Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Türkmənistanın müasir siyasi tarixində 12 dekabr xüsusi bir mənaya malikdir. Məhz bu tarixdə 1995-ci ildə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Türkmənistana daimi bitərəflik statusu verilməsi haqqında qətnamə qəbul etdi. Bu qərar yalnız Türkmənistan üçün deyil, bütün region üçün yeni bir geosiyasi mühitin yaranmasına səbəb oldu. Bu gündən etibarən ölkədə Bitərəflik Günü dövlət səviyyəsində qeyd olunan bayramlar sırasında öz yerini tutdu. Bayramın mənəviyyatı dərin, siyasi çəkisi böyükdür. Çünki bitərəflik Türkmənistanın dövlətçilik fəlsəfəsini, sülhə bağlılığını və beynəlxalq siyasətdə sabit mövqeyini əks etdirir”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Cənubi Qafqazdan Orta Asiyaya uzanan mürəkkəb geosiyasi proseslər fonunda Türkmənistanın bitərəf mövqeyi həm dövlət təhlükəsizliyini, həm də regional sabitliyi gücləndirən mühüm amildir: “Bu status sayəsində ölkə, hərbi münaqişələrdən uzaq dayanır. Öz ərazisini hər hansı hərbi iştirakdan qoruyur və beynəlxalq siyasətdə balanslı tərəfdaş kimi çıxış edir”.
Nicat İsmayılov
“Bitərəflik Türkmənistanın sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyinin ən aydın göstəricisidir. Türkmənistan dünyada BMT tərəfindən rəsmi şəkildə daimi neytral kimi tanınan yeganə dövlətdir. Bu, ölkənin sülhsevər siyasətinə verilən beynəlxalq qiymət olmaqla yanaşı, həm də beynəlxalq hüquqi təminatların tətbiq olunması deməkdir. Qətnamənin qəbulu Türkmənistanın beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirdi.
Türkmənistanın bitərəf statusu onun diplomatik imkanlarını genişləndirib. Ölkə sülh danışıqlarına ev sahibliyi edə, münaqişə tərəfləri arasında etibarlı vasitəçi rolunda çıxış edə bilir. Bununla yanaşı, sabitlik və təhlükəsizlik iqtisadi mühitə də müsbət təsir göstərərək Türkmənistanı sərmayə üçün cəlbedici məkanlardan birinə çevirir.
Bitərəflik təkcə hərbi məsələlərdən kənarda dayanmaq deyil, həm də müdrik dövlət idarəçiliyinin təcəssümüdür. Türkmənistan bu statusla göstərir ki, sülh və sabitlik hərbi gücdən daha təsirli strateji alətlər ola bilər. Regionda baş verən dəyişikliklər fonunda ölkənin sabit siyasət xətti onun beynəlxalq nüfuzunu artırır”-deyə Nicat İsmayılov bildirib.
Nicat İsmayılov qeyd edib ki, 12 dekabr Türkmənistanın yalnız bitərəflik statusunun ildönümü deyil: “Bu tarix sülhün, əmin-amanlığın və qarşılıqlı əməkdaşlığın milli dəyər kimi qəbul edildiyi gün kimi yadda qalır. Bu bayram ölkənin gələcəyə doğru inamla addımladığını və sülhün strateji prioritet olaraq qorunduğunu göstərir”.
Politoloq vurğulayıb ki, Türkmənistanın bitərəflik siyasəti dünya miqyasında nadir nümunələrdən biridir: “BMT tərəfindən tanınan bu status ölkəyə həm siyasi sabitlik, həm diplomatik etibar, həm də təhlükəsiz inkişaf imkanı qazandırır. 12 dekabrda qeyd olunan Bitərəflik Günü bu strateji seçimin milli kimlikdə, dövlətçilik fəlsəfəsində və xalqın düşüncə tərzində necə möhkəm yer tutduğunun bariz sübutudur”.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.