AZ

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

Azərbaycan xalqının zəngin milli-mənəvi irsi onun kimliyinin əsasıdır. Tarixboyu xalqımız öz adət-ənənələrini, dilini və mədəniyyətini qoruyaraq gələcək nəsillərə ötürmüş, bu dəyərlər vasitəsilə öz milli şüurunu möhkəmləndirmişdir. 

Azərbaycan xalqı malik olduğu qədim milli-mənəvi dəyərləri hər zaman ən qiymətli xəzinəsi, milli şüur və ruhunun nişanəsi kimi hesab edib. Bu dəyərlər onun kimliyini formalaşdıran, tarixi yaddaşını qoruyan və gələcəyinə yönləndirən əvəzsiz irsdir. Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki, bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir.

Tarixindən, soyundan, milli-mənəvi dəyərlərindən uzaqlaşan xalqların sonu adətən acınacaqlı olur. Onlar zaman keçdikcə öz milli kimliklərini və özünəməxsusluqlarını itirirlər. Bu həqiqət xalqın milli şüurunun, mədəniyyətinin və tarixi irsinin qorunmasının nə qədər vacib olduğunu bir daha təsdiqləyir.

Bu baxımdan Azərbaycan xalqı dünyaya nümunə olan xalqlardandır.  Çünki varlığının təcəssümü olan milli-mənəvi dəyərlərinə hər zaman qayğıkeş, həssas və təəssübkeşdir. Ümummilli Lider Heydər Əliyevin bildirdiyi kimi: "Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz". 

Azərbaycan xalqı zaman-zaman üzləşdiyi çox çətin, ağır sınaqlardan mərdliklə, şərəflə keçərək milli heysiyyatını, qürurunu üstün tutub. Bu xalqın humanistliyi, səxavəti qədim milli bayramlarında da təcəssüm olunur. Xalqımız milli, eləcə də dini əxlaqa söykənərək xeyirxahlığı, qohum-qonşulara qayğı ilə yanaşmağı, ehtiyacı olanlara maddi yardım göstərməyi, əl tutmağı özünə mənəvi borc bilir. Keçmiş sovet hakimiyyətinin ateizmdən ən kəsərli silahlarından biri kimi istifadə etdiyi, milli adət-ənənələri unutdurmağa çalışdığı, qadağalar qoyduğu dövrdə də bu xalq öz milli dəyərlərindən üz çevirməmiş, inancından dönməmişdir. 

1990-cı illərdə respublikamızın öz dövlət müstəqilliyinə qovuşması tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan xalqının öz azad ölkəsində milli və dini bayramlar geniş şəkildə qeyd etməsinə imkan yarandı.

Ümummilli Lider müstəqil Azərbaycanın Prezidenti olduğu dövrdə - 1993-2003-cü illərdə xalqımızın milli-mənəvi, dini dəyərlərinin, adət-ənənələrinin dirçəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Heydər Əliyev Azərbaycan Respublikası Prezidenti kimi 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki nitqində demişdir: "...həyatımızın indiki mərhələsində vicdan azadlığı məsələsi də mühüm yer tutur. Xalqımız öz dininə qayıtdı. İslam dini dünyada öz tarixi yerini tutmuşdur. Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına islam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda islam dini vasitəsilə nəsildən-nəslə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir".

Xalqımızın ruhunu, düşüncələrini, arzularını özündə əks etdirən Novruz bayramı Heydər Əliyevin ən çox sevdiyi və xüsusi qeyd etdiyi bayramlardan idi. Ümummilli Lider 2000-ci il martın 21-də Novruz bayramında öz hisslərini belə ifadə etmişdir: "Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarixboyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, dini bayramlardır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır".

Heydər Əliyev islam dininin mahiyyəti, mütərəqqi, qüdrətli bir din olduğu və Azərbaycan xalqının həyatında mühüm rol oynadığını da həmişə qeyd edirdi. Ümummilli Lider Təzəpir məscidində dindarlarla görüşlərinin birində İslamın tərəqqipərvər din olduğunu və dünyəvi əhəmiyyətini belə vurğulamışdır: "Bizim dinimiz mütərəqqi dindir. Əsrlərboyu islam dini özünün mütərəqqi olduğunu və eyni zamanda islam dininə itaət edən adamların hamısının özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məmləkətini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, islam dini indiyənə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün islam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır".

Dinimizi xalqımızın mənəvi sərvəti hesab edən Heydər Əliyev bu istiqamətdə də təqdirəlayiq işlər həyata keçirmişdir. Respublikamızda yüzlərlə məscid, ibadətgah inşa və ya bərpa olunmuş, o cümlədən Təzəpir, qədim tarixə malik Bibiheybət məscidləri, Mir Mövsüm ağanın ziyarətgahı əsaslı təmir edilmişdir.

Ulu Öndərin hər zaman böyük həssaslıq və təəssübkeşliklə yanaşdığı məsələlərdən biri də ana dilimizin saflığının qorunması idi. Dili hər bir millətin mənliyinin əsası hesab edən Ümummilli Lider qeyd edirdi ki, inkişaf etmiş zəngin dilə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Heydər Əliyev deyirdi: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".

Məlumdur ki, dövləti müstəqil olmayan xalqın ana dilinə də ögey münasibət bəslənilir. Azərbaycan xalqı tarixinin müxtəlif dövrlərində bu münasibətin ağrı-acılarını yaşamışdır. Keçmiş sovetlər dövründə Azərbaycan dilini qorumaq üçün Ümummilli Lider böyük çətinliklərlə qarşılaşsa da, onun zəngin təcrübəsi, tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza dərindən bələd olması nəticəsində 1960-cı illərin sonlarından həyata keçirilən dil siyasəti tariximizdə mühüm hadisə olmuşdur. Heydər Əliyev 1978-ci il aprelin 21-də qəbul olunan Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsində böyük qətiyyət göstərmişdir. Sonralar o, həmin dövrü belə xatırlayırdı: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük".

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər zaman xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışırdı. Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara deyirdi: "Bizim hamımızın bir Vətəni var - bu Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır".

Soykökümüzə, tariximizə bağlılıq, adət-ənənələrimizə ehtiramla yanaşmaq, milli dəyərlərimizi qorumaq qədər onları yaşatmağı, gələcək nəsillərə ötürməyi, inkişaf etdirməyi də əhəmiyyətli hesab edən Heydər Əliyev gənclərimizin bu ruhda tərbiyə olunmasının vacibliyini önə çəkirdi. O, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığını böyük amil sayırdı: "Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik".

Ümummilli Lider dönə-dönə vurğulayırdı ki, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Ulu Öndər harada yaşamalarından asılı olmayaraq hər bir azərbaycanlıya xalqımıza xas adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi, azərbaycançılıq ideologiyasına sadiqliyi tövsiyə edirdi. 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
35
azerbaijan-news.az

1Mənbələr