AZ

Ermənistan yeni ilə yeni borclarla

Bu il, artıq 13 milyardı keçən borcun yalnız faizlərini ödəmək üçün büdcədən 1 milyard dollar ayrılıb

İkinci Qarabağ savaşındakı məğlubiyyətindən xeyli vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də özünə gələ bilmir. Ölkə sosial-iqtisadi, hərbi-siyasi böhran içərisində çabalayır. Nəticədə ermənilər arasında ölkənin gələcəyinə və öz hökumətinə qarşı ciddi inamsızlıq hökm sürür. Xüsusilə xarici dövlət borcları hər il artmaqda davam edir. Hətta dövlət borcu illik dövlət büdcəsini xeyli üstələyir. Ermənistanın hökumət borcu ilin əvvəlindən 10,7 faiz artaraq 13 milyard dolları ötüb. Rəsmi göstəricilərə görə, borcun strukturu belədir: xarici borc: 53,5 faiz, daxili borc: 46,5 faiz. Maliyyə Nazirliyi daxili borclanmanı daha üstün hesab etdiyini bildirsə də, rəsmi İrəvan xarici kreditlərə müraciət etməyə davam edir. Son məlumata əsasən, Ermənistan hökuməti Beynəlxalq Valyuta Fondundan təxminən 175 milyon dollarlıq yeni büdcə krediti üçün razılıq alıb. Ermənistan KİV-lərinə istinadən məlumata görə, maliyyə naziri Vahe Ovanisyan parlamentin maliyyə-kredit və büdcə məsələləri komissiyasında 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, ölkənin dövlət borcu 2027-2028-ci illərdə ÜDM-in 54 faizinə qədər artması gözlənilir. Ötən il 48 faiz olmuş bu göstəricinin gələn ilin sonunda 50,7 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu ilin sonunda hökumət borcunun 14,1 milyard ABŞ dolları həcmində olacağı (2024-cü ilin sonunda - 12,3 milyard dollar) gözlənilir.

Xatırladaq ki, fevralda Ermənistan hökuməti 750 milyon dollarlıq istiqraz yerləşdirdi – özü də olduqca baha şərtlərlə – 7,1 faizlə. Bütün bunlara baxmayaraq, ilkin elan edilən məbləğdən də yüz milyonlarla dollar artıq borc götürdülər. Artıq Paşinyan hökuməti borcun faizinə də baxmır – əsas odur ki, vəsait əldə olunsun və özlərinin maliyyə iştahlarını təmin etsinlər. Bu isə onu göstərir ki, hökumət borcu o qədər artırıb ki, onun xidmət xərcləri kommersiya kreditlərinin faizləri səviyyəsinə çatıb. Son üç ayda 211 milyon dollarlıq daxili borc da artıb və bu da ucuz deyil, bahalı pul hesabına baş verib.

Bu il, Ermənistanda yalnız borcun faizlərini ödəmək üçün büdcədən 1 milyard dollar ayrılıb. Bu, Ermənistan büdcəsi üçün olduqca böyük rəqəmdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu qədər borc götürülməsəydi, həmin vəsaitlə nə qədər sosial və iqtisadi problem həll oluna bilərdi. Paşinyan hakimiyyətə gəldikdən sonra dövlət borcunu 6 milyard 827 milyon dollar artırıb. Məlumatalara görə, hökumət borcu isə daha da çox – 6 milyard 913 milyon dollar artıb. Bundan əvvəl Ermənistanın dövlət borcu 6 milyard 754 milyon dollar, hökumət borcu isə 6 milyard 157 milyon dollar idi. Ermənistanın dövlət borcu 2 dəfə, hökumət borcu isə 2,1 dəfə artıb.

Qeyd edək ki, Ermənistanın əvvəlki 27-28 ilində bütün hökumətlər bir yerdə 6 milyard 157 milyon dollar borc götürmüşdülər. Təkcə Paşinyanın komandası isə cəmi 7 ildə bundan da çox – 6 milyard 913 milyon dollar borc yığıb. Yəni, əvvəlki 27 ilin göstəricisini 756 milyon dollar üstələyiblər. İnkişaf etmiş iqtisadiyyat qurmaq əvəzinə, borcları “inqilabi templə” artırıblar. Halbuki vaxtilə keçmiş hökumətləri Ermənistana borc bataqlığına salmaqda ittiham edirdilər. Guya ki, özləri borcun əleyhinə idilər və Ermənistanı borclardan xilas etməyə gəlmişdilər. Amma əslində isə qısa müddətdə Ermənistanı görünməmiş borc yükü altına saldılar. Bu 7 ildə hökumət borcunu 6,9 milyard dollardan çox artırıblar, amma iqtisadi nəticə sıfıra bərabərdir. Erməni səlahiyyətlilər qürurla deyirlər ki, ÜDM 10 milyard dollar artıb. Amma hətta heç nə etməsəydilər belə, təkcə borclar hesabına ÜDM-in 6,9 milyard dollar artması mümkündür. Ermənistanda bu qədər vəsait götürüb xərcləyiblər, amma iqtisadiyyatın potensialı bir millimetr belə irəli getməyib. Əvvəllər olduğu kimi, indi də 4-4,5 faiz artım səviyyəsində tapdanıb qalırlar. Bu isə o deməkdir ki, Ermənistanda bu vəsaitlərin heç bir iqtisadi effekti olmayıb. Boş yerə sərf olunub, büdcənin borc yükü artırılıb, amma yeni dəyər yaradılmayıb. Bu səbəbdən Paşinyan hökuməti hər il daha çox borc almağa məcbur olur ki, əvvəlkiləri qaytarsın. Erməni iqtisadçılar qeyd edirlər ki, bu yol Ermənistanı sonsuz borc spiralına salacaq. Borc vəsaiti iqtisadiyyatda işləməlidir ki, özünü geri qaytarsın. Amma işləmir. Əksinə, əlavə gəlir yaratmır, əksər hallarda büdcə üçün zərər gətirir. Əgər Ermənistanda bu pulları banklara depozit kimi qoysaydılar, heç nə etməsəydilər belə, yəqin ki, nəticə indikindən daha yaxşı olardı.

Sevinc Azadi, “İki sahil”

Seçilən
32
ikisahil.az

1Mənbələr