AZ

Yeni dördillik strategiya

Strategiya Azərbaycanı regional rəqəmsal mərkəzə çevirməyi hədəfləyir

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Strategiyanın əsas hədəfləri ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır.

Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas Texnologiyalarının - süni intellekt, böyük verilənlər, blokçeyn, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s. sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır. Bu ssenariyə əsasən, iqtisadiyyatın inkişaf tələblərinə uyğun rəqəmsal infrastrukturun müasirləşdirilməsi, yeni rəqəmsal bizneslərin inkişafının təşviqi, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsi, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiyanın daha geniş tətbiqi, həmçinin yaşıl və dayanıqlı rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib.

Dünyada rəqəmsal sərmayələr 2035-ci ilədək 1 trilyon dolları ötəcək

Dünya artıq 4-cü Sənaye İnqilabı mərhələsinə daxil olub, son illərdə bu transformasiya daha da dərinləşib. Rəqəmsallaşma iqtisadi artımın, idarəetmə mexanizmlərinin və sosial münasibətlərin əsas müəyyənedici amilinə çevrilib. Beynəlxalq təşkilatların son hesabatları bu reallığı təsdiq edir. BMT-nin “Rəqəmsal İqtisadiyyat Hesabatı 2024”ə görə, rəqəmsal texnologiyalar qlobal iqtisadi inkişafda həlledici rol oynayır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Rəqəmsal İqtisadiyyat İcmalı 2024” hesabatına əsasən, üzv ölkələrdə İKT sektoru 2013-2023-cü illərdə orta hesabla illik 7,6 faiz böyüyərək ümumi iqtisadi artımı dəfədən çox üstələyib.

Dünya İqtisadi Forumunun yenilənmiş hesabatına əsasən,  2027-ci ilə qədər mövcud bacarıqların 44 faizi yenilənməlidir. Stanford Universitetinin “AI Index Report 2025” sənədinə görə, 2024-cü ildə respondent təşkilatların 78 faizi süni intellekt texnologiyalarından istifadə etmiş, yaradıcı AI sahəsinə qoyulan şəxsi investisiyalar isə 33,9 milyard dollar olub. Bu isı rəqəmsal iqtisadiyyatın inkişafında insan kapitalının hansı dərəcədə əhəmiyyətli rola malik olduğunu göstərir. Dünya İqtisadi Forumunun da dəyərləndirmələri təsdiq edir ki, yaradıcı düşüncə, analitik yanaşma və texnoloji savadlılıq gələcək illərdə ən çox tələb olunan bacarıqlardır. Ayrı-ayrı ölkələrin təcrübələri də bunu sübut edir. Böyük Britaniya rəqəmsal bacarıqları dövlət strategiyasının əsas prioritetinə çevirib, Sinqapur isə işçi qüvvəsinin bacarığını artırmaq üçün “sənaye transformasiya xəritələri” tətbiq edir. Bununla yanaşı, innovasiya və sahibkarlıq ekosisteminin inkişafı qlobal səviyyədə aparıcı tendensiya olaraq qalır. OECD-nin məlumatına əsasən, inkişaf etmiş ölkələrdə şirkətlər illik gəlirlərinin orta hesabla 5 faizini yeni bizneslərin qurulmasına yönəldir. ABŞ güclü startap ekosistemi və innovasiya mühiti ilə, Almaniya isə koordinasiya olunmuş rəqəmsal siyasəti və elmi-tədqiqat infrastrukturu ilə seçilir.

Texnoloji infrastruktur və qabaqcıl texnologiyalara sərmayələr də rəqəmsal transformasiyanın həlledici şərtlərindəndir. 2021-ci ildə bu sahəyə qlobal sərmayələrin həcmi 650 milyard dollar təşkil edir, 2035-ci ilədək isə onun 1 trilyon dollarını üstələyəcəyi proqnozlaşdırılır. “Digital 2025” hesabatına görə, e-ticarət illik 15-25 faiz artım tempi ilə inkişaf edib, fərdiləşdirilmiş xidmətlər, mobil ödənişlər və elektron pul kisələrinə tələbat əhəmiyyətli dərəcədə yüksəlib.

İnsan kapitalına əsaslanan cəmiyyət quruculuğu

Rəqəmsallaşma müasir dövrümüzün dinamik inkişaf edən və bu və ya digər formada milli iqtisadiyyatlara və cəmiyyətlərə öz təsirini göstərən ayrılmaz prosesinə çevrilib. Son illər ərzində ölkəmizdə “Elektron hökumət”in formalaşması, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsinin aparılması, “Elektron hökumət”in fəaliyyəti üçün vacib əhəmiyyət kəsb edən dövlət informasiya sistemləri və ehtiyatlarının yaradılması istiqamətində mühüm işlər görülüb, müasir informasiya-kommunikasiya texnologiyalarının, telekommunikasiya qurğularının və innovasiyaların geniş tətbiqi nəticəsində qabaqcıl texnoloji infrastruktur qurulub. Maliyyə sektorunda 30-dan çox “FinTech” subyekti fəaliyyət göstərməkdədir və bu, ölkədə nağdsız ödənişlərin payının sürətlə artmasına təkan verib. Mövcud infrastrukturun bazasında iqtisadi inkişafın daha yeni tələbi olan “Rəqəmsal hökumət”ə keçidin sürətləndirilməsi üçün əlavə imkanlar səfərbər edilib.

