AZ

Sosial-iqtisadi inkişafın maliyyə təminatı

2026-cı ilin büdcə zərfi bütün hədəf və prioritetlər üçün dayanıqlı potensial yaradır

Məlum olduğu kimi, dekabrın 9-da Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul edilib. Qanuna əsasən, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri isə 3 milyard 94,6 milyon manat proqnozlaşdırılır ki, bu ÜDM-in cəmi 2,3 faizi həcmindədir. Növbəti il üçün icmal büdcənin gəlirləri 1 milyard 18,8 milyon manat artaraq 44 milyard 969,4 milyon manat, xərcləri isə 1 milyard 209,9 milyon manat artaraq 48 milyard 839,3 milyon manat, kəsiri isə 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub. 2026-cı ilin büdcə zərfi ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Ölkəmizin ali maliyyə sənədi olan büdcə layihəsi möhkəm konsolidasiya, fiskal dayanıqlılıq, keyfiyyət dəyişikliklərinə keçid və digər amilləri özündə əks etdirir. Büdcə çərçivəsi sənədlərində əks olunan əsas məqsədlər, o cümlədən Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadiyyatın digər sahələri üzrə qəbul edilmiş strategiya və dövlət proqramlarının icrası üçün maliyyə təminatının yaradılması ortamüddətli büdcə dövrü üçün öz aktuallığını qorumaqdadır.

Bəzi sahələrin xərcləri artırılıb

İkinci oxunuşda təsdiq edilən büdcə layihəsindən sonra irəli sürülən təklif və müraciətlər parlamentdə və müvafiq qurumlarda nəzərə alındıqdan sonra büdcə zərfinin son vasiantında bəzi dəyişiklilər edilib. Belə ki, müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılıb. Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21 faizini təşkil etməklə 8,7 milyard manat həcmində nəzərdə tutulub.

Digər dəyişiklik ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə və epizotiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsidir. Həmçinin, bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb.

Ümumilikdə, 52 milyon manat təşkil edən xərclərin təsnifatı üzrə dəyişikliklər dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacaq. Yəni, büdcənin proqnozlaşdırılan xərcləri əvvəlki kimi qalacaq, əlavə maliyyə təminatı büdcədənkənar ehtiyatlar hesabına təmin olunacaq.

Büdcədə son dəyişikliklərdən biri optimallaşma tədbirləri ilə bağlıdır. Belə ki, bəzi təşkilatların təklifləri əsasında onların xərclərinin optimallaşdırılması səbəbindən iqtisadi təsnifata uyğun olaraq 13,2 milyon manat məbləğində maddələrarası yerdəyişmələr aparılıb.

Böyük Qayıdış Proqramının icrası, ölkəmizin təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-tranzit infrastrukturunun dəstəklənməsi və bütün bunların sosial müdafiə tədbirləri ilə müşayiət edilməsi yeni büdcə sənədinin əsas xüsusiyyətlərindəndir. Büdcə zərfi həm də maliyyə təhlükəsizliyinin gücləndirilməsini, o cümlədən valyuta ehtiyatlarımızın qorunmasını hədəfləyir. Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,5 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin bərpasına gələcək 6 il ərzində dövlət büdcəsindən təxminən 27 milyard manat vəsaitin xərclənməsi gözlənilir.

Vergi güzəştlərinin əsas istiqamətləri

2026-cı ildə fiskal yığımların daha da artırılması və optimallaşdırılması məqsədilə vergi qanunvericiliyində də müvafiq dəyişikliklər edilib. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərdən formalaşan dövriyyəyə 0,5 əmsal tətbiq edilir və bununla da həmin dövriyyə ƏDV qeydiyyatı məqsədləri üçün iki dəfə artırılmış məbləğdə nəzərə alınır. Təklif olunan düzəlişlə bu müddəanın yalnız ƏDV qeydiyyatına daxilolma deyil, həm də ƏDV qeydiyyatından çıxma zamanı nəzərə alınması dəqiqləşdirilir.

Büdcə çərçivəsində vergi güzəştləri və təşviq mexanizmləri vasitəsilə sahibkarlığın dəstəklənməsi nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası üzrə 10 illik müddət ərzində vergilərdə və sosial ödənişlərdə güzəştlər nəzərdə tutulur. Bu, muxtar respublikada iqtisadi inkişafın və sahibkarlığın stimullaşdırılmasına imkan verəcək. Həmçinin sənaye parkları və sənaye məhəllələrinin dəstəyi davam etdiriləcək, güzəştlərin tətbiqi genişləndiriləcək. Vergi qanunvericiliyində edilmiş digər dəyişikliyə əsasən, mikrosahibkarlar üçün sadələşdirilmiş vergi limiti iki dəfə artırılaraq 200 min manatdan 400 min manata çatdırılacaq. Bu tədbirlər dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə və sahibkarlığın inkişafına yeni imkanlar yaradacaq.

Ümumilikdə, vergi siyasətinin prioritetlərinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə münasibətdə vergi yükünün optimallaşdırılması, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ümumi dövriyyələrindən çıxılması, gəmiqayırma və gəmi təmiri müəssisələri yalnız fəaliyyətlərinin məqsədləri üçün idxal etdikləri malların ƏDV-dən azad edilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrələrə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi məqsədilə mineral gübrələrlə yanaşı orqanomineral gübrələrin satışının, xammal kimi istifadə edilməsi məqsədilə mineral və orqanomineral gübrələrin idxalının da ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Habelə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri üzrə tətbiq olunan güzəştin uzadılması da vergi dəyişiklikləri sırasındadır. 

Həmçinin, “İşğaldan azad edilmiş ərazinin rezidenti olma” statusu Vergi Məcəlləsi ilə müəyyən edildiyindən “Sosial sığorta haqqında” qanuna da uyğunlaşdırılıb.  “Tibbi sığorta haqqında” qanuna təklif olunan düzəlişdə isə qeyri-formal məşğulluğun təsir dairəsinə düşən sığortalıların müəyyən edilməsi nəzərdə tutulub.

Əhalinin sosial rifahı üçün 17,1 milyard xərclənəcək

Əhalinin real gəlirlərinin artımı və sosial rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində sosialyönlü xərclər 17,1 milyard proqnozlaşdırılıb. Bu da ümumi büdcə xərclərinin 41 faizini təşkil edir. Sosial xərclərin əsas mənbələrindən biri kimi icmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üzrə büdcəsində də əhəmiyyətli artımlar mövcuddur. Belə ki, DSMF-nin 2026-cı il üçün gəlirləri cari ildəkindən 9,3  faiz, xərcləri isə 10,5 faiz çox nəzərdə tutulub. DSMF-nin büdcə xərcləri ilk növbədə, şəhid ailələrinin, qazilərin, pensiya və müavinət alanların, təqaüdçülərin, ümumilikdə ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılması üçün etibarlı təminat yaradır.

Gələn il əhalinin əsas sosial demoqrafik qrupları üzrə  yaşayış minimumunun məbləği ölkə üzrə 300 manat həddində müəyyənləşdirilib. Əmək qabiliyyətli əhali üçün bu rəqəm 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğindədir. Bu, 2026-cı il üçün proqnozlaşdırılan 4,8 faiz, inflyasiya fonunda ölkə üzrə yaşayış minimumundan 5,3  faiz çox artım deməkdir. 

E.CƏFƏRLİ

Seçilən
86
yeniazerbaycan.com

1Mənbələr