AZ

Azərbaycanda tibbi sığorta modelində yenilik: Nə dəyişəcək?

Azərbaycanda tibbi sığorta sistemində yeni mərhələ başlaya bilər. Mərkəzi Bank tibbi sığortanın icbari və könüllü seqmentini bir mexanizmdə birləşdirən yeni model hazırlayır. Sözügedən qurumun Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusundakı tədbirdə bildirib ki, qurum hazırda icbari və könüllü tibbi sığortanın inteqrasiya olunduğu model üzərində işləyir: “Bu model bir sıra ölkələrdə mövcuddur. Hazırda biz onun tətbiqi üzərində çalışırıq. Məqsədimiz digər ölkələrin uğurlu təcrübəsinə uyğun olaraq icbari tibbi sığortanın imkanlarından istifadə etməklə sığorta şirkətlərinin risklərini azaltmaq, tibbi sığortaya əlçatanlığı artırmaqdır. Eyni zamanda, tibbi sığorta haqqının daha əlçatan olması istiqamətində layihəmiz var”.
Hazırda könüllü tibbi sığorta paketləri yalnız kommersiya əsasları ilə təqdim olunur və qiymətlər vətəndaşın büdcəsinə ciddi təsir edir. Yeni model isə bu xərc yükünün bir hissəsinin icbari sistemlə inteqrasiya olunaraq optimallaşdırılmasını nəzərdə tutur.

Bəs görəsən, bu mexanizm necə işləyəcək? Bu addımın atılmasında məqsəd nədir? Faydası nə olacaq?

Ekspertlərin fikrincə, icbari və könüllü tibbi sığortanın bir mexanizmdə birləşdirilməsi həm bazarın liberallaşmasına, həm də tibbi xidmətlərdə rəqabətin artmasına səbəb ola bilər. Eyni zamanda, qiymətlərin stabilləşməsi, könüllü sığorta paketlərinin daha əlçatan olması və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi gözlənilir. Bu modelin tətbiqi sığorta şirkətlərinin maliyyə yükünü azaltmaqla, bazarın dayanıqlığını da gücləndirə bilər.

Seçilən
27
7
publika.az

8Mənbələr