Yeni il ərəfəsi olduğu üçün marketlərin əksəriyyərində bayramla bağlı aksesuarlar, bəzək əşyaları və yeni il hədiyyələri satılır. Əsasən uşaqlar üçün satılan bu hədiyyə qutularının içində müxtəlif paketlənmiş qidalar olur. Ancaq bəzi qutuların qiyməti 6-7 manat olsa da, içindəki 3-4 məhsulun ümumi dəyəri 2-3 manat olur. Bəzən isə alıcılar deyirlər ki, bəzi qutuların içindəkilər ümumiyyətlə keyfiyyətsiz, köhnə məhsullar olur.
Bəs yenə də dəyərindən baha satılan bu qutular niyə hər il satılmağa davam edir?
Bizim.Media mövzuyla bağlı marketoloq Elxan Mərdanlının fikirlərini öyrənib.
O deyir ki, əslində, yeni il ərəfəsində satılan bu hazır hədiyyə qutularında məhsulun özünün dəyəri yox. Əsasən emosional dəyəri satılır:
"Çox vaxt qutunun içindəkilərin real dəyəri 2–3 manat olur, amma qutu 6–7 manata təklif edilir. İlk baxışda bu, “marketinq hiyləsi” kimi görünə bilər, amma əslində dünyada illərlə istifadə olunan bir yanaşmadır – qablaşdırmanın, estetik görüntünün və rahatlığın əlavə dəyərə çevrilməsidir.İnsanlar yeni il ərəfəsində hazır, bəzədilmiş, “götür, ver” formatında hədiyyə almağa üstünlük verirlər. Bu, onların həm vaxtına, həm də rahatlığına hesablanıb. Yəni alıcı əslində təkcə məhsula yox, hazır hədiyyə təcrübəsinə pul ödəyir.
Problem o zaman başlayır ki, hər il eyni tip qutular bazara çıxarılır, bu artıq marketlər üçün stabil gəlir mənbəyinə çevrilir, amma bəzən qutuların içindəki məhsulların bir hissəsi ümumiyyətlə keyfiyyətsiz və ya həddindən artıq ucuz olur. O zaman qablaşdırmanın arxasında real dəyər dayanmadığı üçün alıcıda aldadılma hissi yaranır və bu, artıq sağlam marketinq deyil".
"Yeni il qutuları hiss satır".
Elxan Mərdanlı deyir ki, belə hallarda artıq həm alıcıya, həm də satıcıya məsuliyyət düşür:
"Satıcı “hədiyyə qutusu” adı ilə satırsa, içindəki məhsulun da minimum keyfiyyət standartına cavab verməsinə diqqət etməlidir.
Eyni zamanda alıcılara da bir tövsiyəm var: belə qutuları alarkən mütləq şəkildə içində olan məhsulların tanınmış və etibarlı markalara aid olduğuna əmin olsunlar. Ən azından istehsalçı markanı bir dəfə araşdırsınlar, istehsal və son istifadə tarixinə diqqət etsinlər, tərkibini oxusunlar. Yəni göz oxşayan qutudan çox, həm ciblərini, həm də sağlamlıqlarını düşünən seçim etməyə çalışsınlar.
Qısaca desəm, yeni il qutuları məhsuldan çox, hiss satır. Amma bu hissin qiyməti də, içindəki məhsulun keyfiyyəti də alıcının etibarını aldatmamalıdır".
Nəzrin Mirzəyeva, Bizim.Media