AZ

“Siyasətin fəlsəfəsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” - Bu adda yeni monoqrafiyanın təqdimatı olub

Dekabrın 12-də AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayevanın “Siyasətin fəlsəfəsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” adlı yeni monoqrafiyasının təqdimatı keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra çıxış edən kitabın müəllifi Roida Rzayeva bildirib ki, nəşr şəbəkə sosiallığı və rəqəmsallaşma dövründə siyasət, ideologiya və medianın fənlərarası təhlilinə həsr olunub. Kitab “tətbiqi” və “nəzəri” bölmələrdən ibarətdir və hər iki hissədə müasir siyasi proseslərin müxtəlif aspektləri geniş şəkildə araşdırılır.

Müəllif vurğulayıb ki, monoqrafiyanın tətbiqi hissəsində dövlət idarəçiliyi, ideologiya, media, informasiya müharibələri, kiber-simulyakrlar, posthəqiqət, kibertəhlükəsizlik, onlayn siyasi səfərbərlik, yeni epistemoloji paradiqmalar, rəqəmsal diplomatiya, media mədəniyyəti və yumşaq güc kimi aktual mövzular təhlil edilir.

“Nəzəri hissədə isə modernləşmə, elitalar, postmodern proseslər, qloballaşma, beynəlxalq münasibətlər, multikulturalizm və dialoq fəlsəfəsi kimi istiqamətlər araşdırılır. Nəşr müasir siyasət, siyasi sosiologiya, siyasi psixologiya, dövlət idarəçiliyi, geosiyasət və medialogiya sahələrinə maraq göstərən mütəxəssislər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitab ali təhsil müəssisələri üçün dərs vəsaiti kimi də istifadə oluna bilər. Monoqrafiya, həmçinin müəllifin postmodernlik, multikulturalizm və müasirliyin çağırışları mövzularında apardığı uzunmüddətli araşdırmaların davamı olmaqla yanaşı, əvvəlki elmi əsərlərində irəli sürdüyü ideyaları daha da inkişaf etdirən müstəqil tədqiqat kimi dəyərləndirilir", - deyə R.Rzayeva əlavə edib.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov kitabda əks olunan məsələlərin günün aktual mövzularını əhatə etdiyini bildirib. Onun sözlərinə görə, bu kimi nəşrlərin dərc olunması cəmiyyətin potensial mənfi çağırışlara hazır olması baxımından mühüm əhəmiyyət daşıyır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Gülşən Paşayeva qeyd edib ki, kitabda qaldırılan məsələlər müasir dövrün yeni tendensiyaları ilə səsləşir və insan cəmiyyətinin yeni mərhələyə keçidini ifadə edir.

UNEC-in Elm Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev nəşrin ayrı-ayrı bölmələrinin əhəmiyyətinə toxunaraq kitabın elmi dəyərini yüksək qiymətləndirib.

Filosof, AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli,Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdirləri Əfqan Vəliyev, İlyas Hüseynov və digər çıxış edənlər də kitabın çox oxunaqlı, lakonik və sadə dildə yazıldığını qeyd ediblər. Vurğulanıb ki, kitabın nəzəri və praktiki hissədən ibarət olması, onun əhəmiyyətini artıran amillərdir.

Qeyd edək ki, müəllifin “The Challenges of Contemporaneity: Postmodernity and Multiculturalism” (Müasirliyin çağırışları: postmodernlik və multikulturalizm) adlı monoqrafiyası dünyanın nüfuzlu “Springer” nəşriyyatında çap olunub. R.Rzayevanın digər elmi araşdırmaları da diqqətəlayiqdir. Onun “Постмодерн и мультикультурализм: междисциплинарный дискурс” (Bakı, 2015), “Незападная современность в дискурсе постмодерна и культурной полифонии” (Bakı, 2015) və “Rus və Azərbaycan konyaklarında Türk modernləşməsi” (Ankara, 2012) adlı monoqrafiyaları, həmçinin “Complex Migration of Global Citizens” (Oxford, 2014) kitabındakı “Multiculturalism as Plural Modernities” fəsli, “Interdisciplinary Perspectives on Social Sciences” (Cambridge Scholars Publishing, 2014) nəşrində yer alan “Alternative Modernisms in the Discourse on Postmodern” fəsli və müəllifin müasirliyin çağırışlarına həsr etdiyi 180-dən çox nəşri onun geniş tədqiqat fəaliyyətini əks etdirir.

Xatırladaq ki, Roida Rzayeva Harvard Universiteti Kennedi Dövlət İdarəetmə Məktəbinin “İdarəçiliyin həyata keçirilməsi: əsas prinsiplər” adlı xüsusi proqramının məzunudur. O, dəyişən müasirlik və siyasətin postklassik mənzərəsi mövzusunda məruzələrini Oksford və Kembric universitetlərində keçirilən beynəlxalq konfranslarda təqdim edib. Onun elmi nəticələri və siyasi paradiqmaların təhlilinə dair tezisləri həm ölkə daxilində, həm də İspaniya, Böyük Britaniya, İtaliya, Fransa, Cənubi Koreya, Yunanıstan, Avstriya, Türkiyə, Rusiya, Litva, Kipr, Belarus, Gürcüstan və digər ölkələrdə keçirilən yüzdən artıq beynəlxalq konfransda müzakirə olunub.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
14
ikisahil.az

1Mənbələr