Alyansın taleyi “qaranlıqdır”...
ABŞ-ın NATO-dan çıxması haqqında 2025-ci ilin yanvarından başlanan müzakirələr təsdiqini tapa bilər. Belə ki, artıq bununla bağlı qanun layihəsi hazırlanıb. Respublikaçıları təmsil edən konqresmen Tomas Massi ABŞ-ın Şimali Atlantika Alyansından çıxmasını nəzərdə tutan HR 6508 qanun layihəsini (“NATO Qanunu”) Nümayəndələr Palatasına təqdim edib. Bu barədə siyasətçinin rəsmi saytında məlumat yayılıb. “NATO “soyuq müharibə”nin qalığıdır. Biz NATO-dan çıxmalı və bu pulu sosialist ölkələrini deyil, öz ölkəmizi müdafiə etmək üçün istifadə etməliyik. Bu ittifaq 30 il əvvəl dağılan Sovet İttifaqına qarşı durmaq üçün yaradılıb. Blokda iştirak Amerika vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və ABŞ-ın xarici münaqişələrdə iştirakı riskini yaratmağa davam edir. Varlı ölkələr öz müdafiə xərclərini ödəməkdən imtina etdikdə, Amerika dünya üçün “təhlükəsizlik yorğanı” olmamalıdır”, - o bildirib.
Yeni strategiya: NATO - dan kənar müdafiə sistemi...
Bu tip müzakirələr 2025-ci il ərzində mütəmadi olaraq səsləndirilirdi. Bir çox siyasətçilər bunu yalnız hədə tonu kimi qəbul etsə də, “SOS” siqnalı səsləndirənlər də tapılırdı. Prezident Donald Tramp dəfələrlə müttəfiqlərinin müdafiə xərclərinin yetərli olmaması səbəbindən ölkəsinin NATO-dan çıxması ilə bağlı mövqeyini səsləndirmişdi. Hətta ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında belə bu amil nəzərə çarpır - qeyd edək ki, dekabrın 4-də Tramp administrasiyası Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb. Bu strategiya formal olaraq, ölkənin xarici və müdafiə siyasətinin fundamental prinsiplərini və prioritetlərini təsbit edən sənəddir. Budəfəki strategiya sensasiyaya səbəb olub: ABŞ beynəlxalq münasibətlərə yanaşmasında köklü dəyişikliklər elan edib. Sənədin mahiyyətində duran məna ondan ibarətdir ki, ABŞ qlobal dominantlıqdan imtina edir - artıq dünyada baş verən hər şeyi öz narahatlığı hesab etmir. Doktrinada ən radikal siyasət dəyişikliyi Avropa ilə bağlıdır - ötən il ərzində Tramp, vitse-prezident C.D.Vens, dövlət katibi Marko Rubio və digər amerikalı rəsmilərin çıxışlarında səsləndirilən Qərbi Avropaya qarşı tənqidlər indi rəsmi sənəddə öz əksini tapıb. Qərb koalisiyasının əsas fikir ayrılığı Avropanın ABŞ-ın onları xarici təhdidlərdən qorumasını gözləməsi, müdafiələrinə kifayət qədər pul xərcləməməsi ilə əlaqələndirilir. Tramp administrasiyası dəfələrlə buna son qoyacağını bəyan etmişdi - yeni doktrinada bu, artıq öz əksini tapır. Strategiyada NATO-nun genişlənməsinin dayandırılmalı olduğu bildirilir.
Qeyd edək ki, bununla bağlı bir neçə gün öncə “The Financial Times” yazmışdı - bildirilirdi ki, “əgər bu məntiq ardıcıl şəkildə həyata keçirilsə, nəticə ABŞ-ın NATO-dan çıxması, mövcud Avropa hökumətləri ilə əlaqələrin qırılması və Rusiya ilə strateji yaxınlaşma ola bilər”. Məqalədə bildirilirdi ki, yeni Amerika doktrinası Avropaya qarşı ABŞ-ın ultimatumudur və məqsəd “köhnə dünya” ölkələrinin Ağ Evin siyasətini dəstəkləməsinə nail olmaqdır.
Haaqa sammitində son xəbərdarlıq edilib...
Xatırladaq ki, ABŞ-ın NATO-un yeni standartlarla formalaşmasının zəruriliyi ilə bağlı tezisləri hələ iyun ayında alyansın Haaqa sammitində büruzə verilmişdi - həmin toplantıda vitse-prezident C.D.Vensin qalmaqallı çıxışı yaddan çıxmayıb. Vaşinqton administrasiyası Avropanın ABŞ-ın maliyyəsi ilə müdafiə olunmasına qarşı çıxmışdı. Bu sammitə qədər NATO üzvləri ÜDM-lərinin 2 faizini müdafiəyə xərcləyirdilər - 2024-cü ildə 32 ölkədən 23-ü bu hədəfə çatmışdı. Alyans gələn ildən bu rəqəmin 5 faiz səviyyəsində olmasına razılıq verib. Qeyd edək ki, Polşa bu hədəfə ən yaxındır - 2024-cü ildə Varşava müdafiə xərclərinə ÜDM-in 4,1 faizi miqdarında vəsait ayırıb - qarşıdakı hədəf isə 4,7 faizdir. İspaniya 2024-cü ildə ÜDM-nin yalnız 1,28 faizin müdafiəyə xərcləyərək alyansın ən qənaətcil üzvü olaraq qalmışdı. İtaliyada isə bu rəqəm 1,25 faiz nisbətində idi.
