AZ

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

Prezident İlham Əliyevin Slovakiyaya səfəri və səfər çərçivəsində bir sıra sahələri əhatə edən sənədlərin imzalanması bir daha göstərdi ki, Azərbaycan və Slovakiya dost ölkələr olmaqla yanaşı, strateji tərəfdaş dövlətlərdir. 

Ötən il Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması iki dövlət arasında münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Slovakiya Prezidentinin, Baş nazirinin, eləcə də, Milli Şura sədrinin Prezident İlham Əliyevlə görüşməsi bu ölkənin Azərbaycanla ən yüksək səviyyədə münasibətlərin dərinləşməsinə böyük önəm verdiyinin əyani nümunəsidir. 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Avropanın bir sıra dövlətləri ilə yanaşı, Slovakiyanın da enerji təhlükəsizliyinə böyük töhfə verir. Artıq bir ildir ki, Azərbaycan qazı Slovakiyaya nəql olunur. "Ölkəmiz Slovakiyanı ehtiyac olduğu həcmdə enerji ilə təmin etmək potensialına malikdir. Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi də keçirilən görüşlərin əsas mövzularından biri idi. İki dövlət birgə hərbi təyinatlı silahların istehsal olunması barədə işlər aparacaq. Slovakiya NATO-ya üzv dövlət olaraq silah istehsalı sahəsində böyük təcrübəyə malikdir. Ölkəmizdə də hərbi sənayenin inkişafı istiqamətində böyük işlər aparılır".

Kamilə Əliyeva qeyd edib ki, Slovakiya işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində yaxından iştirak edir. Bu ölkə Ağdamın Baş Qərvənd kəndində "ağıllı kənd" inşa edir. Prezident İlham Əliyev göstərdiyi dəstəyə görə Slovakiya liderinə təşəkkür etdi. Azərbaycanla Slovakiya arasında iqtisadi, humanitar, energetika, kənd təsərrüfatı sahələrində yeni əməkdaşlıq əlaqələri hər iki dövlətin milli maraqlarına xidmət edir. Slovakiya Avropada müstəqil xarici siyasət həyata keçirən azsaylı dövlətlərdən biridir və bəzən buna görə müəyyən təzyiqlərlə üzləşir. "Milli maraqlarını uca tutması ölkə rəhbərliyinə beynəlxalq aləmdə böyük hörmət gətirmişdi. Azərbaycanla Slovakiya arasında iqtisadi əlaqələrlə yanaşı, siyasi əlaqələr də möhkəm təməllər üzərində qurulub. Slovakiya hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyib. Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasında mövcud dostluq və strateji tərəfdaşlığı, gələcəkdə yeni strateji modelin hədəflərini müəyyənləşdirdi", - deyə professor əlavə edib.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr