Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Azərbaycan-Pakistan münasibətləri bu gün özünün ən yüksək mərhələsindədir. Bütün sahələrdə geniş əməkdaşlıq mövcuddur. İqtisadi, siyasi, hərbi, mədəni sahələrdə bu gün əlaqələrimiz yüksək xətt üzrə inkişaf edir. Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və ilk gündən də Azərbaycana qardaş münasibətindədir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, torpaqlarımız işğal altında olan dövrdə Pakistan daim Azərbaycanın haqlı mövqeyindən çıxış edib, hətta Ermənistanla səfirlik əlaqələri də qurmayıb və daimi olaraq Ermənistanın təcavüzkarlıq hərəkətlərini ən yüksək tribunalardan dilə gətirib: “Pakistanın baş nazirlərinin dəfələrlə Azərbaycana səfərləri, Azərbaycan prezidenti Cənab İlham Əliyevin Pakistana səfəri, eləcə də dövlət səviyyəsində nümayəndələrin qarşılıqlı səfərləri münasibətlərə daha geniş miqyasda önəm verib və bu da strateji bir tərəfdaşlığa çevrilib. Azərbaycanla Pakistan arasında iqtisadi-siyasi sahə ilə yanaşı, həm də hərbi sahədə sıx tərəfdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi, fikir mübadilələrinin aparılması və qarşılıqlı münasibətlər hər iki dövlətin milli mənafeyinə uyğundur. Bu, bizim və Pakistanın milli təhlükəsizliyinin təmin olunması baxımından çox vacibdir”.
Tahir Rzayev
“Bu gün Pakistan nüvə silahına malik olan bir dövlətdir. Müharibə dövründə Pakistan dövləti Azərbaycana daimi olaraq mənəvi dəstək oldu və bütün hallarda Azərbaycanın haqlı, ədalətli, ədalətli mübarizəsini dəstəklədi. Pakistanın dövlət rəhbərinin Azərbaycana son səfərləri, işğaldan azad olunmuş ərazilərə səfər etməsi və Azərbaycanın inkişafına işğaldan azad olunmuş ərazilərdə gedən bərpa, quruculuq, tikinti işlərinə yüksək dəyər verməsi qardaşlığın və dostluğun bariz nümunəsidir. Bu münasibətlər gündən günə genişlənir. Çünki Pakistan dövləti bir daha hiss edir ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edən dövlət olmaqla bərabər, həm də Azərbaycan prezidenti hər vaxt sülhün, müstəqilliyin, milli təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın tərəfdarıdır”-deyə Tahir Rzayev qeyd edib.
Tahir Rzayev vurğulayıb ki, Azərbaycan Pakistanın mövqeyini Kəşmir münaqişəsini daimi olaraq, Pakistanın mövqeyi baxımından müdafiə edir və dəstəkləyir: “İki dövlətin qarşılıqlı əməkdaşlığı sözsüz ki, iqtisadi inkişafa bərabər, həm də bu dövlətlərin və xalqların gələcək inkişafı üçün bir zəmanətdir. Bu gün Azərbaycan-Pakistan münasibətləri dünya ölkələri üçün bir örnək ola bilər. Çünki bu münasibətlər qarşılıqlı mənafelərə xidmət edir və hər iki xalqın inkişafına, vacib məsələlərin həllinə yönəldilmişdir”.
Xatırladaq ki, 12 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən tanınıb.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.