AZ

Pedaqoji Universitetdə Ümummilli Liderin anım gününə həsr edilmiş silsilə tədbirlər keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fakültə, filial və strukturlarında Ümummilli Lider Heydər Əliyevin anım günü geniş tədbirlərlə qeyd edilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

Magistratura və doktorantura şöbəsində təşkil edilən tədbirdə çıxış edən şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov bildirib ki, Ümummilli Lider Heydər Əliyev həm sovet dövründə (1969–1982), həm də müstəqillik illərində (1993–2003) mürəkkəb tarixi şəraitə baxmayaraq, ölkəmizin bütün sahələr üzrə davamlı inkişafını təmin edən genişmiqyaslı islahatlar həyata keçirib. Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf xətti, sosial-iqtisadi, hərbi-strateji, daxili və xarici siyasətə dair konsepsiyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz həmin ideyalar və konseptual yanaşmalar müasir Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlərin, o cümlədən öz torpaqlarını azad etmiş qüdrətli dövlət kimi dünya tarixində mövqeyini möhkəmləndirməsinin əsasını təşkil edir. Ümummilli Liderin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim ehtiramla anılacaq.

Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının professoru Mübariz Əmirov “XXI əsrin fenomen şəxsiyyəti” mövzusunda məruzəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, nümunəvi şəxsiyyət kimi inkişafından, Azərbaycan xalqı üçün gördüyü əvəzsiz işlərin əhəmiyyətindən danışıb.

Sonra şöbənin magistrantları “Heydər Əliyev – dilimizin xilaskarı”, “Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ali təhsil sahəsindəki nailiyyətlər”, “Heydər Əliyev və gənclər siyasəti ”, “AMEA-nın inkişafında Heydər Əliyevin rolu” mövzularında təqdimatla çıxış ediblər.

Məktəbəqədər təhsil fakültəsinin Tələbə Həmkarlar İttifaqları Komitəsinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültə dekanı dosent Nailə Hüseynova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması, təhsilin inkişafı və gənclərin hərtərəfli yetişdirilməsi istiqamətində tarixi xidmətlərindən söz açıb. O bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sektorunda da əsas istiqamətverici xətt olaraq qalır.

Tədbir zamanı tələbələr Ulu Öndərin zəngin həyat yolu və dövlətçilik fəaliyyəti haqqında geniş təqdimat ediblər.

Çıxışlarda Ulu Öndərin Azərbaycanın müasir inkişafında oynadığı misilsiz rol, həmçinin Heydər Əliyevin vətənpərvərliyi, xalqına bağlılığı və Azərbaycan tarixində iz qoymuş siyasi irsi barədə söz açılıb. Tədbir tələbələrin ifasında şeir və çıxışlarla davam edib.

Ulu Öndərin anım günü ilə əlaqədar Şəki filialında silsilə tədbirlər keçirilib. Filial əməkdaşlarının və tələbələrinin Şəki Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunub. Ekskursiyada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs edilib.

Dekabrın 12-də filialın kollektivi Ulu Öndərin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Seçilən
27
azertag.az

1Mənbələr