Afsəddin Nəbiyev: “Ermənilərin qayıdış haqqında iddiaları daxili işə qarışmaqdır”
Qarabağın keçmiş "baş separatçısı" Azərbaycana qayıtmaq hüquqları uğrunda mübarizəni davam etdirəcəklərini deyir. Özünü “Qarabağın prezidenti vəzifəsini icra edən” şəxs kimi təqdim edən Aşot Danielyan bildirib:
“Əsas məqsədimiz Qarabağ ermənilərinin qayıtması, orada təhlükəsiz yaşaması, gələcək siyasi statusunu öz müqəddəratını təyinetmə əsasında müəyyən etmək hüquqlarını reallaşdırmaqdır”. Dinləmələrə müxalif siyasətçilər, ictimai fiqurlar qatılıb.
Bütün bunlar o fonda baş verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan qaçqınların qayıdışı mövzusunu sülh prosesinə təhlükə saydığını bildirib. Bu fonda Nikol Paşinyan Bakıya birgə şəkildə yol xəritəsi hazırlamağı və bununla paralel olaraq Qarabağ məsələsini bağlamağı təklif edir. Azərbaycanın Xarici İşlər Nazirliyinin son bəyanatını şərh edərkən Paşinyan bildirib: “Deyirəm, gəlin oturaq, tədbirlərin yol xəritəsini hazırlayaq ki, bu mövzunu necə gündəmdən çıxarmağı anlayaq. Bu mövzunun gündəmdən çıxarılması uzunmüddətli perspektivdə istənilən münaqişə vəziyyətinin istisna olunması deməkdir”.
Paşinyanın sözlərinə görə, bu həssas mövzudur. Bununla belə o, Qərbi Azərbaycan narrativini qəbul etmir: “Əgər biz bir-birimizin ərazi bütövlüyünü tanımışıqsa, deməli, bunu tam şəkildə həyata keçirməliyik. Mən yolu belə görürəm”.
Maraqlıdır, Paşinyanın belə yol xəritəsi üzərində müzakirə açmaqda hansı pərdəarxası maraqları ola bilər?
“Paşinyan diqqəti Azərbaycanın gücləndirdiyi Qərbi Azərbaycan mövzusundan yayındırmağa çalışır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Paşinyanın Bakıya ünvanladığı "Qarabağ məsələsini gündəmdən çıxarmaq" məqsədi daşıyan birgə "yol xəritəsi" hazırlamaq təklifi, bir neçə qatlı siyasi və daxili maraqları əks etdirir: “Bu təklif həm beynəlxalq, həm də daxili siyasət müstəvisində Paşinyanın mövqeyini möhkəmləndirmək cəhdidir. Paşinyanın "yol xəritəsi" təklifi İrəvanda toplaşan və "Qarabağın prezidenti vəzifəsini icra edən" Aşot Danielyan kimi keçmiş separatçıların ritorikasına birbaşa cavabdır. Paşinyan bu qüvvələrin ritorikasını Qarabağ ermənilərinin qayıdışı və siyasi statusu "sülh prosesinə təhlükə" adlandırır. Yol xəritəsi ilə o, bu mövzunu rəsmən bağlamaq, beləliklə də separatçıların və müxalifətin daxili siyasətdə istismar edə biləcəyi əsas aləti əlindən almaq istəyir. Seçkilərin yaxınlaşması fonunda, Paşinyan özünü Ermənistanın yeganə sülh və stabillik təminatçısı kimi təqdim etməyə çalışır. Yol xəritəsi təklifi beynəlxalq ictimaiyyətə və daxili elektorata "münaqişə vəziyyətinin istisna olunması" üçün konkret addımlar atdığı mesajını verir. Separatçıların fəaliyyəti isə onun sülh gündəliyinə maneə kimi göstərilir. Bu da onların kənar qüvvələr tərəfindən idarə edilməsi ehtimalını gücləndirir. Paşinyan Qərb paytaxtlarında sülhə sadiq bir lider imici yaratmaqda maraqlıdır. "Yol xəritəsi" təklifi onun konstruktiv yanaşmasını və Azərbaycana inteqrasiyanı qəbul etmək istəyini göstərir. Bu, Ermənistanın Rusiya təsirindən uzaqlaşaraq Qərblə əlaqələrini gücləndirməsi üçün vacibdir. Paşinyan yaxşı anlayır ki, sülh gündəliyinə sadiqlik nümayiş etdirməmək Ermənistanın beynəlxalq müstəvidə təcrid olunmasına və mövcudluğunun sual altına düşməsinə səbəb ola bilər. Ən əsası, Paşinyan Azərbaycanla razılaşdırılmış bir sənədin - yol xəritəsinin imzalanması ilə gələcək təhlükəsizlik qarantiyalarını təmin etməyə ümid edir. Qarabağ mövzusunun rəsmən bağlanması Paşinyanın qəbul etdiyi real həqiqətdir. Paşinyanın "Əgər biz bir-birimizin ərazi bütövlüyünü tanımışıqsa, deməli, bunu tam şəkildə həyata keçirməliyik" ifadəsi onun təməl məqsədini göstərir, tanınmış sərhədlər çərçivəsində sülhün təmin edilməsi beynəlxalq hüquqa söykənən əsas faktordur. Paşinyan Qarabağ məsələsini bağlamaqla, diqqəti Azərbaycanıngücləndirdiyi Qərbi Azərbaycanmövzusundan yayındırmağa çalışır. O düşünür ki, Qarabağın qeyd-şərtsiz Azərbaycanın suverenliyinə tam inteqrasiyasını qəbul etməklə, Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə qarşı iddialarını, yəni Qərbi Azərbaycan mövzusunu gündəmdən çıxarmaq üçün zəmin yaratmış olar. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və aydın olaraq ifadə edilib. Belə demək mümkündürsə, hazırda vəziyyət bərabərləşib. Azərbaycan da qalib dövlət olduğu üçün şərtləri diqtə edən tərəf olmalıdır. Qarabağ məsələsi artıq tarixdir. 2023-cü ilin sentyabr ayında aparılan antiterror tədbirlərindən sonra Azərbaycan öz suverenliyini tam bərpa edib. Ermənilər könüllü olaraq ərazini tərk etdilər. Azərbaycan dəfələrlə onlara silahları təhvil verib Azərbaycan vətəndaşlığını qəbul edərək dinc şəkildə yaşamağı təklif etmişdi. Onların bu yolu seçməsi rəhbərlik etdikləri separatçı rejimin dağılmasının məntiqi nəticəsidir. Ermənilərin qayıdış haqqında iddiaları daxili işə qarışmaqdır. Aşot Danielyan kimi keçmiş separatçıların qayıdış və status barədə iddiaları Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir. Azərbaycanın Qarabağdakı erməni sakinlərinə münasibəti yalnız Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində müəyyən edilir. Paşinyanın yol xəritəsi təklifi müəyyən mənada Azərbaycanın bu məsələnin həll olunduğuna dair beynəlxalq təsdiqini almaq üçün bir fürsətdir. Lakin bu təklif Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü mübahisələndirəbilməz. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini qəti olaraq təmin edib. Hər hansı bir yol xəritəsi yalnız sülh müqaviləsinin imzalanmasına və sərhədlərin delimitasiyasına fokuslanmalı, Qarabağ ermənilərinin "qayıdış uğrunda mübarizəsi" kimi qeyri-konstruktiv mövzuları dərhal və qeyd-şərtsiz olaraq gündəmdən çıxarmalıdır”.
Vidadi ORDAHALLI