Bakı, 12 dekabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev Azərbaycan üçün fundamental strateji yol seçmiş, müxtəlif sahələrdə möhkəm baza yaratmışdır. Ümummilli Liderin əsasını qoyduğu siyasət Azərbaycanı güclü dövlətə çevirib. Prezident İlham Əliyev onun strategiyasını uğurla davam etdirir. Dünyanın müxtəlif ölkələrində Azərbaycan dövlətinin inkişaf modeli təqdir olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədov bildirib.
Ulu Öndərlə bağlı xatirələrini bölüşən M.Məmmədov deyib: “1992-ci il dekabrın 8-də Naxçıvan Dövlət Universitetində beynəlxalq konfrans təşkil etdik. Ulu Öndər konfransda iştirak etdi. Orada Ulu Öndərdən xahiş etdim ki, məni qəbul etsin - o vaxt Gürcüstanda yaşayan azərbaycanlıların deportasiyası problemi var idi. Elə həmin gün saat 22:00-da Heydər Əliyev məni qəbul etdi. İki saata yaxın geniş müzakirə apardıq. Mən ona Gürcüstandakı soydaşlarımızın vəziyyəti, sosial və iqtisadi durumu haqqında məlumat verdim. Müzakirələrdən sonra Ulu Öndər Gürcüstan Prezidentinə zəng etdi və bildirdi ki, azərbaycanlılar orada saxlanılmalıdır. Tam səmimiyyətlə deyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlıların rifahı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün onların vəziyyəti çox yaxşıdır. Bu, Ulu Öndərin strategiyasının və Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir”.