikanın regionlarında balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3841 yaşayış binasının, 276 orta məktəbin, 156 uşaq bağçasının, 143 səhiyyə müəssisəsinin və 2786 sosial və təsərrüfat hesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub.

“Azəristiliktəchizat” ASC 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq işlərini təsdiq olunmuş tədbirlər planına uyğun olaraq tamamlayıb, istilik mənbələrinin səmərəliliyini yüksəltmək, enerji itkilərini minimuma endirmək və istehlakçılara keyfiyyətli istilik enerjisi təqdim etmək məqsədilə istismar müddəti başa çatan 7 köhnə tipli  qazanxananın da yenidənqurma işlərini həyata keçirib. O cümlədən Nərimanov rayonu A.Nemətulla küçəsi 63 ünvanda 92 saylı, A.Heydərov küçəsi 24 ünvanda 86 saylı, Nizami rayonu T.Abbasov küçəsi 65 ünvanda 515 saylı, Babək prospekti 99 ünvanda 539 saylı, Yasamal rayonu N.Nərimanov prospekti 55 ünvanda 140 saylı, Pirallahı rayonu 40-cı məhəllə ünvanında 533 saylı və Səbail rayonu Badamdar qəsəbəsi Gənclər küçəsi 3 ünvanında 504 saylı qazanxanaların tam olaraq sökülməsi, layihəyə uyğun olaraq yeni binaların tikilməsi və ən müasir avadanlıqlar quraşdırılmaqla modernləşdiriməsi işləri icra edilib.

Modernləşdirilən qazanxanaların quraşdırılan  ümumi gücü 20,6 MVt (17,75 Qkal.saaat) təşkil edir və 53 yaşayış binası, 4 məktəb, 5 uşaq bağçası, 2 səhiyyə obyekti və 24 digər istehlakçıların yüksək keyfiyyətdə istiliklə təmin edilməsinə imkan verir.

Tullantı və yağış xətlərində monitorinqlər aparılır

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, payızda mövsümlə əlaqədar qurum tərəfindən bütün tullantı və yağış xətlərində monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur. Ərazidəki şəbəkələr payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir kollektorun müəyyən daşıma həcmi mövcuddur. İntensiv leysan xarakterli yağışlarda kollektorlar həddindən artıq yüklənə bilir.

Həmçinin o da məlumdur ki, elə ərazilər var ki, orada təchizat sistemi mövcud deyil. Belə hallarda bu kimi ərazilərdə intensiv yağıntılar zamanı suyun ətrafa toplanması müşahidə edilir. Bu kimi problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək istismar qaydalarının mümkün şərtləri çərçivəsində yığılan suyun maşınlar vasitəsilə çəkilməsi təmin edilir.

Eyni zamanda, hazırda ADSEA tərəfindən tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə bir sıra irihəcmli layihələr icra olunur. Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində hazırda müntəzəm tikinti-quruculuq işləri icra olunur. Bu layihələrin icrası tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq.

Mübariz FEYİZLİ

Seçilən
71
yeniazerbaycan.com

1Mənbələr