Beləliklə, beynəlxalq təcrübə göstərir ki, uğurlu rəqəmsal iqtisadiyyat strategiyası dövlət, biznes və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan vahid yanaşmaya əsaslanmalıdır. Texnoloji inkişafın iqtisadi tərəqqidə hansı əhəmiyyət daşıdığını Prezident İlham Əliyev dəfərlərlərlə bəyan edib. Dövlət başçısı bu günlərdə Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağında insan kapitalına yatırımların texnoloji inkişafa açılan qapı kimi səciyyələndirdi, yeni texnologiyaların aktiv tətbiqinin və süni intellektin inkişaf etmiş cəmiyyətlərin hərəkətverici drayverinə çevrildiyini xatırlatdı. Vurğulandığı kimi, ölkəmizdə də bu sahədə zəruri infrastrukturlar qurulub. Startaplar, bulud provayderləri ekosistemi formalaşıb, “Elektron hökumət” ehtiyatları cəmiyyətin bütün seqmentlərində tam təmin olunub, “Rəqəmsal dövlət” konsepti üzrə ən son həllərin tətbiqi işləri aparılır.

“Yeni Nəsil Texnologiyalar Mərkəzi” yaradılacaq

Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məqsədilə ən qabaqcıl rəqəmsal şirkətlərlə təcrübə mübadilələri həyata keçirilir, rəqəmsal sənayeyə sərmayələr yatırılır. Bu prosesdə daha böyük nailiyyətlər əldə etmək üçün dövlət-özəl-elm üçbucağının qurulması olduqca vacibdir. Xüsusilə də, biznes cəmiyyəti bu proseslərin hərəkətverici qüvvəsi olmalıdır.

Rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya sənədində də əks olunduğu kimi bu prosesdə elm və iqtisadi blok arasında koordinasiyalı fəaliyyətin  gücləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə ali təhsil müəssisələrində rəqəmsal bacarıqlara və qlobal səviyyədə tanınan rəqəmsal yönümlü sertifikatlaşdırma standartlarına əsaslanan təhsil proqramlarının hazırlanması, İKT üzrə karyera quran kadrları həvəsləndirmək üçün illik İKT təqaüd proqramlarının təsis edilməsi, rəqəmsallaşma istiqaməti üzrə elmi - tədqiqat işlərinin doktorantura səviyyəsində dəstəklənməsi üçün əhatəli tədbirlər həyata keçiriləcək. “Yeni Nəsil Texnologiyalar Mərkəzi” və “Rəqəmsal həllər və xidmətlər platforması” yaradılacaq, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” hazırlanacaq. Bu prosesdə nəhəng dünya texnologiyaları şirkətləri ilə sıx əməkdaşlıq qurulacaq, qlobal İKT sənayesinin liderləri olan “Cisco”, “Oracle”, “Microsoft” və digərləri ilə təlim düşərgələri qurulacaq.

“Rəqəmsal Əkiz” modelləri tətbiq olunacaq

Biznesin rəqəmsal iqtisadiyyatda fəal rolunun artırılması üçün kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal transformasiyasının dəstəklənməsi, onlara maliyyə dəstəyi mexanizmlərinin təqdim olunması və xidmətlərin mərkəzləşdirilməsi məqsədilə “KOB evləri” genişləndiriləcək, rəqəmsal bazarlara çıxış əldə etmiş KOB-ların sayı 200-ə çatdırılacaq. Startapların və tədqiqat mərkəzlərinin sənaye ilə əlaqələndirilməsi, onların real bazar təcrübəsinə, resurslara və mütəxəssis dəstəyinə əlçatanlığını təmin edən mexanizmlərin və rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşmasına dəstək məqsədilə vahid internet resursunun yaradılması nəzərdə tutulur.

Motivasiya tədbirləri çərçivəsində rəqəmsal startapların sayı 250-yə, rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300-ə çatdırılacaq. Bölgələrdə və əsas iqtisadi əməliyyatlarda “Rəqəmsal Əkiz” modellərinin tətbiqi, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda müəssisələr üçün rəqəmsal çərçivələr infrastrukturu qurulacaq.

“Amazon” və “AliExpress”lə birgə layihələr

Xarici investorlarla əlaqələr də yeni müstəvidə təşkil olunacaq, xarici investisiyaların cəlbi və innovasiya mühitinin yaxşılaşdırılması məqsədilə prosedurların sadələşdirilməsi, əlverişli investisiya ekosisteminin gücləndirilməsi, ÜDM-də özəl xarici maliyyələşmənin payının davamlı artırılması və rəqəmsal ticarətin inkişafı və yerli müəssisələrin xarici bazarlara çıxışı üçün beynəlxalq e-ticarət platformaları “Amazon”, “AliExpress”  ilə əməkdaşlığın genişləndirilməsi də strateji hədəf istiqamətlərində yer alır.

Beləliklə, strategiyanın icrası nəticəsində rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması hədəflənir. Bu hədəfin digər strateji məqsədi Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsidir.

E.CƏFƏRLİ

Seçilən
16
1
yeniazerbaycan.com

2Mənbələr