Təhdid, yoxsa reallıq...
Beləliklə, ABŞ-ın NATO-nun maliyyələşdirilməsinə dair narazılığı rəsmiləşdirilir. Vaşinqton ardıcıl şəkildə bildirir ki, Avropa ölkələrinin əksəriyyəti müdafiə sahəsinə kifayət qədər vəsait ayırmır - ABŞ ümumi NATO müdafiə xərclərinin təxminən 70 faizini qarşılayır və bu göstərici “ədalətsiz yük bölgüsü” kimi qiymətləndirilir.
Bir çox siyasətçilər, xüsusilə Qərbi Avropadan olan politoloqlar yeni strategiyanı, ABŞ rəsmilərinin alyansdan çıxmaqla bağlı səsləndirdiyi hədələri daha çox siyasi təzyiq aləti kimi dəyərləndirirlər. Onların fikrincə, bu bəyanatlar əsasən Avropa üzvlərini müdafiə xərclərini artırmağa vadar etmək məqsədi daşıyır - qeyd olunur ki, ABŞ-ın real olaraq NATO-dan çıxması olduqca aşağı ehtimaldır. Bunun səbəblərinə gəldikdə:
- Birincisi, NATO ABŞ-ın qlobal təhlükəsizlik arxitekturasındakı ən güclü təsir platformalarından biridir. Alyansdan çıxmaq ABŞ-ın Avropa və Atlantik regionunda liderlik mövqeyini zəiflədər, geosiyasi rəqiblər üçün boşluq yaradar.
- İkincisi, ABŞ-ın qanunverici orqanının, Konqresin belə bir kritik qərara tələsik imza atması inandırıcı görünmür.
- Üçüncüsü, ABŞ ordusu üçün NATO müttəfiqləri həm logistik dəstək, həm baza infrastrukturu, həm də əməliyyat gücü baxımından əvəzsizdir. Alyansın zəifləməsi ABŞ-ın qlobal hərbi imkanlarını da məhdudlaşdırır.
Bu baxımdan, ortaya çıxan situasiya siyasi ritorika kimi qəbul olunur. Buna baxmayaraq, Vaşinqtonun maliyyə yükünün azaldılması ilə bağlı təzyiqlərinin artması və Avropanın daha çox məsuliyyət daşımalı olması reallığı dəyişmir.
Avropa “gücünü” artırır - qarşıdakı 9 ilə 60 milyard...
Bütün bunlara rəğmən, Avropa da özünün müdafiə kriteriyalarını artırmaq fikrindədir. Belə ki, Aİ üzvü olan dövlətlər yaranan NATO müəmması ilə bağlı öz müstəqil müdafiə qabiliyyətlərini gücləndirmək məqsədilə bir sıra təşəbbüslər irəli sürür. Bu isə bəzi siyasi şərhçilər tərəfindən “Avropanın müstəqil müdafiə sistemi” yaratmaq istiqamətində atılan addımlar kimi dəyərləndirilir. Daha çox ortaq müdafiə planlaması, silahların birgə alınması (PESCO, Avropa Müdafiə Fondu), öz müdafiə sənayesinin gücləndirilməsi (məsələn, Ukraynaya dəstək üçün Avropa Sülh Aləti) və NATO ilə əməkdaşlığı gücləndirmək kimi tədbirlər Avropanın özünü daha effektiv qoruya bilməsini təmin etməyə yönəlmiş addımlar sayılır. Bu addımlar Avropanın öz təhlükəsizlik məsələlərində daha az ABŞ-dan asılı olması, öz qərarını özünün verməsinə hədəflənir. Təsadüfi deyil ki, Aİ qarşıdakı 10 il ərzində hərbi ehtiyaclara 6,8 trilyon avro xərcləmək niyyətindədir. Ötən ayın sonlarında Avropa Parlamentində keçirilən dinləmələrdə çıxış edən müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius deyib ki, əgər Avropa İttifaqı ölkələri NATO-nun tələbi ilə 2035-ci ilədək müdafiə xərclərini ümumdaxili məhsullarının 3,5 faizinədək artırsalar (NATO-nun hərbi xərclərin ümumdaxili məhsulun 5 faizinə çatdırmaq tələbi hərbi ehtiyaclar üçün 3,5 faizi, ikili təyinatlı infrastruktur layihələri üçün isə 1,5 faizi ehtiva edir), növbəti 10 il ərzində hərbi sahəyə 6,8 trilyon avro xərcləmiş olacaqlar. Müqayisə üçün deyək ki, Avropa İttifaqının növbəti yeddiillik büdcə planında (2026-2034) hərbi xərclər 60 milyard avro həcmində müəyyən edilib.
P.İSMAYILOV