İlk olaraq Heydər Əliyev adına İstirahət və Mədəniyyət Parkında Ümummilli Liderin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyularaq ruhuna dualar oxunub.
Daha sonra Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – Azərbaycan Konstitusiyasının banisidir” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, millət vəkili Asif Əsgərov, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov,hüquq-mühafizə orqanlarının rəhbərləri,şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən millət vəkili Asif Əsgərov Ulu Öndər Heydər Əliyevin xilaskar missiyasından bəhs edərək qeyd edib ki, Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmlənməsi və xalqımızın təhlükəsizliyi naminə sərf etdiyi ömür misilsizdir. O vurğulayıb ki, bu gün güclü və sabit Azərbaycan məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.Ümummilli Liderin ideyaları ölkəmizin inkişaf yoluna daim istiqamət verəcək. Millət vəkili Asif Əsgərov çıxışının sonunda qeyd etdi ki, biz Ulu Öndər Heydər Əliyevi dərin hüzn və sonsuz hörmətlə anır, onun bizə miras qoyduğu idealları böyük məsuliyyətlə yaşatmağı özümüz üçün şərəf bilirik.
Həmçinin tədbirdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon prokuroru, YAP Zaqatala rayon təşkilatının sədri və Heydər Əliyev Mərkəzinin direktoru da Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyində misilsiz xidmətlərindən bəhs ediblər. Onlar Ümummilli Liderin siyasi irsinin bu gün də ölkəmizin inkişaf strategiyasına yön verən əsas mənəvi dayaqlardan biri olduğunu vurğulayıblar.