Bakı, 12 dekabr, Günel Alıyeva, AZƏRTAC
Mənim üçün belə bir konsertdə iştirak etmək böyük şərəfdir. Nazim Rzayev Azərbaycan mədəniyyət dünyasının görkəmli şəxsiyyəti, ölkə üçün çox iş görmüş insan idi. Buna görə də bu gün burada, xatirə gecəsində olmaq və onun irsinə ehtiram göstərmək xüsusilə vacibdir.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində dirijor Nazim Rzayevin 100 illiyinə həsr olunmuş yubiley konsertinin solisti, skripkaçı virtuoz Elvin Xoca Qəniyev bildirib.
Müsahibimizin sözlərinə görə, Nazim Rzayev tərəfindən yaradılmış kamera orkestri ilə eyni səhnədə çıxış etmək imkanı da onun üçün xüsusi əhəmiyyət daşıyır: “Bu, çox yüksək səviyyəli bir kollektivdir və mənim üçün onlarla eyni səhnəni bölüşmək vacibdir”.
Musiqiçi həmçinin qeyd edib ki, dirijor Əyyub Quliyev ilə hər zaman böyük ilhamla çalışır: “O, güclü musiqiçi, peşəkar dirijor və əla insandır. Onunla eyni yaradıcılıq prosesində olmaq mənə çox rahatdır”.
Nazim Rzayevin həyatından danışarkən Elvin Xoca Qəniyev ilk növbədə onun işə münasibətini qeyd edib: “Nazim Rzayev dayanmayan bir insan idi. O, musiqi, insanlar və ölkə naminə daim çalışırdı. O, ideyaları inkişaf etdirirdi, yeni imkanlar yaradırdı, peşəsinin sərhədlərini genişləndirirdi”, — deyə skripkaçı vurğulayıb.
Sənətkarın fikrincə, bu, gənclər üçün güclü bir örnəkdir: daxili ilham axtarmaq, məqsədə inanmaq, çətinliklərdən qorxmamaq, ideyaları nəticəyə çatdırmaq, daim öyrənmək, sınamaq, məsuliyyət götürmək və qarşıya qoyduğun hədəfləri cəsarətlə həyata keçirmək lazımdır.
Nazim Rzayevin hansı peşəkar və yaradıcılıq prinsiplərini davam etdirməyə çalışdığı barədə suala cavabında Elvin Xoca Qəniyev deyib: “Mən çalışıram özümə qarşı eyni dərəcədə intizamlı və tələbkar olum və daim yeni ilham mənbələri tapım. Mənim üçün çox vacibdir ki, mümkün qədər Azərbaycanı beynəlxalq səhnələrdə təmsil edim, ölkəmin adını layiqincə daşıyım və ən yüksək səviyyədə çıxış edim”.